Arı ailələrinin qışlamaya hazırlanması

A- A A+

Muxtar respublikanın əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları bazası və qiymətli cinslərə malik arı genofondu bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Naxçıvanda insanlar iqtisadi cəhətdən yüksək gəlir gətirən və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılıqla qədim dövrlərdən məşğul olublar. Muxtar respublikanın zəngin bitki örtüyü, aqrar bölmədə aparılan torpaq islahatları nəticəsində arıçılığın yem bazasının yaxşılaşdırılması bu sahənin inkişafı üçün münbit şərait yaradıbdır. Arıçılıqda məhsuldarlığın artırılmasında vacib mənbələrdən biri də arı ailələrinin qışlamasının düzgün təşkili və arıxanalarda cavan arı analarının olmasının böyük əhəmiyyəti vardır. Havaların soyuması ilə əlaqədar olaraq artıq arıçılıqda qışlama dövrü başlayır. Arıçılıq erkən yaz, beçəvermə, məhsulların əldə olunması və qışlama dövrləri olmaqla, 4 mövsümü əhatə edir. Hər hansı bir dövrə aid olan tədbirlər yerinə yetirilmədikdə arıçı ondan sonrakı dövrlərdə bol məhsul götürə bilməz. Arı ailələri qış aylarında özləri üçün yığdıqları bal və güləmlə qidalanırlar. Qidanın daha çox sərf olunduğu vaxt erkən yazda nəsil artımı dövrüdür. Arıların qışlamadan çıxması və yazda sürətli inkişafı onların payız dövründə yetişdirilməsindən çox asılıdır. Payızda arıçının əsas vəzifəsi güclü və kifayət qədər yemi olan arı ailəsi yetişdirməkdən ibarətdir. Arı pətəklərindən balı götürərkən qışlama dövrü üçün keyfiyyətli yem ehtiyatı saxlamaq lazımdır. Qış-yaz dövrü üçün ballı-güləmli şanların hazırlanmasına əsas gəlir dövrünün birinci yarısında başlanmalıdır. Çünki arılar həmin vaxt keyfiyyətli bal toplayır. Qışlama dövrü üçün ehtiyat yemin kifayət qədər olması böyük əhəmiyyətə malikdir. Payız-qış dövrü üçün hər arı ailəsinə tələb olunan yemin 70- 80 faizi pətəkdə, qalan hissəsi isə anbarda saxlanmalı və ehtiyac olduqda arı ailələrinə vermək lazımdır. Arı ailələrini qışlamaya hazırlayarkən hər çərçivə arası arı üçün 2-2,5 kiloqram bal saxlanmalıdır. Qışlama üçün saxlanılan çərçivələrin hamısı dolu olmalıdır. Çərçivələrin üst hissəsi möhürlənmiş bal, aşağı hissəsi isə üzəri açıq bal və ya boş olan gözcüklərdən ibarət olmalıdır. Kiflənmiş, qıcqırmış və xarab olmuş bal qətiyyən qış yemi kimi pətəkdə saxlanılmamalıdır. Qış üçün saxlanılacaq 1-2 çərçivədə güləm olması erkən yaz dövründəki nəsil artımı fəaliyyətləri üçün çox mühüm əhəmiyyət daşıyır. Arıların qışlaması üçün çəmən və xüsusilə də dağ çəmənlərinin çiçəklərinin balı daha qiymətlidir. Gənc arılarla qışlamaya girən arı ailəsi yaza normal çıxır və bal mövsümündə bu arı ailəsi həm yaxşı inkişaf edir, həm də yaxşı məhsul toplayır. Bal götürdükdən sonra sonuncu yoxlamalar aparıldıqda arı ailələri qışlama vəziyyətinə gətirilir. Pətəyin içərisində arıların zəbt etmədiyi boş çərçivələr çıxarılır və yerinə bölmə taxtası qoyulur. Pətəkdə uçuş bacaları daraldılır. Pətəyin qapağının altına və bölmə taxtasından arxada qalan boşluğa nəmuducu materiallar doldurulur. Pətəyin içərisində artıq nəmin yığılmaması üçün uçuş bacası və havalandırma deşiyi açıq saxlanılmalıdır. Qışlama dövrü arı saxlanılan binalar rütubətsiz, qaranlıq və səs-küysüz olmalıdır. Ən zəif işıq və səs onlara həyəcan gətirir və qış topasının dağılmasına səbəb olur. Binada pətəklər yerdən 25-30 santimetr yüksəklikdə yerləşdirilməli, üst-üstə ən çoxu 3 sıra pətək qoyulmalıdır. Bilmək lazımdır ki, qışlama yerində ev heyvanları saxlanılmamalı, uçuş bacası pəncərə toru ilə tutulmalı, havalandırma deşikləri açıq olmalı, qızdırıcılardan istifadə edilməməli və arılar qışlayan tikililərdə havanın temperaturu sabit saxlanılmalıdır. Yuvada istilik rejimini saxlamaq üçün arı sürfələri olan çərçivələr pətəyin ortasında yerləşdirilir. Arıxanada güclü arı ailələrinin pətəkləri yalnız üstdən, orta gücə malik ailələrin üstdən və bir yandan, zəif ailələrin isə üstdən və iki yandan isidici döşəkçələrlə isidilməsi məsləhət görülür. Diqqət yetirilməlidir ki, arı saxlanılan yerdə rütubət normadan artıq olmasın, rütubət normadan artıq olarsa, bal rütubəti özünə çəkir ki, bu da balın qıcqırmasına gətirib çıxarır. Qıcqırmış bal ilə qidalanan arılar xəstələnir, bu da arıların ölümü ilə nəticələnir. Açıq havada qışlama zamanı küləkdən müdafiə mütləq nəzərə alınmalıdır. Belə ki, qışlama üçün günəşli yer seçilməlidir. Açıq havada qışlama zamanı arıxananın ətrafı hasarlanmalıdır. Küləyin qarşısını almaq üçün arıxananın ətrafına sıx ağac əkilməlidir. Uçuş bacasının istiqamətini elə yerləşdirmək lazımdır ki, yağışın, qarın istiqaməti ilə üst-üstə düşməsin. Arıxananı küləkdən müdafiə etmək üçün hasarlamaq, ətrafına ağac əkmək mümkün olmadıqda pətəklərin ön divarlarına maili lövhələrin söykənməsi məsləhət görülür. Arıçılıq təsərrüfatlarında hər 100 arı ailəsinə 10 ehtiyat ana arı ailəsi nəzərdə tutulur. Ehtiyat ana arı ailəsini qışlamaq üçün arakəsmə ilə təchiz edilmiş digər pətəyin yanına köçürmək olar. Bu zaman elə etmək lazımdır ki, ehtiyat ana arı ailəsi ilə əsas pətəyin arıları bir tərəfdən digər tərəfə keçə bilməsin. Ehtiyat ana arı ailəsinə qulluq digər arılara olan qulluq kimidir. Qışlama zamanı 3-4 gündən bir pətəklərə baxış keçirməklə, uçuş bacasına nəzarət edilməli, ölmüş arılar və mum qırıntıları təmizlənməlidir.

Əyyub Abdullayev

 Naxçıvan Muxtar Respublikası

 Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: