Naxçıvanda 103 nəqliyyat infrastrukturu obyektində ünvan lövhələrinin və giriş nömrə nişanlarının quraşdırılması yekunlaşıb
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu ilin ötən 9 ayı ərzində Naxçıvan şəhəri üzrə 43 nəqliyyat infrastrukturu obyektində 5265 yeni, müasir dizaynlı ünvan lövhələri və giriş nömrə nişanlarının quraşdırılması işləri aparılıb. Layihənin həyata keçirildiyi gündən, ümumilikdə Naxçıvan şəhərinin 1 prospekt, 71 küçə, 30 məhəllə və 1 kəndi olmaqla 103 nəqliyyat infrastrukturu obyektində 10 minə yaxın ünvan lövhəsi və giriş nömrə nişanları quraşdırılıb.
Layihənin həyata keçirilməsi vətəndaşlara və hüquqi şəxslərə ünvan məlumatlarına çevik, vahid və etibarlı çıxış əldə etmək, internet əsaslı elektron xidmətlərdən istifadə, ünvanların asan tapılması, sosial və idarəetmə məsələlərinin həlli zamanı vaxt itkisini aradan qaldırılması imkanı verəcəkdir.