Vətən, can, canan - Söz tələbə jurnalistlərindir...

A- A A+

Şəhid baş leytenant Zülfü Rzayevin həyat yoldaşı Gülnar Rzayeva ilə müsahibə: “Sentyabrın 26-sı Zülfü evdən çıxanda alnımdan öpdü və son sözü belə oldu: “Sən öl, gələcəyəm, Gülüm”.

Bu dünyada insanlar üçün ən əziz olan həyat eşqidir. Heç kim bu həyata gələndə məramının nə olacağını, haralarda olacağını və onun üçün hər şeydən əziz olan həyat eşqinin necə sona yetəcəyini bilmir. Ən maraqlısı isə hər kəs əvvəlcədən bilməyəcəyi bu gerçəklərlə dünyaya göz açır. Lakin elə insanlar var ki, ömürlərinin bütün bir hissəsini heç düşünmədən bəzi məramlara qurban verirlər. Kimisi üçün bu məram tələbatlarla bağlı olur, kimisi üçün isə mənəvi duyğularla. Birinci qeyd etdiyim insanlar yaşamaq üçün yaşamaqdan imtina edə biləcəkləri vəziyyətə gəlirlər. İkinci qeyd etdiyim insanlar isə başqalarının yaşaması, ali hesab etdikləri mənəvi duyğularının əbədi olması üçün yaşamaqdan imtina edirlər. Bu ali duyğulardan biri Vətənə məhəbbət duyğusudur. Əminəm ki, bu sətirləri oxuyan hər kəsin gözündə yaxın tarixin qəhrəmanları olan 3000-ə yaxın igid canlandı. Bu qəhrəmanlar da doğularkən gələcəkdə hansı məramda olacaqlarını bilmirdilər. Zaman, şərait, çox səhifəsi ağrı-acı dolu tarix onlara məramlarını seçdirmişdi. Onlar ürəklərindəki Vətən eşqi ilə alışıb-böyümüş və hər biri Vətənə xidmət üçün hərb sahəsini seçmişdi. Onların hər biri doğulan an Tanrı qatında seçilmişdi. Tanrının doğulan gün cənnətlə müjdələdiyi bu qəhrəmanlardan biri də baş leytenant Zülfü Rzayev olmuşdur.

Zülfü Zeyni oğlu Rzayev 1993-cü ildə 9 mayda – Qələbə günündə Şahbuz rayonunun Külüs kəndində anadan olub. 2020-ci ilin 44 günlük müharəbəsinin Naxçıvanımızın ilk şəhidlərindəndir. 27 sentyabr – Böyük Qayıdışın ilk günündə Füzuli uğrunda gedən döyüşlərdə şəhadətə qovuşmuşdur. Zülfü, həmçinin Aprel döyüşlərinin iştirakçısı olmuş, Lələtəpənin azad edilməsində böyük şücaət göstərmişdir. Bu qəhrəmanlığı cənab Prezident İlham Əliyev tərəfindən qiymətləndirilmiş, igidimizə “İgidliyə görə” medalı təqdim edilmişdir. Uşaqlıqdan bəri arzusu Qarabağı azad görmək, Füzulidə yaşamaq olub. Elə buna görə ordu sıralarına qoşuluraq baş leytenant rütbəsinə qədər qalxır. O doğulan gün ailədə sevinc səsləri, gülüşləri eşidilirdi. Axı ailənin ilk oğlu dünyaya gəlmişdi. Hər şeydən xəbərsiz körpə Zülfü iri gözləri ilə başının üzərində dayanmış siluetlərə maraqla tamaşa edirdi. Ailəsi isə indidən gələcəyini planlayırdılar. Anası “həkim balam”, atası “mühəndis balam” deyə əzizləyirdi. Tanrı isə onun alın yazısına çoxdan “bütöv Azərbaycanın qəhrəman balası” yazmışdı.

27 illik dastana dönmüş ömrünə Zülfü iki sevgi sığdırmışdı: biri uğrunda canından keçdiyi Vətən, digəri isə bir ömür yanında olacağına and içdiyi Gülnar. Zülfü hər ikisini bacardı. Vətəni uğrunda canından keçdi, ömrünün sonuna qədər də Gülnarla qaldı. 26 sentyabr onların birlikdə keçirdiyi son gün olmuşdu. Son səhər yeməyi, son gülümsəmə, son şirin söhbət, son gün, son saniyə... Zülfü isə həmişəki kimi sevdiyi xanımdan gülümsəmə ilə ayrılıb onu gözləyən müqəddəs vəzifəsinə döndü.

Tarix dərslərində Vətənin bədbəxtliyini öyrənmişdi. Başının üzərindəki qara buludları bilirdi, lakin onlara qalib gələcəyimizə də əmin idi. Onun qəlbi Füzuli üçün, Qarabağ üçün döyünmüşdü. Hər gün bu döyüntü daha da güclənirdi. Bir gün tarixin ən doğru zamanı seçəcəyini bilirdi. 2020-ci ildə isə Azərbaycan, onun Müzəffər Ordusu və bu ordunun Müzəffər Ali Baş Komandanı tarixə fürsət vermədən öz zamanlarını seçdilər. Qələbəni qətiləşdirdilər. Zülfü və onun kimi igidlər bu müqəddəs yolda ölüm belə olsa, getməyi gözə aldılar. Sonuna qədər də getdilər, doğrudur, çoxu cismən bu qürurlu sonluqda iştirak edə bilmədi, lakin ruhən Azərbaycan bayrağına sarılıb onu qürurla, fəxarətlə yüksəklərdə dalğalandırdılar. Bu bayraqdan biri də Külüs kəndində Zülfünün və onun silah yoldaşı, uşaqlıq dostu Firuz Qureşlinin məzarları üzərində dalğalanır.

Zülfü və onun Vətən sevgisi haqqında həyat yoldaşı Gülnar Rzayevanı dinlədim. Verdiyim suallara fəxrlə cavablar verməsi məni həm duyğulandırdı, həm də məğrur şəhid xanımı ilə qürur duymağıma səbəb oldu:

Zülfü haqqında danışmaqda məqsədim sizi kədərləndirmək deyil, ancaq bilirəm ki, qürurla cavab verəcəksiniz.

Xeyr, narahat olmayın, mən yeri gəldikdə Zülfüyə yaraşar bir şəkildə onun haqqında danışmağı, söhbət etməyi də sevirəm. Onunla bağlı hər kəsə hər an danışmaq istəyirəm.

Gülnar xanım, Zülfünün Vətən sevgisi haqqında nə deyə bilərsiniz?

–Mənə elə gəlir ki, sevgi ananın övladına qarşı da sevgi hissi var. Bir insan anasını da sevə bilir, övladını sevə bilir, həyat yoldaşını, təbiəti, rəngi sevə bilir. Sevgi sadəcə iki insan arasında olan bir hiss deyil. Mən bu sevgilərin ən gözəlini, sevginin iki insan arasında olmadığını Zülfüdən öyrəndim, Zülfünün Vətən sevgisində gördüm. Dediyim kimi sevgi iki insan arasında olmurmuş, sevgi Vətənə də qarşı olurmuş, torpağa, bayrağa qarşı olurmuş. Zülfü mənə bunu öyrətdi. Mən Zülfünün ən yüksək sevgisini onda gördüm. Bu gün mən istəyirəm ki, bütün suallarınıza Zülfünün sitatları ilə cavab verim. Onun belə bir sözü var, bunu hər kəs, əsasən də hərbçilər deyər: “Hər şey Vətən üçün, can üçün, canan üçün!” Bir dəfə bununla bağlı soruşdum ki, nəyə görə hər şey Vətən üçün, sonra can, canan üçün deyirsən? Cavabı belə oldu ki, diqqət etsən, mən ortaya öz canımı qoymuşam, canımı ortaya qoyub Vətənimi və cananmı qorumuşam. Onun Vətən sevgisini hər hansı cümlə ilə ifadə etmək qeyri-mümkündür. Ancaq belə bir şey deyə bilərəm ki, o öz canını, cavanlığını, həyatını, gələcəyini, hər şeyini Vətənə qurban verəcək qədər sevirmiş. Mən də deyirəm mən Zülfünü sevirəm, amma bəlkə də bacarmadım. Yaxud belə də deyə bilərəm ki, bəzi insanların yaşaması başqalarını yaşatmaqdır. Mənim yaşama səbəbim də Zülfünü yaşatmaqdır, onun sevgisini yaşatmaqdır. Ona layiq həyat yoldaşı olmaqdır. Zülfünün Vətən sevgisi isə tək tərəfli deyilmiş, belə ki, Vətəni də Zülfünü sevirmiş. Qoynuna ala biləcək, bağrına basacaq, tarixə yazacaq qədər sevimiş. Bu isə ən gözəl sevgidir, nə sözlə ifadə oluna bilər, nə də hər hansı kitaba yazıla.

Zülfü heç düşünmədən özünü Vətənə qurban verdi, bununla bərabər ailəsini də qurban verdi. Bu haqda nə düşünürsünüz?

–Yenə də Zülfünün bir cümləsi ilə başlamaq istəyərəm, hətta onun belə bir səs yazısı da var, qismət olarsa, bir gün dinlədərəm. İş yoldaşının bayramını təbrik edir və deyir: “İnsanın iki ailəsi olur: biri yarandığı, digəri isə yaratdığı ailəsi”. Sonra təbrikini belə davam edir: “İnşallah gələn il yaratdığın ailənlə qeyd edərsən”. Mənə də çox deyərdi bu cümləsini. İstər Zülfünü boya-başa çatdıran, onu bu Vətənə qeyrətli oğul kimi böyüdən, təhsil, tərbiyə verən ailəsi, istərsə də, özünün yaratdığı ailəsi olan mənim üçün çox ağırdır, doğrudur, fəxrlidir, qürurludur, amma eyni zamanda da olduqca ağırdır. Zülfü ilə bağlı bir şey danışarkən o qəhər, o hüzn tam sinəmin üzərinə çökür (Kədərlənir, özünü toplayaraq yenidən titrək, qürurlu səsi ilə davam edir). Zülfü öz mükəmməlliyinin, qəlbinin gözəlliyinin, saflığının mükafatını aldı. Rəbbim bu zirvəni, bu şəhadəti ona qismət etdi. Cənnətlə müjdələdi, İnşallah, bir gün yenidən qovuşacağıq. Lakin mənə elə gəlir ki, geridə qalanlar üçün Zülfünün atası-anası, onu sevənlər, ailəsi üçün, mənim üçün bu gediş çox ani və çox çətin oldu. Bəli, Zülfü hər şeyini Vətənə qurban verdi. Zülfü yaratdığı ailəsini başqa cür qiymətləndirir, əl üstündə tuturdu. Bu onun yaratdığı bir şey idi. Yarandığı ailəni heç kim seçə bilməz, çox şükür ki, onun ailəsi olduqca gözəl ailədir, bunun nəticəsində Zülfü gözəl tərbiyə alıb, bu qədər savadlı, vətənpərvər, Azərbaycan Ordusuna layiqli zabit olubdur. Öz ailəsini isə özü seçmişdi. Belə bir xüsusiyyəti var idi ki, öz problemlərini özü həll edərdi, çünki özü yaratmışdı bu ailəni, hər çətinliyə özü sinə gərər və bundan çox xoşbəxt olardı. Mənə elə gəlir ki, kimsənin ürəyində şəhadət arzusu olmasa, ona şəhadət qismət olmaz. Zülfü də istəyərək hər şeyi, hər kəsi Vətən sevgisinə qurban verdi.

–Bəs Zülfü heç belə bir sonluq düşünmüşdümü? Sizə bu qürurun, həm də bu kədərin nə vaxtsa  yaşana biləcəyinə hazırlayırdımı?

–Zülfünü nə qədər yaxından tanısam da, hər şeyinə bələd olsam da, onun bu haqda düşüncələrini deyə bilmərəm. Mən elə düşünürdüm ki, o getməz, Zülfü məndən heç vaxt getməz. Elə də oldu, o mənim ürəyimə əbədi həkk olundu. Zülfünün özünün dediyi bir sözü demək istəyirəm yenə. Biz lap əvvəllərdən tanış olmuşuq. Birlikdə çox uzun vaxtımız olub. 2013-2014-cü illərdə kəşfiyyatçı ixtisasını seçdiyi vaxtlar idi, az qalırdı ki, zabit kimi fəaliyyətə başlasın. Ata-anasına belə demişdi: “Mən kəşfiyyatçı ixtisasını seçmişəmsə, siz hər şeyə hazır olmalısınız. Mən bu ixtisasa layiq olmalıyam. Bu adi bir şey deyil, bu torpaqlar azad olunmalıdır. Bu ixtisasa layiq olmaq üçün əlimdən gələni edəcəyəm”. Həmin vaxt mənə çox pis təsir etmişdi, hətta çox qəribə reaksiya da vermiş, incimişdim. Sonra cümləsini belə düzəltmişdi: “Sənin əlindən tutub yalnız buraxmayacağam, qarşımda dura biləcək yeganə şey sən olarsan”. Ancaq deyəsən heç mən də qarşısında ola bilmədim, onun Vətən sevgisi hər şeyi üstələdi. Bir dəfə də Zülfü öz müsahibəsində belə demişdi: “O torpaqlara ayaq basmaq, o torpaqların qoxusunu, iyisini çəkmək çox istəyirəm”. Həqiqətən də belə oldu. Zülfü o torpaqlara ayaq basdı, qoxusunu içinə çəkdi və şəhadətə yüksəldi. Hal-hazırda onun ruhu o torpaqlarda, bayrağın dalğalandığı ən gözəl yerdədir və bu onun ruhunu çox şad edir. Bəzi şəhid ailələrində çox görmüşəm ki, şəhidlər nə zamansa şəhid ola biləcəklərini ailələrinə hiss etdirirlər, ancaq mən heç vaxt Zülfünün dilindən onun gedə biləcəyini eşitməmişəm. Bunu heç vaxt hiss etdirməyib. Hətta 26-sı evdən çıxdığı anda belə Zülfü alnımdan öpüb və son sözü belə olub: “Sən öl, gələcəyəm, Gülüm”. Zülfü ən son nəfəsində belə onu mənə hiss etdirib ki, geri gələcək. Ölməyə yox, öldürməyə gedən komandirlərdən olub, “irəli gedin” deyən yox, “arxamca gəlin” deyən komandir olub. Bunu layiqincə də yerinə yetirib. Son nəfəsinə qədər Aprel döyüşlərində şəhid olan silahdaşlarının qisasını alıb.

Sentyabrın 17-si belə bir hadisə oldu ki, biz şəhərə çıxmalı idik, ancaq mən çıxmaq istəmədim. Əlimdən tutdu və  belə bir söz işlətdi ki, gəl, sonra belə günləri tapa bilməyəcəksən və çox darıxacaqsan. İndi özümə çox sual verirəm ki, görəsən, Zülfü həqiqətən bunu bilərək deyirdi? Müharibə baş verər, o şəhid olar, mən isə indi o günlər üçün bütün gələcəyimi, ömrümü qurban verməyə razı olaram. Bilərək, yaxud bilməyərək işlətmişdi o sözləri deyə bilmərəm. İndi çox haqlıdır, həmin günlərimi geri gətirmək üçün hər şeyimi qurban verməyə hazıram. Zülfü isə dediyim kimi güclü duran, söhbət açılarsa belə, qalib gələcəyimizə əmin olan biri idi. Həmişə deyərdi ki, Naxçıvana yol çəkəcəyəm, rahat gedib-gələk. Qismət ...

–Biri-birinizi tanıyanda artıq onun Vətən sevgisini bilirdiniz, onu itirmək qorxunuz olubmu? Bu hissə necə qalib gəlməyə çalışmısınız?

–Bütün sevən insanlarda itirmək qorxusu olur. Sadəcə insan xoşbəxt, yan-yana olarkən bunu fikirləşmir. Bunun baş verə biləcəyi ehtimalını göz önünə gətirmir. Zülfüyə zəng çatmayanda, həmin axşam evə gec gələndə və ya gəlməyəndə, təlim adı ilə iki gündən artıq onu görməyəndə artıq bu məndə tərif edilə bilməz qorxu, narahatlıq yaradırdı. Nəsə var ki, mənə zəng etmir, ona zəng çatmır, evə gələ bilmir. Yenə də Zülfü hər dəfə geri dönüb, mənə gəlib. Ona görə bu gedişin mənə ayrı təsiri var. Bu nigarançılığa, narahatlığa qalib gəlməyimin səbəbi də elə Zülfünün özü olub. “Sən uşaqsan? Sən hərbçi xanımısan. Bunlara görə narahat olacaqsan?” deyərək məni ayağa qaldırıb ki, bir zabitin həyatı belədir və mən buna uyğunlaşmalıyam. O məni belə böyüdürdü, tərbiyə edirdi. Bunu beynimə həkk edirdi ki, sən bütün çətinliklərə tək sinə gərə bilərsən, çünki sən hərbçi xanımısan, mən isə həmişə sənin yanında, arxanda olacağam, sadəcə sən həmişə öz ayaqlarının üzərində durmağı bacar. Əslində elə də oldu, Zülfü yanımdadır, qəlbimdədir, ruhu həmişə mənimlədir və mən hər şeyi o olmasa belə, ona layiq, onun adına uyğun, onun kimi yaşadacam, yaşayacağam. Bu mənim ən böyük məqsədimdir. Bu dünya ilə bağlı tək bir məqsədim ola bilər ki, o da Zülfünü layiqincə yaşatmaq, tanıtmaqdır.

–Müsahibə üçün çox sağ olun.

Bütün Azərbaycan 44 günlük qələbə ilə dünyaya, dosta, düşmənə nəyə qadir olduğumuzu göstərdi. Həm 3000-ə yaxın xarıbülbül qoxulu igid, həm də bu gün hər gün onları ziyarət edən silah yoldaşları, qazilər, bütöv Azərbaycan xalqı birləşdi. Ali Baş Komandanın gücü ilə yoğruldu, dəmir yumruq olub düşmənin başına endi!

Qəhrəman Zülfü, sənə qürurla səslənirəm. Sən o dəmir yumruğun ən güclü zərrələrindən oldun! Sən Vətənini canından artıq sevdiyini göstərdin. Bizə düşən isə sənin bizə əmanət etdiyin Vətəni hər gün daha da çiçəkləndirmək, ona layiqincə xidmət etmək, canımızdan çox sevməkdir. Sən Vətənə olan borcunu ödədin, növbə isə bizdədir. Sənin müqəddəs qanının bulaşdığı üçrəngli bayraq bizim başımızın üzərində dalğalanacaq. Heç vaxt səni, sənin şəhid bacı-qardaşlarını unutmayacağıq! Unutsaq, tarix bizi bağışlamasın! Axı tarix unudanları bağışlamır, unudanlara cəza olaraq təkrarlanır! Bu millət, bu xalq isə artıq Zülfülərin əmanətinə  gözü kimi baxır, bir qarış torpağını da, o bir qarış torpaqdan yoğrulmuş balasının qanını da itirmək istəmir. Yenə də lazım gələrsə, qorxmadan canını da, qanını da sizin əmanətinizi qorumaq üçün verər. Zülfü, sənin hər zaman dediyin kimi “Cana can, qana qan! Yetər ki, sən dalğalan!”

 

Aytəkin Abbaslı

İqtisadiyyat ixtisası üzrə III kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: