İranın cənub-şərq əyalətini əhatə edən toz fırtınasının Azərbaycana təsiri gözlənilmir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva AZƏRTAC-a verdiyi müsahibəsində deyib.
U.Tağıyeva bildirib ki, peyk məlumatlarının və sinoptik xəritələrin təhlilinə görə hazırda ölkə ərazisi üzərində troposferin aşağı və orta təbəqələrində hava kütlələrinin qərb və şimal-qərb axınları bərqərar olub. Belə sinoptik şəraitin yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Buna görə də toz fırtınası ölkəmizə təsir etməyəcək.
Şöbə müdiri, həmçinin deyib: “Qeyd etməliyik ki, adətən toz fırtınalarının davamiyyəti dörd gündən artıq olmur. İranın cənubunda onların təkrarlanması əsasən sentyabrdan aprelə qədər müşahidə edilir. Toz fırtınasının baş verməsi üçün ən əlverişli ərazi Fars körfəzi ilə bitişik düzən ərazilərdir. Buna termobarik şərait, güclü külək və torpağın vəziyyəti də təsir edir”.