“Arıçılıq məhsulları-bal satış yarmarkası”na 301 arıçı 20 tondan artıq məhsul çıxarıb - FOTOLAR
Oktyabrın 16-17-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Arıçılıq məhsulları-bal satış yarmarkası” başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublika sakinləri və diyarımıza gələn qonaqların böyük maraq göstərdiyi yarımarkanın ikinci günündə də arıçılar Naxçıvan şəhərindən və muxtar respublikanın bütün rayonlarından gətirilən bal və baldan hazırlanan məhsulları satışa çıxarıb.
Satış yarmarkasında, həmçinin, baldan hazırlanan müxtəlif şirniyyatlar, eləcə də dulusçuluq, agacişləmə, tikmə nümunələrinin, Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri tərəfindən arı məhsullarından hazırlanan dodaq balzamı, gil maskası, əl kremi, kəklikotulu, nanəli, propolis və müxtəlif çeşiddə sabunlar nümayiş etdiriblər.
Yarmarkaya muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 301 arıçı tərəfindən 17 tondan artıq süzmə, 3 tondan artıq şan bal, arı südü, mum, vərəmum, çiçək tozu, güləm, bal arağı və baldan hazırlanan şirniyyatlar çıxarılıb. İki gün keçirilən yarmarkada 15 tondan artıq süzmə bal, 2 tondan artıq şan bal, 245 qram arı südü, 281 kiloqram mum, 128 kiloqram vərəmum, 52 kiloqramdan artıq çiçək tozu, 12,5 kiloqram güləm, 82 litr bal arağı, 182 kiloqram baldan hazırlanan şirniyyat və 129 əl işi satılıb.
Şövkət Kərimli