Naxçıvan şəhərində yeni Avtomat Telefon Stansiyaları quraşdırılır - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hazırda 22-ci məhəllədə yüksək montaj tutumuna malik yeni Avtomat Telefon Stansiyaları quraşdırılır. Əhalinin müasir rabitə xidmətlərinə olan tələbatını nəzərə alaraq 928 nömrə tutumuna malik 2 ədəd elektron Avtomat Telefon Stansiyası İstiqlal küçəsində və Heydər Əliyev prospektində quraşdırılaraq istismara verilib. Xətai məhəlləsində mövcud olan 320 montaj tutumlu Avtomat Telefon Stansiyası 544 montaj tutumuna malik yeni nəsil Avtomat Telefon Stansiyası ilə dəyişdirilib, 576 və 544 montaj tutumuna malik 2 ədəd Avtomat Telefon Stansiyası isə quraşdırılaraq sakinlərin istifadəsinə verilib. Bu da nəticə etibarilə istifadəçi sayının artmasına və sakinlərin çoxçeşidli xidmətlərdən istifadəsinə zəmin yaradacaq.
Naxçıvan şəhərinin digər istiqamətlərində və muxtar respublikanın bir sıra rayonlarında yeni nəsil Avtomat Telefon Stansiyalarının quraşdırılması, mövcud Avtomat Telefon Stansiyalarının isə yüksək tutumlu yeni nəsil Avtomat Telefon Stansiyaları ilə dəyişdirilməsi nəzərdə tutulub. Bütün bunlarla yanaşı, mərkəzi Avtomat Telefon Stansiyasında mövcud olan istismar müddəti bitmiş “Alkatel” tipli Avtomat Telefon Stansiyası üzərindəki nömrələrin yeni quraşdırılan NGN tipli Avtomat Telefon Stansiyasına köçürülməsi üçün zəruri işlər görülür.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Rabitə və Yeni Texnologiyalar Nazirliyinin qarşısına qoyulan tapşırıqların icrası da diqqətdə saxlanılır. Tapşırıqlara uyğun olaraq hazırda şəhər, rayon və kəndlərdə monitorinqlər aparılır, mövcud çatışmazlıqlar aradan qaldırılır, müvafiq təmir, yeniləmə və tədarük işləri görülür.