Muxtar respublikada telekommunikasiya şəbəkələrinin payız–qış mövsümünə hazırlığı ilə bağlı monitorinqlər davam edir - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, monitorinqlər Culfa, Şahbuz, Ordubad və Sədərək rayonlarında davam edir.
Monitorinqlər zamanı telekommunikasiya şəbəkələrinin payız-qış mövsümünə hazırlığı məqsədilə qəzalı vəziyyətdə olan xətt və dirəklər dəyişdirilir, müvafiq mal-material ehtiyatı yaradılır, aşkar edilən digər nasazlıqlar aradan qaldırılır.
Avtomat telefon stansiyalarının işinə nəzarət olunur, istismar olunan qurğulara, o cümlədən generatorlara və akkumulyatorlara texniki baxış keçirilir, çatışmazlıqlar aradan qaldırılır. Avtomat telefon stansiyalarının fasiləsiz fəaliyyəti üçün müvafiq yanacaq ehtiyatının yaradılması, rabitə mütəxəssislərinin mövsümə uyğun geyim və zəruri avadanlıqlarla təmin edilməsi istiqamətində də işlər davam etdirilir.
Həmçinin monitorinqlər zamanı rayon rabitə idarələrinin binalarının dam örtüklərinin, istilik, su və kanalizasiya xətlərinin, yanğınsöndürmə balonlarının istifadəyə yararlığı yoxlanılır, mühafizəçilərin fəaliyyəti və onların mövsümə uyğun geyimlə təmin olunması diqqətdə saxlanılır. Qazanxanalar işlək vəziyyətə gətirilir.