Arpaçay Dövlət Təbiət Yasaqlığında muflon və bezoar keçilərinin qidalanması üçün ərazilərə yem dağıdılıb
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekoloqlar Arpaçay Dövlət Təbiət Yasaqlığının “Billava” adlanan ərazisində növbəti biotexniki tədbiri həyata keçiriblər. Ərazidə 100 kipə yaxın qaba yem və 1,5 tondan çox daş duz gətirilərək ehtiyat məqsədilə yerləşdirilib. Artıq daş duz ehtiyatından 300 kiloqram istifadə edilməklə muflon və bezoar keçilərinin qidalanması üçün ərazilərə dağıdılıb.
Mütəxəssislər bildirirlər ki, bu tədbirin həyata keçirilməsi muflon və bezoar keçilərinin yemə olan tələbatını yaxşılaşdırır. Odur ki, qış aylarında dağlıq ərazilərdə hərəkətin çətinləşməsini nəzərə alaraq indidən qabaqlayıcı tədbirlər görülür.
Qeyd edək ki, həyata keçirilən biotexniki tədbirlər dağlıq ərazilərdə çöl heyvanlarının qidalanmasını xeyli asanlaşdırır, xəstəliklərə qarşı davamlılığını artırır, qış fəslindən sağlam çıxmasına münbit şərait yaradır.
Məhəmməd Fərəcov