Azərbaycan hərb tarixində özünəməxsus yeri olan general-mayor III Kalbalı xan bir sıra müharibələrdə iştirak edərək böyük şücaətlər göstərib və müxtəlif orden və medallara layiq görülüb. Məhz bu xidmətlərə görə III Kalbalı xan Naxçıvanskinin həyat və fəaliyyətini öyrənmək hər bir gəncin vətəndaşlıq borcudur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Naxçıvan Dövlət Texniki Kollecində “Əcdadlarımızı tanıyaq” silsiləsindən III Kalbalı xan Naxçıvanskiyə həsr olunmuş tədbirdə səsləndirilib.
Tədbirin keçirilməsində məqsəd tarixi şəxsiyyətin keçdiyi qəhrəmanlıq yolu haqqında gəncləri məlumatlandırmaq, onlara vətənpərvərlik tərbiyəsi aşılamaq olub.
Bildirilib ki, 20 oktyabr 1891-ci ildə Naxçıvan şəhərində anadan olan, hərbi taktikanı və strategiyanı əla bilən Kalbalı xan Naxçıvanın erməni daşnaklarından müdafiə olunmasında böyük şücaət göstərib. Daşnak erməni quldurları ilə qəhrəmancasına vuruşan könüllü naxçıvanlı döyüşçülərin önündə gedən Kalbalı xan təslimolunmaz, məğlubedilməz Naxçıvan amalı ilə axıradək qəhrəmancasına döyüşüb. Ermənilərin bütün məkrlərinə igidliklə cavab verən Kalbalı xanın haqqında arxiv sənədlərində “Xalqın sevimlisi Kalbalı xan” yazılıb.
Sonra kollecin tələbələri III Kalbalı xan Naxçıvanskinin həyat və fəaliyyətinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər.
Hafizə Əliyeva