Şəhid baş leytenant Məmmədhəsən Sadıqlının medalları və vəsiqələri ailə üzvlərinə təqdim edilib - FOTOLAR
Vətən müharibəsində əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda həmyerlilərimiz böyük qəhrəmanlıq göstərib, şəhidlik məqamına ucalıblar. Belə qəhrəman vətən oğulları sırasında Sədərəkdən müharibəyə yollanan baş leytenant Məmmədhəsən Sadıqlı da var. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Sədərək Rayon İcra Hakimiyyətində şəhidin ailə üzvlərinə medalları və vəsiqələri təqdim edilib.
Sədərək Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə İcra Hakimiyyəti başçısının müavini Mahirə Adnayeva və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsinin rəisi, mayor Nüsrət Vəliyev çıxış ediblər.
Bildirilib ki, 44 günlük Vətən müharibəsində xalqımız və ordumuz Ali Baş Komandamızın rəhbərliyi altında böyük əzm və rəşadət nümayiş etdirərək tarixi qələbə əldə etdi. Bu birliyin və mübarizənin nəticəsində 30 illik vətən həsrəti sona yetdi, əzəli torpaqlarımız düşmən tapdağından azad edildi. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Sədərək rayonunun igid oğulları da müharibənin ilk günlərindən odlu alovlu səngərlərə atıldılar. Onlardan Tağı Abdullazadə, Ərtoğrul Nadirli, Məmmədhəsən Sadıqlı və Rüfət Gözəlov döyüşlər zamanı canlarından keçərək ali zirvəyə, şəhidlik məqamına ucalıblar.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xidməti vəzifələrini və qarşıya qoyulan tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə şəhid baş leytenant Məmmədhəsən Meydan oğlu Sadıqlı "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Sonra şəhid baş leytenant Məmmədhəsən Sadıqlının atası Meydan Sadıqlı və şəhid Tağı Abdullazadənin atası İlham Abdullayev çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda şəhid baş leytenant Məmmədhəsən Sadıqlının medal və vəsiqələri onun ailə üzvlərinə təqdim edilib.
Mahmud Hüseynov