Həsrətdən vüsala gedəcək bu qatarlar… - FOTOLAR

Oktyabrın 13-ü ölkəmizdə dəmiryolçuların peşə bayramı kimi  qeyd edilir. 

A- A A+

Həyatımda ilk dəfə qatara minəcəm… hər zaman bir qatar həsrəti olub ürəyimdə. Dəmiryolçularının peşə bayramı əlaqədar olaraq uzun illərin maşinisti Ramazan Məmmədovla söhbət etmək marağı məni də bir qatar yolçusu etdi.

İlıq bir payız səhəri, saat 10 radələridir. Naxçıvan şəhərindəki dəmiryol vağzalına yaxınlaşıram. Ordubaddan gələn qatarın fit səsi eşidilir uzaqdan. İnsanı  xəyalən uzaqlara aparan, özündə bir qeyri-adilik saxlayan həmin səs getdikcə daha da yaxından eşidilir.

Qatarla eyni vaxtda  vağzala çatıram.

Vaqonlardan düşən sərnişinlərin  kimisi işinə tələsir, kimisi evinə…

15-20 dəqiqə sonra Naxçıvandan Şərura yola düşəcək qatar dincini alır.  Bu istiqamətə gedən sərnişinlər gecikməmək üçün yavaş-yavaş yerlərini tutur.

Elektrovoza yaxınlaşıram. Maşinist  Ramazan Məmmədov elektrovozun yanında dayanıb. Hal-əhval tuturuq.

Dəmir yollarında çalışmaq insandan sözün əsl mənasında dəmir iradə, böyük məsuliyyət tələb edir. Amma ən böyük məsuliyyət yəqin ki, elə maşinistlərin üzərinə düşür. Tale ona  qatar yollarını bəxş edib. Qarşılamaq, yola salmaq, gözləmək, mənzil başına çatdırmaq  işi, peşəsi olub. Yollar bəzən onu yorub, amma  bir an belə işindən  bezdirməyib.

Peşəsinə vurğundur qatar yollarının 35 illik yolçusu. Gənc yaşlarından  sevib, seçib sənətini. Təhsilini Ukraynanın Xarkov şəhərində alıb. Texniki peşə məktəbini elektrovoz-teplovoz maşinist köməkçisi ixtisası üzrə bitirib. Bir müddət Xarkov şəhərində, 1985-89 cu illərdə Culfa lokomativ deposunda maşinist köməkçisi olub, 1989-cu ildən ta bugünədək  maşinist işləyir.

Bir azdan elektrovzdakı yerimizi alırıq.  Qatar asta-asta hərəkət edir. Maşinist köməkçisi yola nəzər salır və  elektrovozdakı qurğuların sazlığına diqqət yetirir ki, yolda hansıza bir nasazlıq baş verməsin, insanlar  vaxtında mənzil başına çatsın.

Qatarla yolçuluq maraqlı keçir. Ara-sıra dispetçerlə rabitə  əlaqəsi saxlanılır.

“Eşidir  952-nin maşinisti Məmmədov”.

- Şəhəri keçmişik

Sonra dəstəyi asıb deyir:

Kənar adam  seçə bilmir  bu danışığı, ancaq biz tuturuq.

Dəmir relslər, polad dirəklər, işıqforlar, təpələr, gözəl kənd mənzərələri bir-birini əvəz edir. Bəzi filmlərdə gördüyüm, əsərlərdə oxuduğum qatarın pəncərəsindən öz kəndinə sarı boylanan bir uşaq, sevdiyi qıza əl uzadan bir gənc də həmin an gözlərimin önündən keçir.   

Bu yolları necə gedib gəlməyindən danışır bizə Ramazan Məmmədov.

- Ömrümün yarıdan çoxu dəmir relslər üzərində keçib. İnsan işini sevib, ondan zövq alırsa  yorulmaz. Belə olmasa iş çətin gələr. Kənardan  baxana asan gələ bilər. Bu işin də öz çətinliyi var.  Dəmir yolunun da şose yolu kimi enişi-yoxuşu, əyrisi-düzü, qışı, yayı, gecəsi, gündüzü var.  Ancaq biz öyrənmişik. İndi dəmir yolu bağlı olduğuna görə ancaq  gündüz işliyirik. 30 il əvvəl isə  işimizin gecəsi- gündüzü yox idi. Əvvəllər yolumuz  daha uzun idi. Bakıya qədər getmişik  bu yollarla. 1989-cu ildən sonra mənfur düşmənlərimiz  qatarlarımız üçün təhlükə yaradırdı. Bu hadisələr böyüdü və 1992 -ci ilin aprelində yol bağlandı. O dövrdən  Azərbaycanın digər əraziləri ilə  quru yolla əlaqə kəsildi. 

Bu vaxtadək hər hansı bir təhlükə  ilə qarşılaşmısınızmı yollarda?

- Əlbbətdə, hər hansı bir nasazlıq da  olub, sərhədi qanunsuz keçmək istəyən də. İş olan  yerdə  hadisə də  olar. 

Qatar  yene fit verir. Bu işarə maşinistlər üçün bir əmrdir.

- Fitlə işarə veririk . Bu işarələrin hər birinin mənası var. Qatar yerindən tərpənəndə  işarə veririk ki,  yol işçiləri bilsinlər qatar yerindən tərpənir. Yaxud  fit  veririk ki, qatarda xidmət  edən işçilər qatara tormuz versin. Və ya yoxlasın. İşlərimiz bu fitlə tənzimlənir. Biz onu sözsüz  yerinə yetirməliyik.  

Qatar “Başbaşı” stansiyasına çatır. Cavabdeh şəxs növbətçi ilə əlaqə saxlayır.

“Salam, xoş gördük. Bir problem yoxdur. Hər şey qaydasındadır”.  Maşinist deyir ki, vaxtilə bu stansiyadan Duzdağ Fizioterapiya Mərkəzinə marşrut xətti olub. SSRİ-nin hər yerindən gələn xəstələr, turistlər bu stansiyada düşüb  Mərkəzə gediblər.  

Dəhliz açıldıqdan sonra,  yəqin  ki, yenə turistlər qatarlarla  da   bu müalicəxanaya  gələcəklər.

Maşinist  dispetçrlə  növbəti dəfə əlaqə saxlayır.

-“Aydındır. Başa  düşdüm. Sağ ol”.

Qatar  “Qarqalıq” stansiyasına doğru hərəkət edir. Stansiyadakı növbətçilər növbə dəyişir.

Hərdən bir maşinist köməkçisi də söhbətimizə qoşulur. Vaxtilə  mövcud olmuş Qarqalıq kəndinin adı ilə stansiya belə adlanıb.Qarşıda olan Şahtaxtı və Qıvraq  stansiyalarından keçib Şərur  rayonundakı stansiyasında dayanacağıq. Saatda 40 km sürətlə hərəkət edirik. Vaxtilə Şərurdan Culfaya   bir briqada,  Culfadan Mincivana başqa bir, Mincivandan- İmişliyə  bir, İmişlidən Bakıya bir  briqada aparırdı, lokomativ dəyişir, ancaq, qatar gedir. Sərnişin  onu hiss etmir.

Yolumuz davam edir. Sağ və sol tərəfdə ara-sıra qarşımıza çıxan  işarələr qatarların təhlükəsiz hərəkətin təmin edir. Hər on, on iki kilometrdən bir stansiylar dəyişilir. Qatara cavabdeh şəxslər - növbətçilərlə  qarşılaşırıq. Stansiyalardakı  növbətçilərin xidməti odur ki, qatarların hərəkətini təmin etsin. Maşinist deyir:

- Gördüyünüz taxta şpallar (yol kənarında salınan beton istehkamları göstərir) hər 10 ildən bir dəyişilir. Ancaq lokomotivlərimiz 30 ildir işləyir. Culfa Lokomotiv deposundakı çilingərlərimiz onların təmirinə baxır. Həm enerji, həm də yanacaqla işləyən lokomativlərimiz var. Elektrovozlar enerji ilə, teplovozlar yanacaqla işləyir. Zəngəzur dəhlizi açıldıqdan sonra, dəmir yollarının yenidən qurulması ilə əlaqədar olaraq  lokomotivlərimiz də  daha müasir lokomotivlərlə əvəz olunacaq.

Dəmir yollarına yaxın ərazidə yerləşən kəndlərin tarlalarında çalışan sakinlər əl edib  maşinstə salam verir.

“Qatar bizim  həyat bağımızdır. Biz bağlanmışıq bu işə. Gözümüzü bağlasaq  da harda hərəkət etdiyimizi bilirik. Ya da ki, hansısa bir nasazlıq olsa o dəqiqə hiss edirik. Bu  peşə ilə övladlarımı böyütmüşəm. Mənim də çörək ağacım bu lokomotivdir. Çətin peşə olduğuna görə, bu günün gəncləri o qədər də  maraq göstərmir maşinist peşəsinə. Ancaq yol açılsa  dəmir yolları, lokomotivlər yenilənsə  iş bir qədər yüngülləşər.Qatarlar 30 ildi həsrət qaldığımız yollara iz salar, mənzərələr yenilənər...Yəqin ki, gənclər də sevəcək bu peşəni. Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq qələbənin nəticəsi olaraq ötən il   noyabrın 9-da   Azərbaycan, Rusiya, Ermənistan tərəfindən birgə imzalanan üçtərəfli sazişlə həm də Zəngəzur dəhlizi açılacaq. Bu xəbərə,  bəlkə də   ən çox  sevinən  biz maşinistlərik. Axı, ömrümüz o yollarda keçib.Yollar açılsa Azərbaycanımızın digər bölgələrinə, dünyaya çıxışımız olacaq. Yük  qatarlarımız da fasiləsiz işləyəcək Naxçıvanın duzu, meyvəsi, tərəvəzi uzaq-uzaq ölkələrə daşınacaq, sərnişinlər bu qatarla işğaldan azad olunmuş ərazilərimizə də səyahət edəcəklər. Yaxşı olacaq gələcəyi bu yolun…

Nəhayət, mənzil başına çatıb,  20 dəqiqə sonra Culfaya gedən qatarla  geri qayıdırıq.Vaqonlar ağır-ağır  gedir. Bu dəmir təkərlərin ritmik səsində də bir tarixlik var. Qatar bələdçiləri  isitmə, havalandırma sisteminə və sərnişinlərin  rahatlığına xidmət edir. Qatarla səyahətin ən gözəl xüsuiyyətlərindən biri də ətrafdakı  xoş mənzərələrin seyrinə dalmaq və qətiyyən yorulmamaqdır. Taxta şpalların, polad dirəklərin üzərində salınan dəmir yolları, bu yolları dindirən  qatarlar şairlərin, yazıçıların da ilham mənbəyi olub. Kimlər gəlib, kimlər keçib bu yollardan. Gələn qatarlar üzərində yolların yorğunluğunu, tozunu, torpağını, yerlərin həsrətini gətirib. Bir kənddən , şəhərdən,  dağların ətəyindən, meşələrdən, tunellərdən, uzun-uzun  yollardan keçib qatarlar.

Vaqonda növbəti həmsöhbətim ömrünü  bu yollarda  keçirən  Azərbaycan Dəmir Yolçuları arasında  “Şöhrət”  ordenini alan ilk dəmir  yolçusu, maşinist  Valeh Seyidovdur. Amma bu dəfə o qatarda maşinist yox,  sərnişindir. Əvvəllər maşinist köməkçisi  işləyib.  Sonra özü də maşinist olub.  Hazırda isə Culfa Lokomotiv deposunda təlimatçı işləyir. Bu illər ərzində sərnişinlərə elə xidmət göstərib ki, dəmir yolundan narazı getməsinlər, həmişə bu nəqliyyat vasitəsinə üstünlük versinlər.  Dəmir yollarının tarixinə də yaxşı bələddir həmsöhbətim.

- “Hər bir ölkənin qan damarı olan dəmir yollarının tarixi Azərbaycanda  neftlə əlqaləndirilir. Neftin daşınması məqsədilə dəmir yolu qurulub.  Əvvəl Gürcüstana,  sonra Rusiyaya ADY- nın çıxış olub.  Ümumiyyətlə dəmir yolu dünyada təbii sərvətlərin səmərəli istifadəsinə görə qurulub və ölkələri bir- birinə bağlayıb. Naxçıvandan keçən dəmir yolu isə Rusiya çarı Nikolayın dövrü ilə yaşıddır. Paravozlar, teplovozlar, elektrovozlar zamanla bir-birini əvəz edib bu yollarda. 1908-1911-ci illərdə Ermənistana keçmək şərtilə  Uluxanlı-Culfa stansiyası İranla ticarət əlaqəsi saxlamaq məqsədilə  istifadəyə verilib. 1941-ci ildə  bu dəmir yolunun ən əhəmiyyətli  hissəsi Culfa - Mincivan istiqamətində yol açılıb .

1992-ci il  aprelin 23-dək bu yollarla Bakı şəhərinə gedib-gəlmişik. Həmin vaxtlardan Naxçıvan üçün çətin blokada dövrü  başlayıb.

“30  ilə yaxındır ki, bu yol bağlı olsa da Naxçıvanın inkişafına heç bir əngəl törətməyib. Naxçıvan inkişaf edib, bu dəmir yolu isə  yaşayıb, varlığını qoruyub”- deyən Valeh Seyidov özü də maşinist ailəsində doğulub.  Atası da bir vaxtlar bu peşənin sahibi  olub. Hər halda o da atasından görüb-götürüb bu sənəti və onun yolunu  davam etdirib. Maraq onu ilk vaxtlar   Culfa Lokomotiv deposunda  çilingər vəzifəsində işləməyə, hərbi xidmətdən sonra isə  Rusiyanın  Saratov şəhərinə aparıb. İki il  maşinist peşəsi üzrə təhsil alıb.  O gün bu gündür ki, dəmir yollarında çalışır. 

- Maşinist  peşəsi  çətin, ancaq   şərəfli  peşədir. Dəmir yolları ilə nəfəs alırıq biz. Dövlətimizə xeyir veririk. Qatarlar qədim bir nəqliyyat  növü olsa da bu gün də insanlar onlardan istifadə edir. İnsanları  qatarla sağ salamat mənzil başına çatdırmaq bizim vəzifəmizdir.  Yolumuz  30 il sonra  yenidən  dünyaya açılacaq. Bakıdan Naxçıvana qatar gələcək, Naxçıvandan Bakıya gedəcək. Bundan gözəl nə ola bilər ki?  İnsanların rifahı yaxşılaşacaq, yeni  vaqonlar, lokomotivlər gələcək, yolumuz yeniləcək. Naxçıvanın tikinti məhsulları, mineral suları  dünyaya  bu yolla daşınacaq. Sürətli sərnişin  və yük qatarlarımız işləyəcək.

- Necə xatırlayırsınız 30 il əvvəl bu yollarda işlədiyiniz vaxtları?

- O vaxtlar  12  saatdan bir iş rejimi idi. Culfadan gəlirdik  Şərura qatarı qoyurduq, İrəvandan gələn qatarı Culfaya, Minicivana, İmişliyə qədər aparırdıq.  Benzin, kömür, sement, gübrə dəmir yolu ilə gələn yüklərin hamısını daşıyırdıq.

Torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycan üçün yeni bir dövr başlayıb. Bu yeni dövrdə dəmir yollarının da   öz  misiyası olacaq. Yaxın vaxtlarda daha da uzaqlara gedəcək bu qatar. Ordubaddan Minicivana, Minicivandan Bakıya  ordan Rusiyaya, Gürcüstana…  Qatarlarımız bu yolla Türkiyəyə də gedib, gələcək. Dəmir yolları şose yolu kimi rahat  görünməyə bilər insanlara. Ancaq biz maşinistlər üçün dəmir yolları avtomobil yollarından  da rahatdır

Atası Zəngilandan olub Valeh Seyidovun.  30 il idir ki,  Naxçıvandan Bakıya gedəcək qatarla  yanaşı, ata-baba yurduna da həsrət qalmışdı. Sevinir ki, Zəngilanın alınması uğrunda gedən döyüşlərdə oğlu da  iştirak edib və  atasının  o yollara qovuşmaq arzusunu reallaşdırıb.   İndi, o bu qatarla maşinst kimi yox, sərnişin kimi  Naxçıvandan-Bakıya, həm də Zəngilana gedəcək günü gözlüyür .

Çünki, ötən il düşmən üzərində qazandığımız parlaq qələbəmiz, dövlətimizin yeritdiyi qətiyyətli siyasət  uzun illərdir bağlı qalan yollarımızı da açacaq.   Bu qatarla növbəti səfərimizin 30 illik həsrəti vüsala yetən tarixi torpaqlarımıza olması arzusu  ilə  …

                                                                        Türkanə Əmoyeva

                                                                    “NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: