Ötən ildən başlayaraq Kəngərli rayonunda tütün bitkisinin əkininə başlanılıb. İlk olaraq rayonun Təzəkənd, Xıncab və Qarabağlar kəndlərində 9 hektar sahədə sınaq məqsədilə məhsuldar “Virciniya” və “Oriental” tütün sortları əkilib. Elə həmin il 11 tondan artıq quru tütün istehsal olunub. Bu isə torpaq mülkiyyətçilərinin və sahibkarların adıçəkilən sahəyə marağını artırıb.
Cari ildə də rayonun Böyükdüz, Xıncab, Çalxanqala, Qarabağlar və Xok kəndlərində, ümumilikdə, 26 hektar sahədə tütün əkilib. Əkinlər “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı və fermerlər tərəfindən həyata keçirilir. Şırım üsulu ilə əkilən tütün sahələrinə vaxtlı-vaxtında aqrotexniki qaydalara uyğun qulluq göstərilib. Nəticədə yüksək məhsuldarlığa nail olunub. Əkin zamanı həmin sahələrdə də məhsuldar və yerli şəraitə tez uyğunlaşan “Virciniya” və “Oriental” tütün sortlarından istifadə olunub. Tütün yetişdirilməsi üçün məhz bu kəndlərin ərazisinin seçilməsinin səbəbi burada torpaqların tütünçülük üçün əlverişli olması ilə bağlıdır. Bu tədbirlər həmin yaşayış məntəqələrinin əhalisinin məşğulluğunun təmin edilməsinə öz müsbət təsirini göstərir.
Artıq iyul ayının əvvəllərindən etibarən sahələrdən tütünün qırımına başlanılıb. İndiyədək 110 ton məhsul götürülüb. Qırım işi hazırda davam edir. Sahələlərdən tədarük olunan tütün Tütünyetişdirmə Təsərrüfatındakı anbarlara gətirilir və burda qurudulur. Qeyd edək ki, Kəngərli rayonundakı yeni Tütünyetişdirmə Təsərrüfatı ötən ildən fəaliyyətə başlayıb. Təsərrüfatın ərazisində istixanalar, yeraltı su anbarı, tütünqurutma yeri və anbarlar yaradılıb.
“Yeni həyat” qəzeti