Çalışın, naxçıvanlı dostlarınız çox olsun...

Kubra Məhərrəmova yazır...

765

Hava limanında, təyyarədən Naxçıvana enən kimi torpağın əzmi, ruhu, qoxusu, rəngi adamı ovsunlayır.

Şəhərin təmizliyi, gözəlliyi göz qamaşdırır. Əlində çıraq, gündüz çağı gəz, yerdə, ağacın dibində, skamyanın altında bir dənə zibil tapa bilməzsən. Elə bil şəhəri tozsoranla təmizləyiblər. Hünərin var, yerə zibil at. Adamı qayadan aşağı atarlar, düz də edərlər. Kaş ki, bunu Bakıda edə bilsək. Qayamız olmasa da, Xəzər dənizimiz var.

Şəhərin özü də sanki farağat durub. Şax, zabit geyimində, əmrə hazır. Əslində dörd tərəfi dağ silsiləsi olan, ərazisinin əksəriyyəti daş-qaya olan, meşə zolağı çox az olan bu qədim Azərbaycan diyarı əsrlər boyu düşmənlə döyüşüb. Uzun illər blokadada, anklav olan Naxçıvan hər an döyüşə hazır olub.

Heç də təsadüfi deyil ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Vətən müharibəsində, Qarabağ döyüşlərində göstərdiyi şücaət və yüksək döyüş qabiliyyəti haqqında əfsanələr gəzir. Hələ 1992-ci ildə erməni silahlı birləşmələrinin işğal etdiyi Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra - 2018-ci ildə ordumuzun nəzarəti altına keçib. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilib, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb.

Qısası özündən razı olmağa tam haqları çatır. 

Qaya və dağları, sərt kontinental iqlimi özünə ram etməyi bacaran, əsrlər boyu mərd döyüşçü olan, 14 il Teymur qoşunlarının mühasirədə saxladığı Əlincə qalasını müdafiə edən Naxçıvan camaatının buna tam haqqı çatır. Yayda şiddətli istiyə, qışda sərt soyuğa davam gətirən naxçıvanlılar bütün alqışlara layiqdir. Naxçıvanlılar həm də Naxçıvanı ayrı bir sevgi ilə sevirlər.

Dörd tərəfi dağ-dərə olan torpağa sevgiləri sonsuzdur. Bir də hər şeyin ən yaxşısı Naxçıvandadır deyirlər. Sən demə Ordubad limonunun bir ədədi az qala əlli manata satılır. Onu da əgər tapsanız. Gərək Ordubaddan yaxşı naxçıvanlı dostunuz olsun. Ümumiyyətlə çalışın Naxçıvanlı dostlarınız çox olsun. Birincisi çox qonaqpərvərdirlər, ikincisi də çox mərd. Heç vaxt adamı yarı yolda qoymazlar.

Naxçıvanın hər daşı tarixdir. Ayağın daşa dəydisə, deməli tarixi abidədir. Naxçıvanda ən çox sevdiyim daşdan olan qədim qoç heykəlləri oldu. Uşaqlıqda eşitdiyimiz nağıllardakı kimi, işıqlı dünyaya çıxmaq üçün gərək ağ qoça minəsən. Daşdan olan qoç heykəllər Azərbaycanda ən çox Naxçıvan ərazisində yayılıb. Qoç qədim türk xalqlarında güc, qüvvət, bolluq rəmzi kimi qəbul olunub. İnsanların inancına görə qəbirlərin üzərinə qoyulan bu heykəllər dəfn edilənlərin cənnətə getmələrinə yardım edirmiş. Eynən nağıldakı kimi. Daha sonra regionda İslam dini yayıldığına görə qoç heykəllərin də sayı azalıb.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Naxçıvan Muxtar Respublikası Turizm Departamenti ilə birgə Naxçıvanda təşkil etdiyi mediatur çərçivəsində ilk dəfə idi ki, Naxçıvanda idim. Və düşündüm ki, niyə görəsən bu vaxta qədər Naxçıvana gəlməmişəm? Niyə biz özümüzdə olan tarixə, gözəlliyə doğru qiymət vermirik? Əlimizə beş manat pul düşən kimi ora-bura gedib, başına daş salırıq.

Elə özümü danlayırdım ki, bir də gördüm Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit pilləkənlərlə üzü yuxarı Əlincə qalasına qalxır. Pillələri qalxa-qalxa da hər kəlmə başı deyir ki, Naxçıvan möhtəşəm yerdir, turizm potensialı böyükdür, təbiəti gözəldir, tarixi fantastikdir.

Onu da deyim ki, Florian Zenqstşmit Avstriyada anadan olub. Turizm sahəsini çox yaxşı bilir. Uzun illərdir Azərbaycanda yaşayır və Azərbaycan dilini öyrənir. 

Əlincə qalasına çıxmaq heç də asan iş deyil. Qala dəniz səviyyəsindən 1 700 metr yüksəklikdə yerləşir. Dilimiz qatlana-qatlana pilləkənlərlə üzü yuxarı çıxarkən bir şeyə mat qaldım. Sıldırım qayaların içindən, arasından keçərək bu pillələri necə tikiblər, necə bərpa ediblər? Tikinti materiallarını çətin relyefi olan əraziyə necə çatdırıblar? Elektrik xəttini necə çəkiblər? Yol yox, iz yox. Hər tərəf sıldırım qaya, dağ-daş.

Qeyd edim ki, Əlincə qalasına bərpadan əvvəl yerli camaat və turistlər qayaların arasıyla, cığırla qalxırmış. İndi isə müasir infrastrukturlu kompleks hər kəs üçün açıqdır.

İkinci mat qaldığım məqam isə o idi ki, burada da bir dənə olsun zibil tapmaq mümkün deyildi. Nə qayanın dibində, nə pilləkənin üstündə.

Qalanın başında isə qartallar yuva qurub, adam pillələrlə yuxarı qalxdıqca məğrur ov quşlarının səsini eşidir, havada süzməklərini görür. Adam özünü orta əsrdə hiss edir. Həqiqətən də belə tarixi yerdə fərqli ab-hava yaranır. Qalanın başında isə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Elə təkcə bayrağın eşqinə iki mindən çox pilləkəni çıxmağa dəyər.

Onu da mütləq qeyd etməliyəm ki, Əlincə qalası 1386-1400 illərdə, 14 il ərzində mühasirədə qalıb. Teymurun qoşunlarına qarşı mübarizə aparıb. Təəssüf ki, axırda satqınlıq ucbatından təslim olub.

Xalqın kişisi gör arvadı üçün necə məqbərə tikdirib.

Naxçıvanın vizit kartı olan Möminə Xatun türbəsi görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa olunub. Türbənin inşası 1186-cı ildə tamamlanıb.

Azərbaycan Atabəyləri dövlətinin banisi Atabəy Şəmsəddin Eldəniz 1175-ci ildə vəfat etmiş arvadı Möminə Xatunun xatirəsinə bu türbənin tikilməsini əmr edib.

Bu bir daha qədim Naxçıvanda qadına qarşı olan hörmət və dəyərin bariz nümunəsidir. Abidə iki hissədən, yeraltı sərdabə və yerüstü türbədən ibarətdir.

Türbənin bütün ağırlığı lalə şəklində olan sütunun üzərinə düşür. Təəssüf ki, əvvəl 35 metr olan türbənin yuxarı hissəsi aşındığı üçün hazırda tarixi tikilinin hündürlüyü 25 metrdir. Türbə hər bir azərbaycanlının mütləq görməli olduğu tarixi abidədir desəm, yanılmaram.

Türbənin sərdabəsində Möminə Xatundan sonra Atabəy Şəmsəddin Eldəniz və oğlu Atabəy Məhəmməd Cahan Pəhləvan da dəfn olunub. Qeyd edim ki, XII əsrdə Naxçıvan Atabəylər dövlətinin paytaxtı, mərkəzi şəhəri olub.

Elə türbə ilə üz-üzə Naxçıvanın Xan sarayı yerləşir.

Saraya Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və onun müşaviri Kənan Quluzadə ilə birgə daxil olduq. İçəri keçən kimi dilim-ağzım qurudu. Sən demə Xan sarayının “Aynalı otağı” bura imiş. Dörd tərəfi, tavanı güzgü olan bu otaqda Naxçıvan xanları qonaqlarını qəbul edirmiş. Otaq həqiqətən də bərq vurur. Otağın yuxarı hissəsində, divarlarda isə qədim silahlar, tüfənglər və s. kimi eksponatlar saxlanılır.

Saray Naxçıvan şəhərində XVIII əsrdə Şərq memarlıq üslubunda inşa olunub. Tarixi-memarlıq abidəsində XX əsrin əvvəllərinə qədər Naxçıvan xanları yaşayıb. Tikili 1998-ci ildən etibarən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərir.

Naxçıvan xanlarının necə yaşadığını görmək istəyirsinizsə, mütləq bura baş çəkin. Qeyd edim ki, Bakıdan Naxçıvana uçmaq bir saat çəkir, təyyarə bileti isə əlli manatdır. Zənnimcə, ömürdə bir dəfə yüz manatdan keçib tariximizi əks etdirən qədim torpağa getmək olar.

Oxu.az 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: