Eşq elan etmək istəyənlər bura getsinlər - Batabatdan reportaj

A- A A+

Batabat gölü haqqında ilk dəfə coğrafiya dərsliyində oxumuşdum. Görəndə isə əmin oldum ki, bura hər bir azərbaycanlının mütləq getməli olduğu yerlərin siyahısına daxil edilməlidir. Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti bir qrup jurnalist üçün belə bir imkan yaratmışdılar.

Mediaturun əsas məqsədi Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi, çoxçeşidli turizm potensialının və turizm əhəmiyyətli məkanlarının tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsi ilə bağlı idi. Naxçıvanın bir sıra görməli, gəzməli yerlərinə getdik. Və təbii ki, Batabatsız bu siyahı yarımçıq olardı.

Lap səmimi desəm, Batabatı nəğməkar şairimiz İslam Səfərli elə vəsf edib ki, bundan sonra yüz jurnalist min yazı yazsa da, daha yaxşısını heç kim deyə bilməyəcək. Ona görə, gözəl şairimizi də köməyə çağırıram.
Bulaqların bir səmtədir axarı,
Salvartının xoş görünür baxarı;
Biçənəkdən at səyirdib yuxarı,
Yalmanına yata-yata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.

Həmkarlarımla gölün o başından bu başına varıb, çəkilişlər etdik, sahilində şəkillər çəkdirdik. Gölün üzərindəki “üzən” torflu ada və ətrafdakı yarpaqları nisbətən saralmış ağaclar mənzərəyə bir ayrı romantizm qatırdı. Ağaclarla boyun-boyuna dayanmış itburnu kolları isə cığal uşaqlara bənzəyirdi. Vay o gündən ki, yaxınlaşıb meyvəsindən dərəsən! Saçından tutmuş, paltarına qədər tikanı ilə cırmaq izlərini salırdı. Amma bu məni onun turş məzə meyvəsini dərib, dadmaqdan çəkindirmirdi. Tamından doyana qədər itburnu kolu ilə mübarizə apardım.

Yerli camaatın dediyinə görə, Batabatdakı bulağın suyunda əli 30 saniyədən artıq saxlamaq olmur. Sınamaq qərarına gəlirəm. Bəli, doğurdan da elədir. 30 saniyədən sonra elə bil baramaqlarımı kimsə bıçaqla kəsir. Tez əlimi sudan çıxarıram. Amma soyuqluğuna baxmayaraq, çox rahat və ləzzətlə içilir. Ovcumu bir də su ilə doldurub, gölə baxa-baxa “İlahi, ana təbiəti nə gözəl yaratmısan!”,- deyirəm.
"Qonaqgörməz" düşmənidir təkliyin,
Ayaqları xınalıdır kəkliyin.
Çöl üstəki güllüyün, çiçəkliyin
Xoş ətrinə bata-bata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.

Başımı qaldırıb gölü qüdrətli kişi kimi qoruyan dağlara nəzər salıram. Diqqətimi dağın yamacında bitən və qırmızı meyvəsi olan bir ağac cəlb edir. Elə ona doğru çıxmaq istəyirəm ki, agentliyin əməkdaşları digər yerlərə getmək üçün vaxtımızın az olduğunu və geri dönəcəyimizi deyirlər. Gözüm ağacın meyvələrində, üzümü çevirib gedirəm. Qəfildən operatorlardan biri onun yemişan olduğunu deyir və meyvəsindən birini uzadır. Batabatın yemişanından dadmaq da bir ayrı xoşbəxtlikdir. "Basdırma" olmasa da olar...
Mehmanınam on beşdə mən, beşdə mən,
Gətirmişəm “basdırma”nı teştdə mən,
Neçə ocaq tüstülədib döşdə mən,
Birini də çata-çata gəlmişəm -
Mərcan gözlü Batabata gəlmişəm.

Və geri dönəcəyimiz avtobusa doğru yol tuturuq. Yol boyu “üzən” ada haqqında Naxçıvandan olan əməkdaşlarla söhbət edirik. O bildirir ki, səfərimizdən iki-üç gün əvvəl məkana gəliblər və o zaman ada başqa yerdə imiş. Üç gün ərzində yerini dəyişib. Sanki ada göldə üzən Qu quşudur. Əhvalına uyğun olaraq tez-tez yerini dəyişir.

Ətrafada çəhrayı rəngli güllər açılıb. Deyirlər, gəlişimizdən bir neçə gün öncə qar yağıbmış. Bu gül–çiçək də ondan sonra baş qaldırıb... 2424 metr yüksəklikdə və alp çəmənlikləri əhatəsində yerləşən gölü bir də seyr edirəm. Ağlıma bu fikirlər gəlir: "Sən gözəllik ilahəsisən, təbiət tərəfindən sevgi üçün yaradılmısan, Batabat. Aşiqlər sənin sahilində sevgi etirafı etməlidirlər”.
Dağ cığırlı, hər tərəfim duman, çən,
Boz qayadan cüyür ürkdü qəflətən.
Tüfəngimi sinəm üstə basıb mən –
Arxasınca ata-ata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.

Qeyd edək ki, Batabat Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində uçqun və sürüşmədən yaranan bənd gölüdür. Şahbuz dövlət təbiət qoruğunun bir hissəsini təşkil edir. 16 ha sahəsi var. Gölün ətrafındakı karbonat, hidrokarbonat və kalsium-natrium-maqnezium mineralizasiyalı bulaqların suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Günəşli günlərin sayının çox olması, mülayim iqlim və gözoxşayan dağ landşaftı gölə təkraredilməz kolorit verərək, Naxçıvandan, Azərbaycanın başqa regionlarından çoxsaylı istirahət edənləri və həm də xarici turistləri özünə cəlb edir.
Vüqarlıdır zirvələrin, qaşların,
Üzə gülür qayaların, daşların.
Mən İslamam, öz səsimi quşların
Nəğməsinə qata-qata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.

AzVision.az 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: