Yenidoğulmuşlar arasında infeksion xəstəliklərin qarşısının alınması üçün yeni skrininq layihə hazırlanır
Ölkəmizin pediatriya sistemində müxtəlif xəstəlikləri qabaqcadan aşkar etməyə imkan verən layihə hazırlanır. Dövlət vəsaiti hesabına həyata keçiriləcək bu layihə sağlam genefondun yaranması, eləcə də uşaqlar arasında yarana biləcək problemlərin qarşısının əvvəlcədən alınmasına xidmət edəcək.
NUHÇIXAN xəbər verir ki, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyevin verdiyi məlumata görə, skrininq proqramının əsas hissəsini yenidoğulmuşlar üzərində aparılacaq topuq-daban testi təşkil edəcək. Yeni üsulla irsi xəstəliklərin orqanizmdə geriyədönülməz proseslərə çevrilməsinin qarşısını almaq mümkün olacaq ki, bu da uşaqlar arasında xəstəlik və ölüm göstəricilərinin sayının azaldılmasına öz təsirini göstərəcək.
Hər il ölkəmizdə təxminən 150 min uşaq dünyaya gəlir. Skrininq layihəsinin məqsədi bu körpələrin hər birindən alınmış nümunələrlə həmin testi aparmaqdır. Bu da doğuşayardım mərkəzində infeksion xəstəliklər sahəsində qabaqlayıcı tədbirlər görməyə kömək edəcək. Belə ki, götürülən test nümunələrinin K.Fərəcova adına Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna göndərilməsi nəzərdə tutulur.
Baş pediatrın sözlərinə görə, yaşlılardan fərqli olaraq, yenidoğulmuşların topuq-daban nahiyəsindən qan götürmək mümkündür. Həmin nahiyə bədənin ən periferik hissəsi sayılır və yoluxma təhlükəsi minimum səviyyədədir.
Professor onu da bildirib ki, anadangəlmə ürək qüsurlarının skrininqi ölkəmizdə artıq iki ildir ki, tətbiq edilir. İnfeksion xəstəliklərlə əlaqədar yeni pilot layihənin isə əvvəlcə paytaxtın bir neçə doğuşayardım mərkəzində həyata keçiriləcəyi, sonra isə ölkə miqyasında tətbiq olunacağı gözlənilir.