Vətəni yaşadanlar onun yolunda canlarını fəda edənlərdir! - FOTOLAR
Əsgərlərinə özünü atəş zonasından çıxarmağı yox, irəli getməyi əmr edən şəhid komandir
Heç bir ana, heç bir qadın müharibə istəmir. Çünki şəhidlik adlanan bir zirvə var ki, o zirvənin sahiblərinin yoxluğu anaları ömür boyu için-için yandırır, gözləri yollarda, qulaqları səsdə olur. Bütün şəhid anaları eyni dərd yükünü, amma qürurla, fəxrlə daşıyırlar. Övladlarının onlara bəxş etdiyi “Şəhid anası” adını ləyaqətlə qorumağa çalışırlar. Birinci Qarabağ müharibəsindən sonra dilimizdə özünə yer tapan bu adın daşıyıcıları Vətən müharibəsindən sonra daha çox oldu...
...44 günük Vətən müharibəsində ölümsüzlük qazanan şəhidlərdən biri də “Naxçıvan canavarı” ləqəbli şəhid leytenant Vəli Quliyevdir. O, 20 iyul 1997-ci ildə Culfa rayonunun Qazançı kəndində anadan olmuşdu. 2003-cü ildə kəndin ilk şəhidlərindən olan Elsevər Eldar oğlu Aslanovun adına məktəbində təhsilə başlayıb. 2009-cu ildə Azər Tağıyev adına 17 nömrəli Naxçıvan şəhər tam orta məktəbində 7-ci sinifdən təhsilinə davam edib. 2011-ci ildə C.Naxçıvanski adına hərbi liseyə, 2014-cü ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub. 2018-ci ildə Akademiyanı bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində öncə taqım komandiri, sonra bölük komandiri olub. Vətən müharibəsində Qubadlının işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olub və 23 yaşında ali məqama – şəhidlik zirvəsinə ucalıb.
Bu, silahdaşlarının qorxmazlığına, cəsarətinə görə “Naxçıvan canavarı” adlandırdıqları bölük komandiri, leytenant Vəli Quliyevin gənc ömrünün keçdiyi şərəf, qürur, fəxarət dolu geridönməz şəhidlik yoludur!
Onu tanıyanlarla etdiyim söhbətlərdən öyrənirəm ki, Heydər Əliyev adına Hərbi Akademiyanı bitirəndən sonra sərhəd bölgəsini özü seçib. Hərbçi peşəsinə sevgisi o qədər böyük olub ki, hətta kirayə etdiyi mənzildən çıxıb postda qalırmış. Deyirmiş ki, mənim evim buradır, sərhədçinin evi post olar. Hər kəsə əl tutan, xeyirxah, yurdsevər, başçılıq etdiyi bölüyün uşaqlarına qardaş münasibəti göstərən, onların qayğıları ilə maraqlanan, ehtiyacı olana yardım edən olub. Dostları onun haqqında danışanda deyirlər ki, Vəlinin dilində həmişə yalnız bir söz vardı: “Ya Qarabağ, ya ölüm!”.
...2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başladığı ilk saatlardan Vəli öz bölüyü ilə döyüşə girib və dayanmadan, ancaq irəli gedib. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə bölüyə rəhbərlik edib. Tapşırıqlarla kifayətlənməyib, öndə özü gedərək, döyüşlərdə birbaşa iştirak edib. “Mən irəlidə, siz də arxamca, haydı, igidlərim!” – deyərək əsgərlərini irəli getməyə ruhlandırıb. Oktyabrın 22-də Qubadlıdakı ağır və şiddətli döyüşlərdə şəhid olub.
Atası Kamal Quliyev deyir ki, mən qələbə xəbərini Vəlidən eşidəcəyimi gözləyirdim, qismət olmadı. Vətən sevgisi hamımızda var. Amma onda olan Vətənə bağlılıq, döyüşmək ruhu tam fərqli idi. Döyüş yoldaşları danışırlar ki, Vəlini yalnız irəli getmək düşündürürdü: “Bu lənətəgəlmişlərin axırına çıxmalıyıq, nə olursa, olsun. Öldü var, döndü yoxdur!” – deyir, bizi də döyüşə ruhlandırırdı. Həmişə “İrəli!” – deyib hamıdan öndə gedirdi, əsgərləri də onun arxasınca. Döyüşçülər belə cəsur, mərd, qayğıkeş, həm də mehriban komandirləri ilə fəxr ediblər. Vəlinin yolunda bölükdəki hər kəs ölümə getməyə hazır olub.
Qubadlıdakı döyüşlərin birində gecə qaranlığında Vəlinin tapşırığı ilə bölük irəli addımlayır. Ermənilərin postuna 30 metr qalmış duyuq düşən düşmən havaya dalbadal işıqlandırıcı fişənglər atır. Beləliklə də, onların yeri bəlli olur və atəş səsləri bir-birinə qarışır. Vəli “dayanmadan, irəli!” – əmrini verərək, özü hamıdan öndə gedir. Erməni tərəf böyük itki versə də, bizim əsgərlərdən də yaralanan, ölən olur. Namərd güllələrindən biri Vəlini hədəf seçir və o da yaralanır. Əsgərlər bir an nə edəcəklərini bilmirlər: dayansınlarmı, irəliləsinlərmi? Uşaqlar yaralanmış komandiri atəş altından çıxarmaq üçün ona yaxınlaşırlar: “Komandir, indi biz neyləyək? Öncə sizi burdan çıxaraq, sonra nə etməliyiksə, əmr edin”. Vəli qəti şəkildə etirazını bildirir: “Elə şey ola bilməz. Mən qalıram burada. Siz bir-birinizdən muğayat olun, elə bilin ki, yenə önünüzdəyəm. Qaçmaq yox, dala qalmaq yox! İrəli, ancaq irəli!” – deyir. Əsgərlərinə özünü atəş zonasından çıxarmağı yox, irəli getməyi əmr edir. Və onun ömrü orada – Qubadlı torpağında sona çatır...
Atası deyir: “Vəli həyatını hərbiyə həsr edəndən sonra dilində bir şüar olub: “Vətən sağ olsun!”. ...Onun ölümündən sonra Vətən sağ oldu, azad oldu.Yerləri dolmayan şəhidlərimiz oldu. Vəli torpaqlarımızın azadlığı yolunda şəhid oldu. Torpaq namus deməkdir, torpaq qeyrət deməkdir, torpaq müqəddəsdir... Vəli 30 ildən bəri tapdalanan namusumuzu, qeyrətimizi bundan sonra da tapdanmaqdan xilas edənlərdən biri oldu, öz qanı ilə tarix yazdı”.
Anası Həqiqət Quliyeva gözünün “on yerindən” süzülən yaşı silir, yana – yana, amma o qədər qürurla danışır ki, donub qalırsan: “Mənim balam qəhrəman idi. Cəngavər idi. Onun daim yüksləcəyinə, general olacağına inanır, “paqonlarına maman qurban” – deyirdim. O ən böyük addımı atdı, ən böyük və uca zirvədədir. Mən oğlumu həmişə qəhrəman görmüşəm, qəhrəman gördüm də. Çünki Vəli iz qoydu getdi, elə tarix yazdı ki, dillərə, ellərə dastan oldu. Bütün millətin qəlbinə “qəhrəman Vəli Quliyev” kəlməsini yazdı, getdi. Mən onunla qürur duyuram, fəxr edirəm, o, mənim igidimdir. Nə qədər ki, biz yaşayırıq, o da yaşayacaq. Bizdən sonra da elim, millətim onu yaşadacaq.
...Vəli qardaşı Maqsudla əkiz olub. Mən onlar arasında heç vaxt fərq qoymamışam. Bu dəqiqə də elə bilirəm, o sağdır, mən danışıram, dayanıb arxamda və əlini çiynimə qoyub. Vəli daim var, yaşayır, yaşayacaq. Heç bir dəqiqə gözümün qabağından getmir. Doğrudur, biz ona həmişə ana kimi, qardaş kimi, ata kimi ehtiyatlı olmağı deyirdik. Amma dəqiq bilirdim ki, o qorxmaz, geri çəkilən deyil, həmişə özünü irəli atandı, güllə gəlsə, qabağından qaçan deyil. O mənim qeyrətli, şöhrətli, qürurlu, qəhrəman balamdır”.
Məhz bu qorxmazlığına görə də silahdaşları ona “canavar” ləqəbi qoyublar. Şəhidin qardaşı Maqsud danışır ki, Vəli ilə yaşıd olsaq da, əslində o, böyük qardaş kimi olub. Həmişə qayğımı çəkib, heç vaxt sözləşməmişik, dalaşmamışıq. Qardaşım çox bacarıqlı olub, saz çalıb, mahnı ifa edib, çox iş bacarıb. Vəlinin Vətən sevgisi çox güclü, fərqli olub. O, hələ 3-cü sinifdə oxuyandan hərbçi olmağı arzulayırdı. 8-ci sinifdə oxuyanda C.Naxçıvanski adına hərbi məktəbə sənəd vermək hüququmuz olduğunu bildik. Hər ikimiz sənədləri hazırladıq. Mən dərslərimi ona nisbətən daha yaxşı oxuduğumdan deyirdim ki, mən daxil olacağam, sən yox. O isə deyirdi ki, baxarıq, kim kursant libası geyəcək? Mən keçəcəyimə əmin idim, həqiqətən yaxşı oxuyurdum, qiymətlərim də yaxşı idi. Amma imtahan nəticələrinə görə hərbi məktəbə Vəli daxil oldu. Atam onu apardı ki, sənədləri qaydaya salsınlar və axşam evə tək qayıtdı. Hərbi məktəbə sənəd versəm də qaydaları dərindən bilmirdim. Dedim: “ Bəs Vəli hanı?” Atam izah etdi ki, artıq Vəli hərbinin tərkibində olacaq, həftədə bir dəfə evə gələ biləcək...
Maqsud Vəli ilə son dəfə oktyabrın 20-də danışıb. Ona “irəli gedirik. Şəbəkə olmaya bilər. Siz nigaran qalmayın!” – deyib. Maqsud deyir ki, Vəlinin silahdaşları ilə danışırdım, söhbət zamanı deyirdilər ki, Vəli çox qorxmaz idi, hər kəsdən cəsarətli idi. Taqım komandiri var. Deyirdi ki, qardaş, buna nə yedirdib, nə içirmisiniz, canavar kimi qorxu adlı şey bilmir. Bizi bir dəfə də qoymadı irəli çıxaq, həmişə öndə özü gedirdi. Getdi və şəhid oldu.
...Müharibə dövründə sosial şəbəkə izləyənlər belə bir şəkillə qarşılaşmamış olmazlar. Cəbrayılda erməninin xaraba qoyduğu evlərdən birinin divarına “Naxçıvan, Culfa, Qazançı, Vəli, Cəbrayıl” – yazılan şəklin müəllifi məhz şəhidimiz Vəlidir. Bir video paylaşılmışdı, zabit torpağa dirsəklənib, ətrafında əsgərlər, çay içib söhbət edirlər. Gənc leytenant deyir, “Şəhidlik hər adama nəsib olmur...” Maqsud deyir ki, o, mənim qardaşım Vəlidir. Ona bu ad nəsib oldu. Fəxr edirəm ki, şəhid qardaşıyam. O, bütün Naxçıvanın, Azərbaycanın fəxridir. Ölümündən sonra medallar verildi, döyüş bacarığı dəyərləndirildi...
El-oba sağ olsun. O xəbər çıxandan qardaşımın köç karvanı gələnə qədər bütün kənd əhli bizi tək qoymadı. (Elə indi də bizi axtarırlar, vəziyyətimizlə maraqlanırlar.) Anam susmurdu ki...Vəlinin şəninə sözlər qoşurdu, balasını əzizləyir, oxşayırdı... Tək bizim başımızda görülməyib ki?.. Onun yoxluğuna da alışacağıq. Yenə deyirik ki, Vətən sağ olsun. Vətən belə oğullarla tanınar. Vətəni də onun yolunda canlarını fəda edənlər yaşadar!
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Vəli Quliyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid Vəli Quliyevə məxsus əşyalar və materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Zərifə Bəşirqızı
“Xalq qəzeti”