Baş Prokurorluq: Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 26 mülki şəxs həlak olub, 175 nəfər xəsarət alıb
Azərbaycan Respublikasının Baş Prokurorluğu İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin sülh və insanlıq əleyhinə cinayətlər törədərək, Azərbaycanın ikinci böyük şəhəri qədim Gəncəni raket atəşinə tutmasının birinci ildönümü ilə bağlı məlumat yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Baş Prokurorluğun saytına istinadla xəbər verir ki, məlumatda ötən il oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində 26 mülki şəxsin həlak olduğu, 175 nəfərin isə xəsarət aldığı bildirilib.
“Təqsirkar şəxslərin beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunmasından ötrü lazımi tədbirlərin görülməsi davam etdirilir. Gəncə şəhərinin ağır artilleriyadan atəşə tutulması nəticəsində həlak olmuş soydaşlarımızı hörmətlə anırıq”, - deyə Baş Prokurorluğun məlumatında qeyd edilib.