Ümumdünya Meteorologiya Təşkilatı: atmosferdə istixana qazlarının konsentrasiya səviyyəsi yeni rekorda çatıb

A- A A+

Keçən il atmosferdə istilik saxlayan istixana qazlarının konsentrasiyası yeni rekorda çatıb. Bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) həyəcanla bildirib. NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, təşkilatın ekspertləri bu tendensiyanın 2021-ci ildə də davam etdiyini qeyd edirlər.

2020-ci ildə karbon qazının (CO2) konsentrasiyası milyonda 413,2 hissəyə çatıb. Bu isə sənayeləşmədən əvvəlki dövrün səviyyəsinin 149 faizini təşkil edir. Metan konsentrasiyası 1750 ilin səviyyəsinin 262 faizini, azot oksidi (N2O) isə 123 faizini təşkil edib.

ÜMT ekspertləri qeyd edirlər ki, COVID-19-un səbəb olduğu iqtisadi tənəzzül nəticəsində yeni emissiyaların müvəqqəti azalması atmosferdə istixana qazlarının konsentrasiyası səviyyəsinə və onların artım sürətinə nəzərəçarpacaq təsir göstərməyib.

CO2 molekullarının uzun ömür müddəti nəzərə alınaraq, hətta emissiyalar kəskin şəkildə sıfıra endirilsə belə, mövcud temperatur səviyyəsi daha bir neçə onilliklər ərzində qalacaq. İstixana qazlarının konsentrasiyalarının artması qlobal istiləşmə ilə yanaşı, yüksək istilik, güclü yağışlar, buzların əriməsi, dəniz səviyyəsinin qalxması və okeanların turşulaşması da daxil olmaqla ekstremal hava hadisələrinin sayının artmasına gətirib çıxaracaq. Bütün bunlar, şübhəsiz ki, genişmiqyaslı mənfi sosial-iqtisadi nəticələrə səbəb ola bilər.

Bu gün insan fəaliyyəti nəticəsində atılan CO2-nin təxminən yarısı atmosferdə qalır. Digər yarısı isə okeanlar və yerüstü ekosistemlərlə udulur. ÜMT-nin yeni məruzəsinin müəllifləri xəbərdarlıq edirlər ki, okeanların və yerüstü ekosistemlərin istixana qazlarını udmaq və temperaturun daha əhəmiyyətli artımına qarşı bufer qismində çıxış etmək qabiliyyəti gələcəkdə azalacaq.

ÜMT-nin məlumatına görə, 1990-cı ildən 2020-ci ilə qədər uzunömürlü istixana qazlarının radiasiya təsiri - istiləşmənin iqlimimizə təsiri - 47 faiz artıb, həm də CO2 bu təsirin 80 faizini təşkil edir.

"İstixana qazlarının konsentrasiyasının hazırkı artım templəri ilə bu əsrin sonuna qədər temperatur artımı Paris Sazişində nəzərdə tutulan hədəf göstəricilərini əhəmiyyətli dərəcədə keçə bilər - sənayeləşmədən əvvəlki dövrün səviyyələrindən 1,5-2 dərəcə yuxarı", - deyə ÜMT-nin Baş katibi professor Petteri Taalas bildirib. “Biz kursdan xeyli uzaqlaşmışıq”. O, qarşıdan gələn 26-cı İqlim Konfransı zamanı və ondan sonrakı dövrdə hökumətlərin zərərli istixana qazlarının emissiyalarının azalması üzrə yeni öhdəliklər götürəcəyinə ümid etdiyini bildirib.

Petteri Taalas xatırladıb ki, karbon qazı atmosferdə əsrlər boyu, okeanda isə daha uzun müddət qalır. Yer üzündəki bugünkü CO2 konsentrasiyası ilə müqayisə edilə bilən sonuncu dəfə 3-5 milyon il əvvəl, havanın temperaturu 2-3°C, dəniz səviyyəsi isə indikindən 10-20 metr yüksək idi. Lakin o zaman planetin əhalisi 7,8 milyard təşkil etmirdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: