Muxtar respublikada strateji əhəmiyyətli obyektlərin fövqəladə hallara hazırlıq vəziyyəti yoxlanılır - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən strateji əhəmiyyətli obyektlərdə təlimlər davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti dəfə “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətində “Obyektdə baş verən yanğının söndürülməsi, bununla bağlı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin fövqəladə hallara hazırlıq vəziyyətinin yoxlanılması, müəssisə əməkdaşlarının praktiki bacarığının təkmilləşdirilməsidir. Fövqəladə Hallar Nazirliyi və digər icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fabrikdə baş verən şərti yanğınların söndürülməsi təlimi fabrikdə mövcud olan yanğınsöndürmə avtomobilinin, ilkin yanğınsöndürmə avadanlıqlarının və mühafizə vasitələrinin tətbiqi ilə 6 tədris yerində həyata keçirilib.
Taktiki-xüsusi təlimə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 xüsusi təyinatlı avtomobili, 24 nəfərlik şəxsi heyəti, “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə 46 nəfərdən ibarət mülki müdafiə qüvvələri cəlb olunub.
Təlim təhlükəsizlik qaydalarına əməl edilməklə başa çatdırılıb və qarşıya qoyulan məqsədlərə nail olunub.
Qeyd edək ki, şəxsi heyətin döyüş, peşə və fiziki hazırlığının artırılması baxımından gələcəkdə muxtar respublikanın bütün strateji əhəmiyyətli obyektlərində belə təlimlərin keçirilməsi davam etdiriləcək, müəssisələrin fövqəladə hallara hazırlığı diqqət mərkəzində saxlanılacaqdır.
Röyal Kərimov