Naxçıvanın ədəbi mühiti haqqında dəyərli mənbə - VII yazı

A- A A+

Müzəffər Nəsirli

Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat

           1920-1970-ci illər

 ( Davamı)

1930-40-cı illərdə Naxçıvanda yazıb-yaradan yazıçılardan biri də Qurban Qurbanov idi. O, hələ Naxçıvan pedaqoji texnikumunda təhsil alarkən ədəbi yaradıcılığa meyl etmişdi. Onun ilk əsəri olan “Xoşbəxtlik” dramı 1928-ci ildə tamaşaya qoyulmuşdu. Pyesdə yoxsul bir uşağın Sovet hökuməti dövründə oxuyub kamala çatmasından bəhs olunur.  Bu kiçik səhnə əsəri Qurbanın yaradıcılıq istedadına malik olduğunu zahirə çıxardı.

Qurban Qurbanov orta və ali təhsil aldıqdan sonra muxtar respublikanın ictimai həyatında fəal iştirak etmiş, Birinci çağırış Naxçıvan MSSR  Ali Sovetinin deputatı olmuşdu. Uzun müddət muxtar respublikada incəsənət və ədəbiyyat cəbhəsinə rəhbərlik etmişdi.

Böyük Vətən müharibəsi başlanandan sonra Qurban Qurbanov cəbhəyə getmiş və geri dönməmişdir. Qurban Qurbanov qısa ədəbi yaradıcılığı dövründə əsasən bir dramaturq kimi fəaliyyət göstərmiş “Ayrım”, “Himalay”, “Xosrov və Şirin” adlı dram əsərləri yazmış, həmin əsələr Naxçıvan Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdu. “Xosrov və Şirin” pyesi 1940-41-ci illərdə “İnqilab və mədəniyyət” jurnalında çap olunmuşdu. Onun “Qurtuluş” pyesi  isə bitməmiş qalmışdır. (Bir parça 8 may 1934-cü ildə “Şərq qapısı” qəzetində təfriqə şəklində çap olunmuşdu).

Həmin illərdə yaradıcı gənclərin arasında öz yaradıcılığı ilə fərqlənən və nəsr sahəsində çalışan Miryəhya Seyidov idi.  Lakin gənc yazıçı uzun axtarışdan sonra öz həqiqi yaradıclıq yolunu tapdı.  Ədəbiyyat  tarixinə, ədəbi tənqidə meyl elədi. Məhz buna görə də Miryəhya Seyidov hazırda (1974-cü il) görkəmli Azərbaycan tənqidçi-alimidır. Bakı şəhərində yaşayır və öz elmi-ədəbi yaradıclığını davam etdirir. Böyük Vətən müharibəsi ərəfəsində Naxçıvanda öz ədəbi yaradıcılıqları ilə fərqlənən istedadlı gənclər çox idi. Bunlardan Böyük Vətən müharibəsinə kimi müntəzəm olaraq çap olunan Ənvər Əylisli idi. Ənvər Əylisli öz şeirlərində yeni fikir və duyğuların poetik ifadəsinə xüsusi diqqət yetirirdi. O, təbiət mənzərələrini, Vətənimizin gözəlliyini, anadan olduğu Ordubadın şairanə mənzərələrini ilhamla təsvir edirdi.

1940-cı ildə gənc şair yazmışdı: 

Bax, dağın üstünə yayılan duman

durna qatarı tək düzülüb gedir,

gümüşü lent kimi axan sulardan

öpüşlər alaraq, süzülüb gedir.

  Ənvər Əylisli yalnız doğma Vətənin təbiətini təsvirlə kifayətlənməyərək ,  öz şeirlərində Vətən məhəbbətini, xalqın yaşamaq və yaratmaq həvəsini  də ifadə etməyə çalışırdı. O, “Ədəbiyyat qəzetində”  çap olunan şerində bu nəcib  hisslərini belə ifadə etmişdi:

Nəğməkar  bülbüləm, bu yurd məskənim,

Yaşamaq, yaratmaq, fikrimdir mənim.

Səadət suyunda süzür durmadan

Nəşədən yük tutmuş, zirehli gəmim.

Ənvər  Əylisli irihəcmli “Komsomol Qulam” adlı poema da yazmış, poemadan bir parça, 18 may 1934-cü ildə “Şərq qapısı” qəzetində Azərbaycan yazıçıların 1-ci qurultayına həsr olunmuş səhifədə çap olunmuşdu. Poemada komsomolçuların  əmək cəbhəsində fədakarlığı öz bədii ifadəsini tapmışdır.

  Lakin həmin illərdə gənclərimizin əsərlərə hələ çox ibtidai şəkildə idi, onlar sovet xalqının sosializm cəbhəsində qazandığı nailiyyətləri hələ yüksək bədii şəkildə ifadə edə bilmirdilər, yalnız gündəlik məsələlərdən bəhs edən şerlər yazırdılar. Böyük Vətən müharibəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasında yaşayıb yaradan ədəbi gəncliyin yetişməsində Vilayət Partiya Təşkilatının, onun orqanı olan “Şərq qapısı” qəzetinin müstəsna rolu olmuşdur.

Çünki müharibəyə kimi, Naxçıvanda yazıçı kadrların yetişməsində böyük Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuş, 416-cı Azərbaycan Taqanroq diviziyasının siyasi işçisi,   müharibəyə kimi Naxçıvan Muxtar Respublikasında İncəsənət İşləri Komitəsinin sədri olan  İsmayıl Sayılovun   xidməti böyük olmuşdu. 

İsmayıl Sayılov şeir həvəskarı olduğundan bu istedadlı gəncləri öz ətrafında birləşdirərək, Naxçıvanda ədəbi həyatın canlanmasına yardım göstərmişdi. O, özü də şeirlər yazırdı. Ədəbi hadisələrin təşkilində fəal iştirak edirdi. Təəssüf ki, Böyük Vətən müharibəsi, Naxçıvanda yaradıcılıq sahəsinə atılmış  gənclərimizin ədəbi fəaliyyətini dayandırdı.  Gənclər Vətənin çağırışı ilə cəbhəyə getdilər. Lakin buna baxmayaraq arxa cəbhədə qalan yazıçı və şairlər çox mürəkkəb bir şəraitdə qələmi yerə qoymadılar. Partiyamızın arxa cəbhədə xalqın qarşısında qoyduğu vəzifəni dərk edən yazıçı və şairlər Nağı Nağıyev, Məmməd Tarverdiyev, Əkbər Məftun, Əbülfəz Abasquliyev, Hüseyn Əzim və başqaları yeni ədəbi əsərlər yazırdılar.  Onların əsərlərinin başlıca mövzusu alman faşist işğalçılarına   ümumxalq nifrəti, vətən məhəbbəti və xalqı  böyük imtahan dövründə vətənpərvər ruhunda tərbiyə və səfərbər etməkdən ibarət idi.   

                                                                                                    (Ardı var)

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: