NDU-nun tələbə geoloqları qızıl axtarışında iştirak ediblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hamiliyinə verilən Naxçıvan Dövlət Universitetinin tələbələri Culfa rayonundakı çay yataqlarında səpinti qızıl axtarışında iştirak ediblər.
Əlincəçay ətrafındakı səpinti qızıl axtarışında iştirak edən tələbələrlə keçirilən görüşdə bildiirlib ki, Əlincəçay ətrafında səpinti qızıl axtarışının 1960-cı illərdən, Qızılca-Ərəzin-Camaldın bölgəsində axtarışlara isə 2016-cı ildən başlanılıb və uzun müddət ərzində bölgülər üzrə işlər aparılıb.
Tələbələrə qazıntı, axtarış işlərini həyata keçirərkən istifadə olunan xüsusi qazma avadanlığı barədə məlumat verilib və tələbələr əyani olaraq bu işlərlə tanış olublar. Mütəxəssislər tələbələrin diqqətinə çatdırıb ki, avadanlıqla yerdən süxur nümunələri olan gil, qum, çınqıl və digər qırıntı nümunələri götürülərək yoxlanılır və istehsalatda tətbiq edilir. Qazıntı işlərindən sonra axar suda yuyulan qumun tərkibindən qızıl nişanlarının əldə olunması da öyrədilib.
Gələcəyin gənc ekoloq və geoloqlar Culfa şəhərindəki Geologiya muzeyində olublar.
Geoloji Tədqiqat Mərkəzində də olan tələbələrə laborotoriyada yerin dərinliklərindən çıxarılan daş süxurların analiz olunması, laboratoriyanın iş prinsipi, nümunələrin yoxlanılması qaydaları, həmçinin cihaz və avadanlıqlar haqqında ətraflı məlumat verilib.
Ərhan Novruzov