Şərur və Kəngərli rayonlarında çağırışçı gənclərin ordu sıralarına yola salınması mərasimləri keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsində gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, hər bir çağırışçı hərbi xidmət dövründə yaradılan şəraitdən istifadə edərək, qüsursuz xidmət keçməli, intizamlı olmalı, komandir və rəislərin əmrlərinə sözsüz tabe olmalı, verilən tapşırıqları, dəqiq, sözsüz icra etməlidir.
Mərasimdə iştirak edən Vətən müharibəsi qazisi Ceyhun Davıdov keçdiyi döyüş yolundan bəhs edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi də Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edənlər çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Qeyd olunub ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki bazasına, hərbi potensialına, döyüş imkanlarına, kadr hazırlığına və digər hərbi göstəricilərinə görə ilk sırada dayanır. 30 il işğal altında olan torpaqlarımızın 44 günlük müharibədə düşməni məhv edərək geri alan müzəffər ordumuz ötən il bunu bir daha sübut etdi.
Çağırışçılar Vətənə xidmətə yollandıqlarına görə qürur duyduqlarını bildirib, komandirlərin əmr və tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirəcəklərinə söz veriblər.
Hafizə Əliyeva
Ərhan Novruzov