Payızın nağılı - FOTOLAR

A- A A+

Payız rəssamın hələ çəkmədiyi, amma çəkmək arzusunda olduğu bir tablodur. Payız bəstəkarın hələ yazmadığı həzin bir musiqi, şairin hələ qələmə almadığı şeirdir. Həyatla ölümün, başlanğıclarla sonun qarşılaşmasıdır payız. Qışın çox sərt soyuğu ilə isti və bürkülü yayın tən ortasında ilk payız küləyi ilə həyat yenidən başlayır.

Havanın kifayət qədər sərin, günəşin isə üzünü öpərək səni oyandırdığı ideal payız günlərindən biri idi... Günəşin öləziyən şüalarının torpağı isitməyə gücü çatmırdı artıq. Yay fəslinin yandırıcı günəş şüalarını payızın ilıq, məstedici günəşi əvəz etmişdi. Meşənin kənarındakı qoca palıd payız günəşinin şəfəqləri altında isinərək həzin bir halda cırıldayıb, uzunmüddətli qış yuxusu barəsində fikrə getmişdi. Payız qoca palıda həyat deyilən ömür yolundan bəzi məqamları xatırladırdı indi. Hər payız fəslində ağacdan düşən yarpaq ömür ağacından da bir yarpaq düşdüyünü xatırladırdı. Budağından ayrılan hər yarpaq düşməyə məhkumdur, payız isə bu ayrılığa bəhanədir.

Yüzillik budaqlarını yaşıl mamır yorğanına bürümüş qoca palıd payızın səhvsiz bir səsi var deyə düşünür; yerə əlvan xalılar kimi döşənmiş yarpaqların xışıltısı. Xəzanın sarı, qırmızı rəngləri arasında təzə-tər otların göz oxşayan yaşıllığı payız günlərini bir qədər də ətirli yaz günlərinə bənzədirdi.

Yazın güllü-çiçəkli yaşıllığını, ətirli havasını, quşların havada qanad süzüb, cəh-cəh vurduğu, budaqlarında yuvalarını qurduğu, yayın isti günlərində meşə sakinlərinin və insanların geniş çətiri altında kölgələnib istirahət etdiyi zamanları yadına salırdı müdrik palıd. Budaqlarındakı yuvalarında günəşdən, küləkdən, yağışdan. yırtıcılardan qoruduğu, böyüməyinə şahidlik etdiyi quşlar lap çoxdan yuvadan uçmuşdular. İndi meşə sakinləri də onun həndəvərində az-az görünürdülər. İnsanlar isə çoxdandır ki bu tərəflərə gəlmirdi. Yəqin ki, payız hər kəsin əl-ayağını kəsmişdi meşədən...

Dünya yola salan qoca palıdın gözü yolda qalıb, tənhalaşıbdı indi. Sərt daşlara dəyib köpüklənərək gurhagurla axan dağ çayının nəğməsini dinləyir bu təhalıqda. Çayın aram səsi budaqları arasından axıb keçdiyi meşəyə son payız nəğməsini oxuyur. Bu səs həm də təbiəti qış yuxusuna səsləyən payızın laylasıdır elə bil ki. Həm də bu çay içindən axıb keçdiyi meşəyə və elə qoca palıdın özünə gördüklərindən, eşitdiklərindən, şahidi olduqlarından danışır, dünyanın gərdişindən söhbət açır. Yayın istisində də, qışın soyuğunda da öz axarını davam etdirən bu çay qoca palıdın əsrlik yol yoldaşıdır. Gözünü günəşin işığına açanda onu burda səs-küylə axan görüb.

Palıdın başı ərşə dayanan qocaman budaqlarındakı qozalar artıq yetişib torpaqla qovuşmağa tələsir. Alma, armud, alça, itburnu, yemişan meyvələri isə qızaran yarpaqlar arasından düşən günəş şüaları ilə bərq vuraraq meşə sakinlərini özünə səsləyir və onların qışlıq azuqəsinə çevrilir. Budaqlarına ağırlıq edib torpağa düşən dadlı, şirin meyvələri görən qoca palıd düşünür ki, yəqin meşə sakinləri buna görə onun həndəvərində çox görünmür. Amma onun qozalarını torpaq altında qazıdıqları yuvaya daşıyan meşə sakinləri heç də az deyil. Bu, palıda bir az təsəlli olur, özünü daha yararlı hiss edirdi.

Torpaq yavaş-yavaş sarı, qızılı xalıya bürünür. Mamır bağlamış çürük kötüyün yaxınlığında artıq payız xəzanından yorğan da var. Gah yağan yağışlar yuyur bu xalını, gah da qışdan xəbər verən soyuq küləklər darayır. Soyuq payız küləkləri əsdikcə, qocaman ağacların yarpaqları titrədi. Payızın soyuğundan bir palıd ağacına sığınan yarpaqlar yüzlərlə kəpənək qanadları kimi çırpınırdı. Payızın hökmüylə əsən şiddətli payız küləkləri ağacların son bəzəyini də - qurumuş, yüngül yarpaqları da qoparıb havada hərlədərək yaş torpağın üstünə sərir. Torpaq verdiyini geri alır, ağaclar bir yaş da qocalır. Küləklə budağından ayrılan hər qurumuş yarpaq isə kölgəsini itirmiş ağacla bir ayrılıq sevdası yaşayır.  

Qışın xəbərçisi olan payız düşündürür qoca palıdı. Çünki payız ana təbiəti dəyişirdi. Payız günəşinin şəfəqləri ilə yarpaqlar rənglərini əlvanlaşdırıb. Müdrik palıd bu mənzərəni hər il seyr edirdi. Hər yaz meşənin yenidən yaşıllaşmasına, canlanmasına,  həyatın yenidən başlamasına, hər payız quruyub xəzəl olmasına şahidlik edirdi. Amma yenə də kədərlənirdi. Sanki bu tənhalıq, səssizlik sıxırdı onu. Payız özünün son nəğməsini zümzümə edirdi. Hardaysa buludlar ağlayırdı payızın son zümzüməsinə. Qara buludların göz yaşlarında çətirsiz ağaclar hər gün yuyunurdu.

Günəş və külək doğrudan da ruhlandırır. Amma yağış üstün gəlir. Payız fəslinin yaraşığı, büsatıdı yağış... Solğun yarpaq rəngləri, əsən külək, payız yağışının səsindəki qəribəlik, həzinlik...Payız fəslinin öz ruhu var; payız ruha sakitlik, duyğulara isə inanılmaz zövq verir. Payız onu duymağa, onu hiss etməyə, onunla iç-içə yaşamağa çağırır insanı. Çünki payız duyğuların dilə gəldiyi, sevgilərin etiraf edildiyi fəsildir. Buna görə də təbiət insan­ oğlunu daha duyğulu olmağa sövq edir, onu kövrək notlara kökləyir.

Bir payız günündə, payız libasına bürünən təbiətin qoynunda ağaclardan yağış kimi üstünə tökülən yarpaqların seyrinə dalmaq, xəzəllərin xışıltısını duymaq… Payızın  gözəlliyi də elə qızılı rəngə çalan libasında, bir də ki yağışındadır.

...Neçə dəfə islanar,

Yağışında tellərim,

Neçə dəfə toxunar

Xəzanına əllərim?

Tanrı yağışla yerə

Qoy göndərsin kərəmin...

Deyirlər ki, qış qravüra, bahar akvarel, yay yağlı boya, payız isə hər üçünün mozaikasıdır. Payız fəsli sanki ağacları əlvan rənglərlə boyayan mahir bir rəssamdır: qırmızı, sarı, narıncı, bənövşəyi, ağlınıza gələ biləcək hər rəng. Erkən payızda əlvan yarpaqlardan ibarət qeyri-adi “yağış yağır”. Təəssüf ki, bu gözəllik çox davam etmir: yarpaqlar tökülür, otlar saralır, güllər solur. Qızılı payız təbiətlə insan arasında xoş duyğular yaradır. Məmməd Araz əbəs yerə demirdi ki, payız şeir yazmaq üçün gözəl fəsildir.

Tökər budağından çürük qozları,

Ərinti, çürüntü bişirər payız.
Yayın bürküsündə qalxan tozları
 Dağlardan aşağı düşürər payız.

***

Bir il əvvəl təbiət növbəti payızını qarşılayanda biz onu çox fərqli hisslərlə qarşılayırdıq. Duyğularımız, düşüncələrimiz, arzularımız, sevinclərimiz, kədərlərimiz hamısı eyni idi. O payızda başlayan müharibədən tezliklə qalib ayrılmaq, vətənin bütövlüyünü təmin etmək və igidlərimizin sağ-salamat, Allah amanında olması hər kəsin tək arzusu idi. O payızı yaşayanda dilimizdə həmin günə qədər eşitmədiyimiz, ağlımızdan keçirmədiyimiz başqa misralar dolaşırdı:

                                         Payız, səndən bir ricam var,

                                         Çox tələsmə...

                                         Qoy geciksin boranlı qar!

                                         Vətənimin yad əllərdə hələ əsir torpaqları,

                                         Döyüşlərdə əsgəri var...

Sözümüzü eşitdi payız. Öz sərtliyini cilovladı, tələsmədi, mülayim oldu. Zirvələrə can atan, əli silah tətiyində olan əsgərimizin dəstəkçisi oldu. Bizə qalibiyyəti, zəfəri gətirdi. Payız bizim gücümüzü, birliyimizi bir daha göstərdi. Və payız bizə özünü bu torpağa qurban vermiş şəhidləri gətirdi. Hər başlanğıc bir son, hər son isə əslində yeni bir başlanğıcdır. Özünü vətənə qurban verənlər üçün sonun yox, əbədiyyətin başlanğıcı oldu payız.

Ona görə də bu payız başqa payızlara bənzəmir. Bir də heç vaxt bənzəməyəcək. Sadəcə "payız" deyib keçməyəcəyik, keçə bilməyəcəyik. Bizi həm qürur, həm təəssüf, həm sevinc, həm də kədər göz yaşlarına qərq etdi bu payız. Bu payızda qəhrəman oğullar Vətən üçün can alıb, can verdi. Son nəfəslərini, arzularını, xəyallarını, sevgilərini bu payız qurban verdilər Vətənə. Zəfərin məğrur duruşu ilə yaddaşımızda əbədi yaşayacaq payızın şəhidləri. Və payız bir də heç vaxt əvvəlki kimi olmayacaq. Çünki bu payız və bundan sonrakı hər payız sizin cəsarətinizlə bizim üçün ZƏFƏR PAYIZI olacaq...

***

Meşə nə haqdasa fikrə gedərək qəmli və sakit bir halda donub qalmışdı. Yəqin ki, ağacların öz gözəl və təmtəraqlı paltarlarından məhrum olaraq, budaqlarını soyuq yağış və borana təslim edəcəyi haqda düşünürdü. Meşə kənarındakı qoca palıd isə təbiətlə birlikdə uzun qış yuxusuna hazırlaşır. Hazırlaşır ki, baharda yenidən oyansın və canlansın, yenidən dünyanın gərdişinə, quşların budaqlarına yuva salmasına, insanların və meşə sakinlərinin kölgəsində dincəlməsinə və onların söhbətinə qulaq assın... Hazırlaşır ki, yenidən dağ çayının nəğməsinə, onun lap uzaqlardan eşidib özü ilə gətirdiyi yeni hekayələrə, əhvalatlara qulaq assın...

Yarpaqların xəzan olduğu, təbiətin min-bir gözəlliyə büründüyü romantikanın fəslidir payız. Bizim üçün artıq QƏLƏBƏnin fəslidir payız. Vətənin bütövlüyünün, tamlığının, şəhadətə yüksəlmiş igidlərin, müzəffər ordunun, sarsılmaz qardaşlığın fəslidir payız. Payız ilin ən heyranedici son təbəssümüdür. Payız hər yarpağın çiçək olduğu ikinci bahardır. Payız əhval-ruhiyyədir, ona sevgiylə bax.

Məmməd Babayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: