“Aslanlar bölüyü”nün komandiri, “Naxçıvan canavarı” ləqəbli qəhrəman - FOTOLAR

A- A A+

Bir-birinə aid olanları aralamaq olar, amma ayırmaq olmaz. Hər şey bir gün mütləq aid olduğuna qovuşur. Azərbaycanın əbədi, əzəli torpağı olan Qarabağı da bizdən ayırdıqlarını düşündülər, yanıldılar... Qarabağ, nə olur, olsun, öz anasına qovuşmalı idi, başqa cür mümkün deyildi. 

Nəhayət, 27 sentyabr 2020-ci ildə II Qarabağ müharibəsinin başlanması ilə 44 gün ərzindəAzərbaycan əsgəri Qarabağımızı bizə geri qaytardı. Bütün dünya Azərbaycan əsgərinin gücünü, qüvvətini gördü. Onlar Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazdılar. Bu səhifələrin altında şəhidleytenant Vəli Quliyevin də imzası var. O, 20 iyul 1997-ci ildə Culfa rayonunun Qazançı kəndində doğulmuş, əvvəl kənd məktəbində, sonra isə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbində təhsil almışdır. Uşaq yaşlarından hərbiyə marağı olan Vəli Heydər Əliyev adına Hərbi Liseyin məzunudur. O, işğal altında olan bir neçə kəndlərimizin işğaldan azad olunması uğrunda qəhrəmancasına vuruşub, “Aslanlar bölüyü” adlanan 14-cü bölüyün komandiri vəzifəsini yerinə yetirib. İgidliyi, mərdliyi, gözəl xarakteri ilə bütün əsgərlərin könlündə taxt quran komandir vəzifəsinin öhdəsindən uğurla gəlib. Həmin bölüyün əsgərlərindən biri qızğın döyüşlərdə yaralanır, Vəli Quliyev onu kilometrlərlə çiyinlərində daşıyır. Ağrılı, yorğun bir səs yavaş-yavaş pıçıldayır: “Burax məni, komandir, onsuz da ölürəm...” Komandir əsgərini buraxardımı heç? Axı o, ölümə yox, həyata inanırdı... Çiyinlərində yaralı əsgər, dodaqlarında dua, gözlərində dərin bir kədərin içindən parıldayan ümid işığı... Təngnəfəs olmuşdu, yorulmuşdu, dumanda, çiskində boğula-boğula qalmışdı, dizləri tez-tez bükülürdü, amma hər şeyə rəğmən, sona qədər getməyi bacardı. Budur, komandir yaralı əsgərinə öz əlləri ilə su verir, onu bağrına basır, sonra xəstəxanaya yola salır. Həmin əsgər indi sağdır. Komandir bir az da onda yaşayır... Şəhid olmağından 1-2 gün əvvəl Vəli boynundan yaralanır, onu xəstəxanaya aparmaq istəyirlər, lakin buna imkan vermir, yarasını sarıyıb döyüşlərə davam edir. “Bilirdim ki, mənim oğlum durmaz, mənim oğlum dayanmaz”. Bəli, dayanmadı, son ana, son nəfəsə qədər qəhrəmanlıqla vuruşdu. Görünür, Vəlinin ürəyindəki Vətən sevgisi canındakı ağrıdan da çox imiş. O sevgi var e, o sevgi... Dünyada ondan böyük heç nə yoxdur! Vəlinin qan axan yarasını da o sevgi sarıdı, o sevgi əllərindən tutub ayağa qaldırdı onu... Bu əzəmət səndə haradandır, Cənab Leytenant? Ətrafında böyüdüyün Əlincə qalasındanmı aldın gücünü? Yoxsa hərşeyi damarındakı Qorqud qanına borcluyuq?! Danış, danış, bilək, bu torpağın havasını hər dəfə ciyərlərinə çəkəndə sevgisini də ürəyinə çəkən adam. O, öz işini sevgi ilə, məsuliyyətlə görüb, heç vaxt uğurlarını, qəhrəmanlığını böyütməyib. O ancaq uğur qazana bilərdi, qəhrəmanlıq edə bilərdi, başqa cür mümkün deyildi, ona görə də etdikləri özünə qəribə gəlməyib. Anası Həqiqət xanım deyir ki, bir gün Vəliyə sual verdim: “Bəs sənin niyə heç diplomların, fəxri fərmanların yoxdur?” Dedi ki, ana, onlardan məndə bir aləm var, gələndə gətirərəm, baxarsan... Vəli aldığı əməkhaqqısını tabeçiliyində olan əsgərlərin ehtiyaclarına sərf edirdi, axı onlar da orada bir ailə idi... Amalı, məqsədi bir olan, yumruq kimi birləşən bir ailə. Hamısının bir evi var idi – Vətən! Döşəyi torpaq, yorğanı göy üzü olan adamlar... Birlikdə islandılar, birlikdə üşüdülər, birlikdə isindilər. Birinin canı ağrısa, bütün ürəklərdə hiss edilirdi, ya hamısı yaxşı olurdu, ya da heç biri...

Mənfur düşmənlər işğaldan azad olunan və strateji mövqedə yerləşən kəndlərimizdən birini qaytarmaq üçün dörd dəfə əks-hücum ediblər, üçündə Vəli əsgərləri ilə birlikdə düşməni geri çəkilməyə məcbur edib, özü də sağ qalıb. Lakin dördüncü döyüş...Müharibənin ən qızğın vaxtında gedən həmin döyüşdə leytenant Vəli Quliyev sağ qala bilmədi... Qanından, canından keçdi, amma bir qarış da olsa, Vətən torpağından keçmədi, bir addım belə geriyə çəkilmədi. Onlar düşmənə o qədər qan uddurublar ki, düşmən hətta onların nəşini belə ələ keçirmək istəyib, bütün mənasız, uğursuz addımları kimi bu addımları da puç olub. 

Şəhid Vəli Quliyevin Naxçıvana gətirildiyi o gün... Anası bir vaxt bətnində daşıdığı oğlunu indi çiyinlərində daşıyır, dünyanın ən ağır yükünü daşıyarkən belə başı necə də dikdir, İlahi! Baxanda bilirsən ki, bu qəhrəman ana dünyaya ancaq qəhrəman oğul gətirə bilərdi! “O tək mənim oğlum deyil ki, həm də elin oğludur, Azərbaycanın oğludur!” El öz oğlunu bağrına basdı o gün. Hamı Vəlinin qardaşı, atası, anası, bacısı oldu... Necə ifadə edəsən o ağrını, o qüruru, o qarışıq, adsız hissləri? Anasının dik dayanmış başı, atasının qürurlu duruşu, bir də ağarmış saçı, dolmuş gözləri... Onlar qurula biləcək bütün cümlələrdən çox şey danışıb əslində. Anası oğlunu tez-tez yuxuda görürmüş: “Görürdüm ki, kənddəyik, Vəli gedir, amma qayıtmır, qayıtmır...” O, heç nəyi sonraya saxlamayıb, etmək istədiyi şeyləri gecikdirməyib, keçən hər saniyənin səsini iliklərinə qədər hiss edib. Bəlkə də, özü də tez gedəcəyini, o müqəddəs uzaqlıqların onu da gözlədiyini bilirmiş... İzlədiyim bir videoda döyüş yoldaşı öz arzularını danışır: “Biz torpaqlarımızı geri qaytaracağıq, Vəlinin də toyu olacaq, o, ailə quracaq, ata olacaq...” Vəli də elə ürəkdən “amin” deyir ki... Təəssüf, Vəlinin toyu olmayacaq, o toyda mahnılarsəslənə bilməyəcək, amma ən böyük arzusu gerçəkləşib - Qarabağın hər qarışında Azərbaycanın himni səsləndikcə Vəlinin və Vətən uğrunda savaşan hər əsgərin nəfəsi himnimizin notlarına qarışır.

Vəlinin anası Həqiqət xanım danışır: “O, o qədər yaxşı insan idi ki, bir dəfə də görmədik, qardaşı ilə dalaşsın, “ah” desin, “uf” desin... Görmədik. İşinə sevgisi, məsuliyyəti, insanlarla münasibəti, etdiyi yaxşılıqlar... Hər şey o qədər yerli-yerində, o qədər gözəl idi ki, bunun bir sonu olacağını bilirdim...” Həqiqətən, eləmi olur, görəsən? Çox yaxşı insanlar dünyaya möcüzə kimi gəlib, qısa bir zamanda gedirlərmi? Bəlkə də, dünyanın bu qədər yaxşılığa dözümü yoxdur - bilmirəm... Sadəcə onu bilirəm ki, Vəli üçün savaşda həyat ölümə, Göy üzü Yer üzünə qalib gəldi. O təkcə mənfur düşmənləri deyil, həm də ölümü öldürdü. Ölümsüzlüyün üfüqlərində əbədiləşdi. Anası deyir: “O, əzginliyi, sızıltını sevmirdi. Bir dəfə zəng edəndə ağladım, ağlamamağımı tapşırıb beş dəqiqə sonra yenə zəng etdi. Dedi ki, Ana, ağlama, mən ermənidən qorxmuram, sənin göz yaşlarından qorxuram... İndi hər dəfə məzarına gedəndə ağlamamağa çalışıram, bilirəm ki, o, məni görür... O getməyib ki, o, hər yerdədir. Demişdi ki, Ana, sənin başını uca edəcəyəm, etdi də. Həmişə belə oğul böyütdüyüm üçün Allaha şükür edirəm. Mən ona haqqımı hələ sağlığında halal etmişdim. Mənim oğlum ölməyib ki, nə vaxt unudulsa, onda ölər”. Şəhidlər unudularmı, ölərmi heç? Hər dəfə o torpaqlara ayaq basanda əvvəlcə səbəbkarlara minnətdar olacağıq. 

Şəhidlərin ölümündən həyat doğulur. Onlar qanları ilə nə qədər torpağa, gülə, çiçəyə can verdilər. Həsrətin nəfəsini əbədilik kəsib vüsala, ölümü öldürüb ölümsüzlüyə can verdilər. Vəli Quliyev kimi nə qədər qəhrəmanlarımız şəhid oldu. Cibindəki sevgi şeirləri qırmızıya boyanan kim, şəhid dostunun son nəfəsində başı üstündən iki ağ göyərçinin uçduğunu görən kim, mərmilərdə çiçəklər açdıran kim, son nəfəsini “qızım” deyə-deyə verən kim... Hər əsgərin taleyi bir hekayədir - yarasına duz tökülənlər, əsir düşənlər, işgəncə görənlər, şəhid qardaşlarını çiyinlərində daşıyanlar, ağrıların ən dözülməzini çəkənlər... 

Hərdən düşünürəm ki, biz müharibə haqqında çox az şey bilirik. Əsgərlərimizin yaşadıqlarını, qəhrəmanlıqlarını eşidəndə dilimdə sadəcə üç kəlmə olur – “Haqqınızı halal edin”. Nə qədər ürəklər yandı, nə qədər canlar ağrıdı, kimisi gözünü itirdi, kimisi ayağını, kimisi danışıq qabiliyyətini... Amma heç biri Vətən torpağından bir qarış belə itirmədi. 

Əvvəllər elə bilirdim ki, dünyadakı ən böyük sevgi qadınla kişinin bir-birinə olan sevgisidir. Hər şeyi gözə alıb həyat yoldaşını qürurla, sevgiylə cəbhəyə yola salan, yeri gəlsə, özləri də getməyə, ölməyə, öldürməyə və ən əsası, doğmalarını itirməyə hazır olan Azərbaycan qadınlarını görəndə anladım ki, bu dünyada Vətən sevgisindən böyük, ondan müqəddəs heç nə yoxdur! Bəzi yaraların heç vaxt sağalmayacağını, ömürboyu sızıldayacağını bilirəm. Bəzi boşluqların yeri də heç vaxt dolmayacaq. Amma mənim xalqım ağrısından, acısından belə qürur duyur. Gözlərindən yaş axanda da başı dik dayanır. Biz anamızın, atamızın övladıyıq, amma onlarla birlikdə hər şeydən öncə Azərbaycanın övladıyıq. Bir az əşyalardan, bir az şəkillərdən, bir az da tanış adamlardan toplayacağıq şəhidlərin parçalarını... Kimisi bayrağa sarılacaq, kimisi də torpağa. Amma hamımızın bir ümidi, bir inamı var: ruhu şad olan, ay ömürlü, ulduz ömürlü adamlar göy üzündən həmişə bizə baxırlar, üçrəngli bayrağımızın bu torpağın hər qarışında dalğalandığını görüb gülümsəyirlər. 

Gülay Tahirli
“Arazın səsi”qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: