Yan-yana uyuyan dörd qəhrəman

A- A A+

44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfər tarixi yazanlar sırasında muxtar respublikanın Culfa rayonun da qəhrəman oğulları oldu.

Bu şanlı müharibəmizdə 15 qəhrəmanın sənin adını daha da ucalara qaldırdı qədimdən qədim torpağım. Culfadan Qarabağ torpaqlarına, oradan da bütöv Azərbaycana sədanı yaydı. Onların mərdlikləri, qəhrəmanlıqları ilə sanki, bir başqa dəyərə qalxmısan bu bir ildə, başqa bir qürura qovuşmusan!

Ətrafında mənliyimi, kimliyimi ucaldan, kiçik təpədən böyük dağa dönən müqəddəs yerin var, o yerdir ki hər baxışda diqqətimi, düşüncəmi çəkir. İndi həmin yerə doğma münasibətim var, bir başqa sevgi bəsləyirəm, Vətən sevgisi qədər... Çünki o yerdə yan-yana uyuyan, ölkəsinə Zəfər qazandıran, ərazi bütövlüyünü bərpa edən, başının üzərinə qanlarından al-qırmızı rəng verərək üçrəngli bayrağımızı dalğalandıran dörd qəhrəmanın, igidin var... O igidlər ki, uşaqlığından hiss ediblər torpaq itkisini, lap körpəliyindən ürəklərində böyüdüblər düşmənə nifrət hissini... Bəlkə də, qəlblərində zəfər qazanacaqları günü həyata keçirmək üçün böyüməyə can atıblar. Hər necə olub, bilmirəm. Ancaq onu bilirəm ki, Vətənimə daha bir dəyər qatıblar, hər qarışına, hər ovuc torpağına qanını qataraq bütöv Azərbaycan yaradaraq Vətənləşiblər...

44 günlük Vətən müharibəsi bu xalqın əbədilik sevinci oldu. Bununla yanaşı, həm də çox təəssüfləndik şəhid verdiyimiz üçün. Lakin qətiyyətlə əmin olduq ki, şəhidinin uyuduğu bu torpağı heç kimə verməz bu Xalq! Onun müqəddəsliyi şəhididir, şəhidinin yadigar qoyduğu, əmanət etdiyi Vətənidir... O Vətəndir ki, basılmaz, kimsəyə verilməzdir! Əmanətdir bizə və bizdən sonra gələnlərə...

Azalır zaman, bizə zəfəri yaşatdığınız gün gəlib çıxır, şəhidlərim!

Artıq Vətənimin bütöv Azərbaycan olmasının bir ilini qeyd edəcəyik. Bilirəm ruhlarınız Vətən səmalarından bizlərə baxır və çox xoşbəxtsiniz ki, illərin nisgilinə, torpaq həsrətinə son qoyub bizə xoş günlər ərməğan etmisiz. Biz də çox xoşbəxtik, Kənan, Nicat, Yaqub, Ceyhun... Sizin kimi qəhrəman oğulların sayəsində Vətən bütövlüyünə qovuşmuşuq. Tarix qarşısında başını dik qaldıran xalq, millət olmuşuq.

Necə yazmaya bilərik axı sizdən... Hər sevincli, uğurlu, xoş günlərimizdə, elə çətin günlərimizdə də siz bizimləsiz. Xoş günü yaşayırıq sizin sayənizdə, çətin günlərimizdə isə sizə baxıb örnək alırıq, gücünüzdən, Vətən sevginizdən, el-oba məhəbbətinizdən...Hər biriniz qəlbimizin əziz, unudulmaz xatirəsinə çevrilirsiniz...

Necə danışmaya bilərik axı sizlərdən!

Şəhid Kənan Quliyev, sinif yoldaşım, uşaqlıq dostum! Necə unuda bilərəm axı səni! Hələ tarix yazmağın nə olduğunu bilmədən, “Baxarsınız, vaxt gələcək, mən özüm tarix yazacağam” – deyirdin, zarafatla. Atalarımız əbəs yerə deməyib: “niyyətin hara, mənzilin ora”. Belə də oldu,  qanın, canın ilə Azərbaycan tarixinə Zəfər tarixini yazan oğullardan oldun...

Kənan könüllü yazıldı Vətən müharibəsinə. Hələ işinə yeni başlamışdı. Bir ili belə, tamam olmamışdı hərbçi kimi xidmət göstərməyinin. İndi isə Kənanın şəhidliyindən bir il ötür. Döyüş bölgəsinə yollanan Kənan alovun, od saçan mərmilərin nişangah olduğu yerlərə getdiyini, bu torpağa tuşlanan hər bir mərminin bir ürəkdən keçəcəyini, bir nəfəsi susduracağını yaxşı bilirdi. Qəlbi Vətən eşqi ilə döyünən şəhidimizin el-oba sevgisi, döyüşçü ruhu onu döyüş bölgəsinə apardı.

Kənan 2019-cu ildə müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq işə başlamışdı. İşlədiyi qısa müddət ərzində komandirləri yanında və xidmət etdiyi bölüyündə öz hörməti vardı. 27 sentyabrdan – əks-həmlə əmri verilən zamandan onu bir hiss narahat edirdi. “Qardaşlarım dardadır, onlara kömək etməliyəm, Vətənim xidmət gözləyir məndən, ona xidmətimi etməliyəm”. Dediyi kimi, Kənan xidmətini etdi, Vətənini qorudu və bu borcu yerinə yetirərkən də ən ali zirvəyə – şəhidliyə yüksəldi. Ölümündən sonra qəhrəman şəhidimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olundu.

O zamanlar – sevincli, hüznlü, fəxrli vaxtlarımız...

Naxçıvan şəhərinə enən təyyarə ilə bir-bir Vətənə xidmət borcunu canı ilə yerinə yetirən şəhidlər gətirilirdi. Muxtar respublikamızın rəhbəri hər dəfə şəhidləri şəxsən qarşılayıb, dərin ehtiram bildirməklə onların ailələrinə, doğmalarına ən böyük təsəlli verirdi. Bu diyarın insanları böyük qürurla qarşılayırdı şəhidini. Həmin vaxt tanıdım şəhid Nicat Məmmədlini. Atası Rizvan Məmmədov ilə bir binanın ayrı-ayrı təşkilatlarında işləyirdik. Nicat haqqında məlumat almalı idim. Məqalə yazmaq üçün. Çox çətinlik çəkərək ataya zəng etdim. Necə soruşacağımı da bilmirdim, çünki bilmədən onun qəlbini incidərəm deyə, düşünürdüm. Mənimlə danışan atanın bir cümləsi bir ildir,  düşüncəmdədir: “Oğlumun döyüş bölgəsində göstərdiyi şücaəti, şəhidliyi ilə fəxr edirəm. Bu gün mən və Nicatın iki qardaşı da Vətən uğrunda vuruşmağa, bu yolda canımızdan keçməyə hazırıq. Təki Vətən sağ olsun! Bu torpağın bir qarışını belə, biz düşmənə verən deyilik”. Belə məğrur ürəkli, Vətən sevgisi olan ailənin ilk oğlu Nicat Məmmədli 1999-cu il 31 iyulda Culfa şəhərində dünyaya göz açmışdı. 2 nömrəli tam orta məktəbdə təhsil alan Nicat 2013-cü ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdu. 2016-cı ildə təhsilini Azərbaycan Ali Hərbi Məktəbində davam etdirən Nicat hərb elminin sirlərini dərindən öyrənir. Gənc zabit xidmətini edərkən düşməni torpaqlarımızdan qovmaq üçün döyüş əmrinin veriləcəyi günü gözləyir. Döyüş əmri verilən kimi Nicat döyüş yoldaşları ilə Ağdam, Ağdərə, Füzuli bölgələrində düşmənin həmlələrini dəf edir. Gedən döyüşlərin birində də şəhid olur. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə şəhid leytenant Nicat Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad edilməsinə görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Döyüş bölgəsindən aldığımız ard-arda Zəfər xəbəri... Nəcəfovlar ailəsində Vətən üçün, xalq üçün canını fəda etməyə hazır olan üç övlad böyüyüb. Həmin övladların valideynləri Məhəmməd və Xuraman müəllimlər birlikdə böyütdükləri vətənpərvər və düşmənə nifrət ruhlu oğlanları ilə fəxr edirlər. Vətən müharibəsinə üç övladını yola salan ata və ana indi daha qürurlu və başı dikdir. Onların tərbiyə etdiyi oğlanları nümunəvi xidmətini yerinə yetirən baş leytenant İsmayıl Nəcəfov, döyüşlərdə sol gözündən yaralanan qazimiz baş leytenant İbrahim Nəcəfov və Vətənə canını fəda edən şəhid Yaqub Nəcəfovdur.

 7 iyul 2000-ci ildə Culfa şəhərində anadan olan Yaqub Nəcəfov 2006-cı ildə Culfa şəhər 1 nömrəli tam orta məktəbin birinci sinfinə qədəm qoyub, 2014-cü ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub və 2017-ci ildən hərb təhsilini Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. Dördüncü kursda oxuyarkən, Vətən müharibəsi başlayanda kursant Yaqub Nəcəfov leytenant rütbəsi alıb, döyüşlərə atılır. Füzuli, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edir. Sonuncu dəfə Şuşadan qardaşına telefon zəngi edən şəhidimiz: “Şuşanı aldıq, Qələbə bizimdir, hamı Vətənini sevə bilər, amma hər insan Vətənini şəhid olmağa hazır olacaq qədər sevə bilməz”, – deyib. Elə həmin gün ən ali məqama – şəhidlik zirvəsinə yüksəlib. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Gedilən yol bizi Qələbəyə apardı... Bir xalq olaraq tarixboyu həmişə şərəfli ölümlə fəxr etmişik. Şəhidlik heç zaman bir anın bəhrəsi ola bilməz. Bu zirvəyə yüksələnlər illər keçsə belə, yaddaşlarda əbədi yaşayacaqlar. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, yaşamaq haqqını itirməyibdir. Dediyimiz bir kəlmə söz, içdiyimiz and, verdiyimiz vəd, əlimizdən tutub bizi Vətən üçün ölümə aparsa belə, bu yoldan dönməmişik. Məhz bu qətiyyət, cəsarət, mübarizlik, Vətənə olan sonsuz sevgi sayəsində şəhidlik adlı zirvəni fəth edən oğulların sayını artırıb. Belə oğullarımızdan biri də şəhid Ceyhun Dünyamalıyevdir. 1996-cı il oktyabrın 15-də Culfa şəhərində dünyaya göz açan Ceyhun 2014-cü ildə Heydər Əliyev adına Hərbi Liseyi, 2018-ci ildə Azərbaycan Ali Hərbi Məktəbini bitirərək Beyləqan rayonunda yerləşən “N” hərbi hissədə rabitəçi olaraq xidmətə başlayır və öz bacarıqları ilə komandanlığın diqqətini çəkir. Bir müddət sonra onu Xüsusi Təyinatlı Qüvvələrə qəbul edirlər. Həmçinin, nümunəvi xidmətinə görə Ceyhun “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə də təltif olunur. Bir çox təlimlərdə iştirak edərək peşəkar hərbçi kimi yetişən leytenant 2020-ci il sentyabrın 27-dən xidmət etdiyi bölüyün tərkibində torpaqlarımızın azad olunması uğrunda haqq savaşına atılır. İgidliyi, şücaəti ilə qorxmaz hərbçi olduğunu sübut edir. Füzuli, Zəngilan, Cəbrayıl, Xocavənd, Qubadlı rayonlarının və Hadrut qəsəbəsinin düşmən əsarətindən qurtarılmasında mərdliklə döyüşən Ceyhun digər ərazilərimizdə də üçrəngli bayrağımızın dalğalanacağı günü kimi düşmən üzərinə gedəcəyinə söz verir. Lakin Ceyhun noyabrın 8- də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir. Ölümündən sonra igid şəhidimiz ölkə rəhbəri cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”,“Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Hər birimiz Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə – şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq.

                                                                                  “Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: