Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət kimlərə və hansı əsaslarla verilir

A- A A+

"Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sığortaolunanlar sosial sığorta hadisələri baş verdikdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərlə təmin olunurlar. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət, sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi, dəfn üçün müavinət daxildir. Məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrin hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq olunmuş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"də öz əksini tapıb.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət qanunla müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə əsasən təyin edilir və əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə  məcburi dövlət  sosial sığorta haqları hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əgər xəstəlik fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən  əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölünməklə tapılır. İşçi əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazanc minimum aylıq əmək haqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Əgər qazancın götürüldüyü müddətdə işçi bütün günləri işləməmişdirsə, bu zaman mükafatın orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq müəyyən edilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətini müvəqqəti itirməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət işçinin iş stajı nəzərə alınaraq ödənilir. İşçinin 12 il və daha çox sosial sığorta stajı olduqda  qazancın 100 faizi miqdarında, 8 ildən 12 ilə qədər sosial sığorta stajı olduqda qazancın 80 faizi miqdarında, 8 ilədək sosial sığorta stajı olan işçilərə isə 60 faizi miqdarında ödənilir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə müavinət sosial sığorta stajından aslı olmayaraq aylıq təminat xərcliyinin 100 faizi miqdarında verilir. Müavinətin məbləği təyin edilərkən sosial sığorta stajı işçinin əmək qabiliyyətinin itirildiyi günədək xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınmaqla hesablanır.

Qanunvericilikdə müəyyən olunmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ yoxdur. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 6 ay sosial sığorta stajı olmadıqda, əmək qabiliyyətinin  müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət  sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə, işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda  və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə, törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə və məhkəmənin qərarı ilə məcburi  müalicə zamanı ödənilmir. İşçi məzuniyyət zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirərsə, ona müavinət xəstəlik vərəqəsinə əsasən əmək qabiliyyətini itirdiyi iş günləri üçün verilir.

Əməkhaqqı saxlanılmadan məzuniyyət və ya uşağa qulluq etməkdən ötrü məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi əməkhaqqı saxlanılmadan məzuniyyətdən və yaxud uşağa qulluq edilməsinə görə məzuniyyətdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən ödənilir.

                                                                 Naxçıvan Muxtar Respublikası

                                                              Dövlət Sosial Müdafiə Fondunun

                                                                  mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: