Həkim-oftalmoloq: Sinirlərlə zəngin olan göz ağrılarına beyin mənşəli xəstəliklər də səbəb ola bilər

A- A A+

Ağrı iltihab əlamətlərindən biridir və lokalizasiyasından asılı olaraq ağrının kəskinliyi, şiddəti dəyişir. Sinirlərlə zəngin olan göz və orbita – göz yuvası hər hansı iltihabi, işemik, törəmə kimi problemlərdən, beyin mənşəli səbəblərdən ağrıya bilər. Göz almasının önündə, arxasında yerləşən, göz almasının hərəkəti ilə əlaqəli olan və ya olmayan, qırpma zamanı hiss edilən, səhər saatlarında yaxud günün sonuna doğru yaranan qızartı və ya şişkinliklə müşayiət olunan, baş ağrısı fonunda, ürəkbulanma verən göz ağrısı şikayətləri ilə oftalmoloqa müraciət edən pasiyentlərə diferensiasiya etməklə diaqnoz qoyulur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının oftalmoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Aynurə Əliyeva göz ağrısının yaranma səbəbləri mövzusunda məlumat verib.

Həkim-mütəxəssis bildirib ki, göz ağrısı şikayəti ilə müşahidə olunan bir çox patoloji vəziyyət var: "Bunları göz xəstəliklərinin əlaməti və göz ilə əlaqədar olmayan hallar kimi qruplaşdırmaq olar. Göz ilə əlaqədar olan vəziyyətlərdə adətən digər başqa göz simptomları da olur. Gözdə qızartı, batma, sulanma, yad cisim hissi ilə, işığa həssaslıqla müşahidə olunan keratitlər gözdə ağrı ilə özünü büruzə verir. Bu zaman pasiyentlər ağrının qırpma ilə əlaqədar olduğunu və qapaq altında yad cisim hiss etdiklərini bildirirlər. Göz alması daxili qatlarının iltihabı, uveitlər gözdə qızartı, duman, bəbəklərin işığa reaksiyası zamanı dəyişməsi, bəbəklərdə bitişmələrin olması və ağrı ilə müşayiət olunur. Göz daxili təzyiqin yüksəlməsindən əziyyət çəkən qlaukoma xəstələrində də mütəmadi göz ağrıları ola bilir. Kəskin və şiddətli ağrı, qızartı, göz önündə rəngli həlqələrin görülməsi, görmə zəifləməsi, ürəkbulanma, qusma isə qlaukomatik kriz əlamətidir. Görmə siniri iltihabi – optik nevrit zamanı göz almasında yaranan ağrı, xüsusilə göz almasının hərəkəti zamanı narahat edir, yaxud olan ağrı hərəkət zamanı daha da kəskinləşir. Kəskin konyunktivitlər zamanı ağrı qızartı, ifrazat, ödemlərlə müşahidə olunur".

A.Əliyeva, həmçinin ağrıya səbəb olan digər göz xəstəlikləri barədə də danışıb: "Qapaq iltihabı – blefarit və “it dirsəyi” zamanı ağrı qapaqlarda lokal şişkinliklə, qızartıyla başlayır. Xəstələr, adətən, göz yuvası toxumalarının müxtəlif səbəblərdən iltihabı zamanı orbitaya sirayət edən ağrıları səhvən göz alması ağrısı kimi ifadə edirlər. Miozit, orbital selulit kimi vəziyyətlərdə ağrı, görmə zəifləməsi, qapaqlarda və ətrafında kəskin ödem, göz alması hərəkətində məhdudiyyət ilə müşahidə olunur. Gözə düşən yad cisim, gözdə kəskin quruluq, göz alması “ağı” – skleranın iltihabi olan sklerit və episkleritlər ağrı verir.

Müxtəlif dərəcəli qüsurlar, misal üçün hipermetropiya, astiqmatizm korreksiya olunmadığı hallarda da görmə gərginliyi zamanı ağrı yarana bilər. Xüsusilə qaşarası nahiyədə hiss olunan ağrıya iş gününün sonunda baş və boyun ağrıları da qoşulur. Bəzi çəplik növlərində də gözdə ağrı olur".

Həkim-oftalmoloqun dediyinə görə, gözlərdə olan, lakin birbaşa göz ilə əlaqədar olmayan ağrılar sinusit, diş iltihabı, miqren tutması, üçlü sinirin birinci şaxəsinin nevralgiyası, arterial təzyiqin yüksəlməsi, hərarətin yüksəlməsi zamanı, orbita divarı ətrafındakı sümüklərin travmatik sınıqları yaxud yumşaq toxumanın müxtəlif iltihabları kimi xəstəliklər səbəbindən baş verir.

"Göz ağrılarının müalicəsi səbəbindən asılı olaraq aparılır. İsti yerli kompres, görmə gərginliyinin azaldılması, 8-9 saatlıq yuxu, istirahət, lazım olduğu hallarda sistematik müalicə təyin olunmaqla ağrılar aradan qaldırılır", - deyə mütəxəssis əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: