Sağlamlıq imkanları məhdud 47 qonaq Naxçıvanla tanış olub - FOTOLAR
Ölkəmizin digər regionlarından olan sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikaya növbəti dəfə səfəri və müalicələri təşkil olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkəmizin digər regionlarından olan daha 47 sağlamlıq imkanları məhdud şəxsin muxtar respublikaya səfəri təşkil olunub. Onlar Naxçıvanda yaradılan şəraitdən bəhrələnməklə Naxçıvan Diaqnostika Müalicə Mərkəzində, “Duzdağ” Fizioterapiya Mərkəzində və “Darıdağ” arsenli su müalicəxanasında müalicə alıb, istirahət ediblər.
Səfər müddəti qonaqlar, həmçinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanın bir sıra gəzməli-görməli yerlərində olub, konsert proqramları izləyiblər. Əlavə olaraq qonaqların “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Mömünə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyası təşkil olunub. Daha sonra qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar.
Ekskursiyanın davamında, sağlamlıq imkanları məhdud şəxslər üçün “Sahil Parkı”nda çay süfrəsi təşkil olunub.
Qeyd edək ki, ölkəmizin digər bölgələrindən sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikaya səfərlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.
Məhəmməd Fərəcov