Naxçıvan şəhərində ictimai yaşayış binaları əsaslı şəkildə təmir edilir - FOTOLAR

A- A A+

Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ötən illərdə olduğu kimi, bu il də uğurla davam etdirilir. Şəhərdə hər cür şəraitə malik yeni binalar inşa edilir, təmirə ehtiyacı olan ictimai yaşayış binaları isə əsaslı şəkildə təmir olunur. 

Naxçıvan şəhərinin Nizami küçəsindəki 44, 46 və 48 nömrəli yaşayış binalarında da əsaslı təmir-bərpa işləri aparılır. 48 nömrəli yaşayış binasında işin xeyli hissəsi görülüb. 

Əvvəlcə binada yöndəmsiz artırmalar sökülüb, bina dəmirbeton konstruksiyalarla möhkəmləndirilib. Dam örtüyü dəyişdirilən binada kommunikasiya xətləri yenilənib, zirzəmi təmir olunub, giriş qapıları və bütün pəncərələr yenisi ilə əvəzlənib, dəhlizlərə üzlük daş plitələr düzülüb. Binada hazırda son tamamlama işləri görülür. 

46 nömrəli yaşayış binasında da işlər sürətlə davam etdirilir. Binanın su, qaz, elektrik və telefon xətləri yenilənib, pəncərələrin bir çoxu dəyişdirilib. Təməli dəmir-beton konstruksiyalarla möhkəmləndirilən binada sökülən yöndəmsiz artırmaların və qəzalı vəziyyətdə olan eyvanların əvəzində yeni eyvanlar inşa olunur. Hazırda dam örtüyü sökülən binanın fasad hissəsində və daxilində suvaq işləri aparılır. 

Həmin küçədəki 44 nömrəli binada isə hazırda söküntü işləri gedir. İnşaatçıların ilk işi vaxtilə tikilən, binanın və şəhərimizin gözəlliyinə xələl gətirən yöndəmsiz artırmaları sökməkdir. Yaxın günlərdə dam örtüyündə işlərə başlanılacaq, tullantılardan təmizlənən zirzəmidə və bloklarda kommunikasiya xətləri yenilənəcək, dəhlizlərə üzlük daş plitələr düzüləcəkdir. Müasir eyvanlar inşa olunacaq binanın bünövrəsi də dəmir-beton konstruksiyalarla möhkəmləndiriləcəkdir. Bir sözlə, böyük bir tikinti meydançasını xatırladan Nizami küçəsində işlər sürətlə aparılır. Əraziyə kifayət qədər işçi qüvvəsi cəlb edilib. İnşaatçılar lazımi mal-materiallarla tam təmin olunublar. 

                                                     “Nuh yurdu”qəzeti
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: