Hər bucağın bir tarixdir, Naxçıvan...

A- A A+

Küləkli bir payız günüdür. Adını tarixi  şəxsiyyətin-memar Əcəmi Əbubəkr oğlunun adından alan, qoynu tarix pıçıldayan bir təbiət guşəsindəyəm. Hər fəsildə  gözəldir bu məkanın mənzərəsi. Məncə payızı daha çox gözəldir...Yağışında islandığımız, xəzanına heyran olduğumuz payız bu məkanda, bu qocaman ağacların timsalında daha aydın, daha gözəl  görünür.

Xəfif payız küləkləri yenə sığalını çəkir  bu ağaclara. Saralmış yarpaqlar aramla yerə düşür. O yarpaqları bir tərəfdən digər tərəfə üfürən küləklər ətrini hər yana yayır payızın...Qeyri-ixtiyari olaraq dilim bu mahnın sözlərini pıçıldayır.

Əsir payız küləyi,

Gecə uzun, gün gödək.

Ağacdan yarpaq düşür,

Bir ömrün günləritək.

Ömrün anları da elə bu yarpaqlar tək gedir həyatımızdan. Buranın həzin payız mənzərəsi ötüb keçən günlərimi xatırladır, bu mənzərənin ağuşunda  gəzib-dolanmaq isə ruhuma sakitlik verir.

Ulu  tariximizin bələdçisinə çevrilən  abidələrin əhatəsində  özümü əsrlərin o  üzündə hiss edirəm. Ta XII əsrdə, O böyük memarın Əcəmi Əbubəkr oğlu Naxçıvaninin bir qadının şərəfinə  ucaltdığı Mömünə xatın türbəsi əzəmətli görkəmi ilə sanki üzük qaşıdır bu şəhərin.  

Ustad Əcəminin əlləri ilə sığal çəkdiyi, bir qadının əzəmətini, məğrurluğunu, müdrikliyini təcəlla edən  bu memorial tikili on əsrə yaxındır ki, bir el anasının, o müqtədir qadının adına layiq görkəmi ilə ucalır  qoca Şərqin qapısında. Sorağına çox insanlar gəlib. Çoxları danışıb onun əzəmətindən. Qarşısında kimlər heyranlığını gizlətməyib ki?  Fransız səyyah Dübua de-Monpore,  alman memarı E.Yakobstal...

Şərqin ölməz memarı Əcəminin sənətkar əlləri ilə ucaltdığı, nadir gözəlik və incəsənət abidəsindən  M.V. Alpatov üçcildlik “Ümumi incəsənət” əsərində məlumat verib. 

Önündə dayanıb nəzər yetirəndə möhtəşəmliyinə heyran olursan bu abidənin. Məqbərənin baş tağındakı yazılar o nəcib və xeyirxah qadının ülviyyətinin carçısıdır.

1175-ci ildə Naxçıvanda vəfat edən ulu nənəmizin adını əbədiləşdirmək  üçün həyat yoldaşı Şəmsəddin Eldəniz onun adına, şan-şöhrətinə aid bir məqbərə ucaltmağa qərar verir. Lakin, əcəl hökmdara bu yadigarı tikdirməyə imkan vermir. Mömünə xatının vəfatından bir ay sonra o da dünyasını dəyişir və beləliklə, başladığı bu işi oğlu Məhəmməd Cahan Pəhləvan davam etdirir.  1186-cı ildə 26 metr ucalığındakı möhtəşəm  abidə  ərsəyə gəlir.

Zamanın sərt küləkləri bir çox xanimanları, abidələri məhv edib,  bəzilərinin izi belə qalmayıb. Amma, ulu nənəmizin adına ucaldılan bu zərif və möhtəşəm tikili həm bir abidə, həm də gözəllik rəmzi kimi  əsrlərdir  xalqımızın  qəhrəmanlıq, nəciblik obrazını, tarixi yaddaşını qoruyub saxlayır və bu torpağa ayaq basanlara Azərbaycan mədəniyyətinin, incəsənətinin qədimliyindən danışır.

Abidənin bir yanında qərar tutan qoç heykəllərlə üz-üzə dayanmışam. Qədim tariximiz həm də bu qoçların daşa dönmüş görkəmində yaşayır. Hərəsində bir tarix yatır bu incəsənət əsərlərinin. Hərəsi ulu Naxçıvanın  bir bölgəsindən təşrif buyurub Açıq Səma Altındakı Muzeyə. Gələnlərə, gedənlərə daşa dönmüş görkəmi ilə danışır tariximizi bu qoçlar. Üzərindəki işarələrdə ulularımızın məişəti, mədəniyyəti, həyat tərzi yaşayır. Türkün həyatında  güc, qüvvət, bolluq və bərəkət  rəmzi kimi var olan  qoç abidələrimizə də mənfur düşmənlərimiz zaman-zaman yiyə durmaq istədi.  Lakin, torpağımızda əbədi məskən sala bilmədiyi kimi, bu xülyasını da reallaşdıra bilmədi.   

Məqbərənin sağında “Xan diki”ndə qərar tutan,  XVIII əsr xan-bəy həyatının izlərini yaşadan o məhşur saray əzəmətli görkəmi ilə  dayanıb. Abidəyə yaxınlaşdıqca, qulaqlarıma  XVIII əsrin sonlarında onu tikdirən  Kalbalı xanın səsi gəlir. Xan o zamanın bacarıqlı ustalara tapşırır ki, onun üçün bu yüksəklikdə  möhtəşəm bir imarət ucaltsınlar. Şərq memarlıq üslubunda  tikilən  bu  malikanə-Xan sarayı, beləcə var olur.

Dövlətçilik tariximizin mühüm nişanəsi olan  saray öz dövrünün idarəçilik atributu kimi  bir çox tarixi hadisələrə şahid olub. Sarayın dəbdəbəli zallarını dolaşanda  bir an düşünürsən. Kim bilir burada hansı siyasi məsələlər həllini tapıb,  hansı tarixi şəxsiyyətlər qonaq olub. Yüzillərdir məğrurluğunu, tarixi görkəmini saxlayan Xan evi XX əsrə qədər Naxçıvan xanlarının yaşayış yeri olub. 1820- ci ildən sonra sarayda yaşayan Kəlbalı xanın oğlanları Ehsan xan və İsmayıl xan  Naxçıvan xanlığını idarə ediblər. Bir zamanlar xanların, bəylərin yaşadığı, indi bir  muzeyə dönən bu evin qonaqları çox olur. Tarixi tikiliyə ayaq basan hər  bir qonağa  Naxçıvan xanları, onların tikdirdiyi bu saray və onun memarlıq quruluşu haqqında  geniş məlumat verilir. Elə bizim üçün də bildiklərini əsirgəmədi muzeyin əməkdaşları.

XX əsrin 30-cu illərində rus alimi  K.N.Simirnovun  haqqında ilk məlumat vediyi  “Mir Yaqub piri” adında qədim bir ziyarətgah da var burda. Xanəgahın rəhbəri  Mir Yaqub olub. Deyilənlərə görə, pirin içərisindəki qəbirlər Mir Əli və Mir Yaquba məxsusdur.

Pirin arxa tərəfindəki daş  pillələrlə akademik Zərifə Əliyevanın adını daşıyan  küçəyə enib, o məşhur bulağa-Qızlar bulağına  tərəf gedirəm. Bulağın yaxınlığındakı məhəllədən qapısı açıq bir darvazanın yanından ötəndə, orta yaşlı  bir qadınla ayaqüstü söhbət edir və bu əsnada öyrənirəm ki,  məhəllənin ilk sakinləri olub  Fatma xanımın  ulu babaları. Özü də 1954-cü ildə  burada doğulub. Məhəllə, necə deyərlər günbəgün, ilbəil onun gözünün qabağında dəyişilib. Deyir, əvvəllər buralarda ərik, üzüm, tut bağları, taxıl sahələri olub. Zaman-zaman məskunlaşma artdı, evlər quruldu, yaşayış çoxaldı.

Ömrü  bu məhəllədə keçib Fatma xanımın.  O da zamanında Qızlar bulağından su daşıyan xanımlardan olub. Deyir ki, 80-cı illərə qədər məhəllənin camaatı o bulaqdan su gətirib. Əvvəllər bulağa ensiz bir cığırla enirdin.  Hüseyn İbrahimovun “Əsrin onda biri” romanında oxuduğuma görə, memar Əcəmi bu bulaqdan  daşıdığı su ilə Mömünə xatın məqbərəsinin palçığını  yoğurub.

O, darvaza qapısından içəri keçir, mən   yoluma davam edirəm. Adı qədim hüsnü cavan şəhərimizin “Sarvanlar”, “Əlixan”,  “Şahab”, “Atabəylər”, “Qurdlar”  kimi  qədim məhəllələrinin   də  hər küçəsində, tinində   tarixin izləri var. Cəmiyyətin sosial  iqtisadi inkişafı, əhalinin artımı nəticəsində  formalaşan  bu məhəllələrə xalqın təfəkkür tərzi, peşə, sənət və  məşğuliyyəti ilə bağlı  olaraq  adlar verilib.  Məsələn, Naxçıvan şəhərində vaxtilə sənətkarların çoxluq təşkil etdiyi “Əlixan”, “Şahab” və “Sarvanlar” məhəllələrinin döngə və dalanları  sənətkarların adları ilə tanınıb.  Dülgər Fəttahın döngəsi, boyaqçı Qasımın döngəsi, papaqçı Məmişin döngəsi, Zərgər Hacı Tağının döngəsi və qeyriləri.   Adətən məhəllələrin adları  tayfa və nəsil adları ilə əlaqədar olub. Lakin yerləşdiyi coğrafi mövqeyin, ərazinin adı ilə əlaqədar yaranan məhəllələr də az  olmayıb. Bu  gözəl və səfalı  məhəllələnin adı  da el arasında məhşur “Qızlar bulağı”nın  adı ilə tanınır.

“Qızlar bulağı”na çatıram. Qocaman ağacların mehi üzümə vurur. Elə bil səfalı bir dağ kəndindəyəm. Deyilənə görə, vaxtilə buradan Bazarçayı keçib. Çay boyunca üç dəyirman olub. Sonradan çayın qarşısı kəsilib, göl yaradılıb, buralar insanların istirahət məkanına dönüb. Əvvəllər bulağın suyu daha gur imiş. Qızlar ilaxır çərşənbələrində bulaq başına gələr, niyyət edər, səhənglə su apararmışlar.

Dilçi alim Adil Bağırov “Naxçıvan urbonimləri” kitabında  bulağın adının suyunun saf təmiz olmasına və su üstünə gələn  qızların  burada daha çox cəm olmasına, qayadan tumurcuqlanıb mirvari kimi süzülən damcıların qızların  darayıb arxasına atdığı saca  bənzəməsinə görə bu adı daşıdığını qeyd edir.  Burada yaşayan yaşlı sakinlər isə  deyir ki, bulağın ətrafı vaxtilə Naxçıvan xanlarından Kalbalı xanın istirahət düşərgəsi olub.  

Daşı, qayası  mamır bağlayan  o möcüzəli bulağın nəhəng daşlardan  süzülən  dupduru  suyu var.  Dünyanın hər yerindən qonaqlar gəlib onu görməyə. Daşlardan  şıdırğı yağış kimi yağan  suyuna çox insanlar heyran olub.  Şairlər şanına şeir,  bəstəkarlar musiqi həsr edib. “Qızlar bulağı” adlı milli  rəqsimizində adı bu bulağın adından qaynaqlanıb.  Bu  möcüzəli bulağın  kətan üzərindəki əksi ən gözəl sənət əsərinə dönüb fırça ustalarının əlində.

Əslində, özü də bir tarix olan bulağın dumduru suyunu ovuclarıma doldurub içdikdən sonra, lap yaxınlığında yerləşən,  hər gün onlarla insana köksündən yol verən  körpünün üzərində dayanıb qüruba enən günəşi seyr etdim.  Batan günəşin şəfəqləri altında  daha gözəl  idi   Nuh yurdu. Göylərin sultanına da tarixindən  danışır qocaman şəhərim.  Yüz illərə, min illərə dayanan, bu gün də   layiqincə qorunan tarixindən...                                                                      

       Türkanə Əmoyeva

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: