Bu bitki əhali arasında müxtəlif adlarla adlanır. Naxçıvanda həyətyanı sahələrdə çox az miqdarda becərilir. Bitkinin Aralıq dənizi ətrafı ölkələrdə, keçmiş SSRİ-nin Avropa hissəsinin cənubu, Mərkəzi Asiyada, Kiçik Asiyada, İran, Əfqanistan və Qafqazda 30-a yaxın növü bitir. Bir çox xarici ölkələrdə qiymətli ərzaq, boya, texniki və sair bitki kimi becərilir. Azərbaycanın bütün rayonlarında, arandan orta dağ qurşağınadək quraq gilli, çınqıllı yamaclarda, alaq kimi əkinlərdə, bağ və otlaqlarda yayılıb. Yarpaqları tikanlı, səbət çoxçiçəkli, oval formalı olub, gövdənin ucunda yerləşir. Çiçəkləri əlvan narıncı, sarı rəngdə olur.
Naxçıvan Muxtar Respublikası, o cümlədən Babək rayonunun ərazisində yabanı növü alaq kimi bitir. 15-20 il öncə geniş talalar şəklində rast gəlinirdi və qiymətli yem bitkisi hesab edilirdi. Rayon ərazisində “sarıtikan” kimi tanınan bu bitkinin tünd sarı çiçəkləri olmaqla yanaşı, yetişdikdə gövdə və yarpaqları da sarı rəngdə alır.
SSRİ dövründə Qazaxıstan, özbəkistan və Tacikistanda plantasiyalarda becərilsə də Azərbaycanda yalnız həyətyanı sahələrdə az miqdarda becərilir.
Sarıçiçək digər yağlı bitkilərə nisbətən quraqlığa dözümlüdür. Toxumların tərkibində 27-37 faiz yağ vardır. Yağın tərkibi günəbaxan, pambıq və soya yağına yaxındır. Bitki yağı-marqarin istehsalında istifadə olunur. Əlif alınmasında istifadə olunur. Toxumun tərkibində yod ədədi 150, yağın təkibində doymuş turşular 8,6 faiz təşkil edir. Doymamış turşulardan Olein turşusu 16,74 faiz, Linol turşusu 71,3 faiz, Linolein turşusu 3,4 faizdir. Toxumdan yağ alınan zaman bir tondan 600-650 kq jımıx alınır. Toxumları heyvan və quşlar üçün qiymətli və çox kalorili yemdir. Apardığımız əyani təcrübə göstərir ki, yaxşı becərildikdə hər kolda 6-10 ədəd, bəzən artıq səbət olur. Səbətdəki toxumların sayı 40-60 arasındadır. Yaxşı becərilərsə orta hesabla birə dörd yüz məhsul almaq olar. Ümumiyyətlə əkinlərdə 60-70 santimetr cərgə arası, 13-15 santimetr bitki arası götürülür. Hektara 3-4 sentner superfosfat gübrəsi verilir. Bir dəfə cərgəarası kultivasiya aparılır. Toxumların əkin zamanı 5-6 santimetr dərinə düşməsi məsləhət görülür. SSRİ-də bir neçə növ becərilsə də Azərbaycanda bir növünün becərildiyi qeyd edilir. Buna baxmayaraq əkində yarpaqları və səbətin ucları tikanlı və tikansız olur. Tikansız kolların səbətləri böyük olduğu üçün daha məhsuldardır. Çiçəklərini toplamaq əlverişli olduğu üçün, bəzi təsərrüfatçılar təbii seçmə yolu ilə tikansız sortları artırırlar.
Sarıçiçək (çağalagül) əkilən sahədə alaq otları tamamilə məhv olur, sahənin torpağı yumşalır, torpaqda azotun miqdarı artır. Ona görə də bir çox bitkilər üçün çox yaxşı sələf rolunu oynayır. Bitkinin toxumdan əlavə də əhəmiyyəti böyükdür. Bəzən 20-30 santimetr boy verən zaman yaşıl kütləsinin qovurub yeyirlər. İkinci əhəmiyyəti isə onun çiçəkləridir.
Bitkinin çiçəklərində qlikozitlərdən kartamin, izokartamin, kartamidin-5-qlikozit, 7-qlikozit-lyutelin vardır.
Sarıçiçəyin çiçək ləçəklərində iki müxtəlif fərqli boyaq piqmenti vardır - sarı və qırmızı.
Sarı piqment - saflorqel - az qiymətli hesab edilir. Əsasən ləçəklərin suda yuyulması vasitəsi ilə hazırlanır.
Qırmızı maddə olan kartamin suda çətin həll olur. Efirdə isə kartamin tamam həll olmur, ancaq spirtdə asan həll olur. Bundan başqa piqment və rənglər də vardır.
Sarıçiçəkdən alınan zərərsiz sarı, qırmızı rənglər yeyinti sənayesində karamel hazırlanmasında istifadə edilir.
Sarıçiçəyin çayları müxəlif çayların tərkibində istifadə olunur.
Tibbdə qəbizliyin aradan götürülməsi, sidik və ödqovucu kimi istifadə edilir. 80 faiz linol turşusu ilə hazırlanır. Linol turşusu qan damarlarına elastiklik verir, orqanizmin həyat proseslərini nizamlayır.
Kosmetikada sarıçiçək yağı daha çox qiymətləndirilir.
Babək rayonu ərazisində bu qiymətli bitkinin becərilməsi üçün geniş imkanlar vardır.
Zaleh Novruzov