Vətən müqəddəsdir, Vətən anadır,
Könlüm bu ananın sorağındadır.
Əsl vətəndaşlar, əsl igidlər,
Doğma Azərbaycan torpağındadır!
Vətəni ən ülvi məhəbbətlə sevən insanlar üçün Vətən ürəkdə başlayıb, şəhadətlə bitər. Vətənpərvərlik-vətənini, dövlətini, xalqını, millətini sevmək, onun əbədi müstəqilliyi üçün çalışmaq, bu yolda hər məziyyətə sevə-sevə qatlaşmaqdır. Vətəninin çağırışlarına cavab verməkdir əsl vətənpərvərlik. Vətəni qorumaq, daim müdafiəyə hazır olmaq isə hər birimizin borcudur.
Biz keçən il bu günlərdə sözün əsl mənasında ordumuzla nəfəs alırdıq. Onların cəbhədə irəli getdiyi hər an döş qəfəsimizə sığmayan qəlbimiz biraz da fərəhlənirdi. İndi isə dastana dönən Zəfər dolu 44 günün hər dəqiqəsini sanki təkrardan yaşayırıq. Azərbaycanın yenilməz ordusu elə bir qələbə yaşatdı ki, bizə sevincimiz el-oba bilmədi, diyar-diyar dolandı, tanıdığımız, tanımadığımız bütün ölkələrə səs saldı.
Vətən müharibəmiz başlayan gündən düşməni geri çəkilməyə məcbur edən ordumuz gərgin döyüşlərdən üzü ağ çıxmağa davam edirdi. Keçən il elə bu gün yəni Zəfər dastanının 24-cü günü artıq öyrəşdiyimiz və həyəcanla gözlədiyimiz bir xəbəri aldıq. Müzəffər ordumuz Zəngilanın işğal tarixini də silərək azadlıq tarixi ilə əbədi olaraq yenilədi. Beləliklə, 20 oktyabr 2020-ci il Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri Azərbaycana qovuşdu.
Yurdumuzun səmasındakı qara buludları dağıdan oğullar üçün...
Düşmənin belini qıran oğullarımızla cəbhədə olmasaq da varlığımızı hiss etsinlər deyə əlimizdən gələni əsirgəmirdik...Payız fəsli idi. Havalar soyuyur, ama Allaha dualar edirdik. Hamılıqla edilən dua Tanrıya tez çatarmış. Biz də hər bir əsgərin, zabitin atası, anası, bacısı, qardaşı olduq, əllərimiz göydə dualarda birləşdik. Bu payız soyuq biraz ləngisin, Ulu Tanrı oğullarımızın qoluna güc, qüvvət, dözüm versin, namərd gülləsindən qorusun deyə. Lakin yenə də anaların ürəyi nigaran idi. Oğullarının cəsarətinə, gücünə, nələrə qadir olduğuna bələd idilər, amma, ana ürəyidir axı, balaları gecə, gündüz demədən soyuq səngərdə düşmənlə çarpışırdı. Beləcə, göz qırpmadan açılır səhərlər, nigarançılıq hökm sürsə də sonda xoş xəbərlərdən ümidlər üzülmürdü. İgidlərimiz isə bizdən uzaqda, döyüş meydanında elə bir qələbə qazanırdı ki, nə soyuğu hiss edirdilər, nə də aclığı. Onları ayaqda saxlayan 30 illik yurd həsrəti və o tükənməz həsrətdən doğan cəsarət idi.
Cəsarət yüksək insan ləyaqətidir, bu olmasaydı, “qələbə” sözü, “qəhrəman” sözü, “məhəbbət” sözü də olmazdı. Biz isə bu günə qədər cəsur Azərbaycan oğullarının cəsarətindən heç vaxt şübhə duymamışıq. Ona görə də hamımız elə bu yola onlarla bərabər çıxdıq. Onlar isə qarış-qarış aldıqları torpaqlarımızı, o torpaqlarda heç vaxt olmayan insanları belə sevdirdi.
Axı vaxtı ilə o torpaqlardan didərgin salınan oğullar üçün maraqlı idi bir vaxtlar ata-anasının qucağında min bir zülümlə qovularaq çıxarıldığı o doğma torpaqların indi necə olduğu. Bəlkə də, elə buna görə görmək, bilmək, öyrənmək istəyi o oğulların qəlbində zəfər mülkünü çoxdan inşa etmişdi. Onların 30 ildir qətrə-qətrə qəlblərinə yığıb səbrlə məqamını gözləyən qəzəbləri idi o döyüş meydanında vulkan olub düşmənin üzərinə püskürən.
El bir olsa dağ oynadar yerindən
Vətən müharibəsində bir amal ətrafında, bəlkə də tarixin heç bir dönəmində olmadığımız kimi həmrəy olduq, haqq savaşımız uğrunda hər birimiz müsəlləh əsgərə çevrildik. Zəfər tağını Azərbaycan xalqının hər bir övladı öz əlləriylə, kərpic-kərpic hördü. İnsanlar maddi imkanı çatdığı qədər Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürdü. Cəbhəyə doğru sovqat karvanları yola çıxdı. Qurbanlar kəsildi, nənələr corab toxudu, şagirdlər məktub yazdı. Azərbaycan xalqı əsgərlərimizin sağ-salamat olmaları üçün əl açıb Tanrıya dua etdi. Öz əmək pensiyasını əsgərə göndərən Hikmət babanın, Şuşada dalğalansın deyə bayraq tikən Laçın nənənin, özünə saz almaq üçün topladığı pulu Silahlı Qüvvələrimizə göndərən 8 yaşlı Cavanşirin və ordumuza təmənnasız, heç düşünmədən yediyindən, içdiyindən göndərən minlərlə insanımızın 44 gün ərzində dayanmadan göstərdiyi dəstək bizə xalq və ordu birliyimizin necə sğlam olduğunu göstərdi. Xalqının sevgisi ilə biləyinə, qəlbinə daha da güc yığan bu ordunu kim məğlub edə bilərdi ki?
Keçən il bu zaman şəhərimizin hər yerində, ali məktəblərin önündən, yaşayış binalarından, sakinlərin pəncərə və eyvanlarından, məscidlərdən Azərbaycanın üçrəngli bayrağı asılır, ictimai nəqliyyat vasitələrinin, şəxsi avtomobillərin pəncərələrinə bayraqlar, şəhid qəhrəmanlarımızın şəkilləri, orduya, əsgərlərimizə yönəlik ruhlandırıcı, vətənpərvərlik ruhu aşılayan plakatlar vurulur, uşaqlar, yeniyetmələr küçələrdə, meydanlarda kollektiv vətənpərvərlik mahnıları oxuyurlardular. 44 günlük müharibə bizə çox şey öyrətdi. Demək, biz illərdir toy-bayramlarda təkcə Qarabağ üçün dua etməklə qalmamışıq. Biz həm də vətənpərvər gənclik formalaşdırmışıq, güclü ordu yaratmışıq, o ordunun sıralarında ləyaqətlə, şərəflə, canla-başla xidmət edən ərlər-ərənlər böyütməyə nail olmuşuq. Əslində heç nə təsadüfi deyildi. Döyüşlər zamanı yağı düşmən texnikasını, silah-sursatını döyüş meydanında atıb qaçarkən bizim arxa cəbhədə olan gənclərimiz könüllü surətdə ordu sıralarına yazılmaq, düşməni məhv etmək üçün can atırdılar. Vətən müharibəsinin başlamasından bir gün sonra ölkə ərazisində səfərbərlik elan olunan andan Vətənimizin bütün qeyrətli oğulları ayağa qalxdı. Hər kəs yaşından aslı olmayaraq Vətənin müdafiəsinə getməyə, cəbhədə qardaşları ilə çiyin-çiyinə vuruşmağa tələsdi. Bax beləcə, könüllülərdən ibarət dəstələr də cəbhəyə yollanmağa başladı. Onların igidliyi, mərdliyi, səbri, dözümü onları bu torpağın xilaskarına çevirdi.
Döyüşən hər bir oğulun yolu zəfər yolu idi, bu yol haqqın yolu idi, vətən yolu idi. Günlər keçir, bütöv vətən torpağına doğru yollar qısalırdı. Hər gün qələbə xəbərləri üçün səbirsizlənirdik. Müharibəyə kim sevinər ki? Amma biz sevinirdik. Geri dönmək və dayanmaq yox idi. Ancaq irəli. Artıq qılıncımız qından çıxmışdı. Qanmazı qandırmağın vaxtı da çoxdan çatmışdı. Ordumuza da yaraşan bu idi. Onlar bu gün üçün yetişmişdi. Düşmənin belini sındırıb yurduna dikilən gözləri yuvasından çıxaracaq, Qarabağa gedən yolu sona kimi açacaqdı. Qarabağ köksünə açılan şırımlarla öz övladları üçün darıxırdı. Gəlişimizi eşidirdi, hiss edirdi. Ona gedən yollar igid ərənlərin, şəhidlərin al qanı ilə yuyuldu, paklandı. 44 gün ərzində keçən hər an, axan hər oğul qanı Qarabağı Azərbaycana daha da yaxınlaşdırdı. Vətən övladları candan, qandan keçdi. Çox heyatlar yarıda qaldı. Heç nə asan olmadı. Gələn hər Şəhid bir evə yox, elə gəldi. Bu gəliş adi gəliş deyildi. Alınları ağ idi şəhidlərimizin. Onlar Vətən uğrunda topun, tüfəngin, tankın qarşısına çıxanda ürəklərində təkcə bir dilək varidi - “Təki sənin səmanda dalğalansın 3 rəngli al bayrağım! Təki sən hür yaşa Qarabağım! Təki boynuna bir daha toxunmasın düşmən nəfəsi” deyərək şəhadətə yüksəldi Qarabağın qarasını silənlər.
Əsrlərin o üzündən gələn bir deyim var: "Torpağı qorusan, Vətən olar, qorumasan - kəfən". Vətənə məhəbbət, yurda sədaqət milli mənlik şüurunun təməl daşlarıdır! Bu müharibə həm də bizə vətənpərvərlik ruhunda böyüyən, ana Vətəni canlarından da çox sevən qəhrəman oğullarımızın kimliyini tanıtdırdı. İndi bu oğulların şəninə min dastan da yazsaq azdır. Onlar ki bayrağa içdiyi anda sadiq, əhdə vəfalı oldular, onlar ki düşmən qarşısında üzümüzü ağ, başımızı dik eledilər. O oğullar, o sərkərdələr əsirlik yolları qət edərək heç görmədikləri o torpaqları azadlığa qovuşdurdular.
Başın uca olsun, ay gözüm, canım,
Vüsala yetişdi könül sevdası.
Sayəndə güləcək Azərbaycanım,
Gəldi Qarabağın o xoş sədası.
Qayıdışın mübarək çinarlı yurdum!
29 oktyabr 1993-cü ildən bəri Zəngilan üçün bütün fəsillər qışa, bütün bayramlar matəmə dönmüşdü. Ta ki 2020-ci ildə kədəri, matəmi dağıdıb toy-büsatı qaytaran oktyabra kimi. Ərənləri Zəngilanın 28 ildir əynindən çıxarmadığı qara libasını əbədilik yox edib əlvan rəngini geri qaytardı. Bundan sonra Zəngilan firavan, şad həyatına qaldığı yerdən davam edəcək. Hə, bir də illərdir ki, Vətən torpağı ilə əlaqəsi kəsilən Naxçıvan adlı qardaşının Azərbaycana uzanan əli olacaq. Vətənin mərd övladları təkcə Zəngilanı əvvəlki şöhrətinə qovuşdurmaqla qalmadı onların sayəsində Zəngilanla olan 40 kilometr məsafəni bizə daha da yaxın etdi.
Bilirəm ki, işğaldan azad olan torpaqlarımızda görülən genişmiqyaslı quruculuq işləri, reallaşdırılan layihələrlə hər bir Azərbaycanlı böyük həyəcan və sevinclə maraqlanır. İndi yollar çəkilir, abadlıq işləri görülür, yaşayış məntəqələrimiz yenidən salınır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməli qoyulan zaman Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə, ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək”. deyərkən bütün naxçıvanlıların, zəngilanlıların sevinclə dolan gözlərini təsəvvür etmək çətin deyil. Bəli, biz bunu bacardıq. Biz böyük qayıdışa Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında “Dəmir yumruq” olaraq, birlik olaraq nail olduq. Qayıdışın mübarək, Zəngilan! Qayıdışın mübarək, Qarabağ!
Vətən yolunda ömrünü fəda edən əsgərim, zabitim! Sən bizi ocağımıza, yuvamıza qaytardın. Ey düşmən çəpərim, yurd yarası sızlayanlar sənə sığındı. Sən gözü yolda qalanı, gözü yaşlı qalanı vüsalına yetirdin. Sən Qarabağa apardın bizi. Düşmən önündə yenilməyən dağ kimi duruşunla hər zaman ürəyimizdə yaşayacaqsan!
Şükufə Vidadiqızı
jurnalist