Qızılgülün əcdadı, elin sərvəti - həmərsin - FOTOLAR

A- A A+

Şahbuz dağlarının təmiz havasından, saf suyundan, münbit torpağından qidalanan hər bir məhsul bazar və mağazalarda əl-əl axtarılır. Min bir dərdin dərmanı olan bu bitkiləri insanlar həm qida, həm də müalicəvi əhəmiyyəti baxımından istifadə edirlər. Elə bu səbəbdəndir ki, yaz aylarından başlayaraq dağlara sarı üz tutan insanlar bitkiləri həvəslə toplayar, sonrakı aylar üçün tədarük edərlər.

İnsanlar ta qədimdən dərdinə dərmanı türkəçarələrdə, dərman bitkilərində tapıblar. Hətta vaxt olub ki, o nemətlərlə aclıqlarını da unudublar. Bitkilərin adını, hansı xəstəliklərin çarəsində istifadəsini də yaxşı biliblər. Bu gün rayonun hansı kəndi olursa-olsun, orada min dərdin dərmanı olan bir çox adda bitkini asanlıqla tapmaq olar. İlin bu vədələrində dağların ətəyində, dərə kənarlarında qol-boyun olan yemişanın, həmərsinin, zirincin həvəsi ilə dağlara üz tutanlar xurcunlarını doldurmadan geri dönməzlər.

Yemişan və həmərsin çiçəklərindən ocaq üstə  dəmlənən çayın ayrı bir dadı, ləzzəti olar. O çaydan içib qızmar günəş altında tər tökən ata-babalarımız payızda yemişanın meyvəsini yeyər, mürəbbəsi ilə çay içərdilər. Belə bir şey də var idi ki, kənd adamı bazardan meyvə alıb mürəbbə bişirməyi, kompot etməyi, onu qurutmağı da ar bilərdi. Ona görə də hər kəs ailə üzvləri ilə birlikdə kəndin çölündə, çəmənində, öz həyət-bacasında olanlardan qışa azuqə yığardı. Dava-dərman tanımayan insanların da ömrü, beləcə, uzun olardı.

Təbiətin səxavətli vədəsində–payızda yetişən yemişan, həmərsin kolları  bir zamanlar  darda qalan insanların ümid yeri, eyni zamanda yaxşı oduncağı olardı. Yanacağa ehtiyac duyulan vaxtlarda insanlar həmərsinin, yemişanın budaqlarını elə barı üstündə olan zaman qırıb istifadə edirdilər. Nəticədə, qısa müddət olsa belə, həmin vaxtlarda yemişan, həmərsin kolları azalmağa başladı. Amma ulu öndərin təbiətə qayğısı sayəsində dağlarımızda, çölümüzdə-kəvşənimizdə bitən yemişan kolları böyüdü, həmərsin kolları bara mindi. Bu gün rayonun dağ kəndlərinə yolu düşən hər kəs yolçuya “əl eyləyən” bir çox meyvə ağacları ilə yanaşı, yemişan, həmərsin, zirinc kollarının da meyvəsindən dadmağa, onu toplamağa çalışır. Bu kolların barı həm də, kənd sakinlərinin ruzi mənbəyidir.

Yaxşı haldır ki, rayonda təşkil edilən ailə təsərrüfatı məhsullarının satış-sərgisi keçirilən zaman, kənd adamları bu məhsulları da sərgiyə çıxarırlar. İstər həmərsin, istər yemişan, Şahbuza  gələn  qonaqların  da ən əziz payıdır.

Qeyd edək ki, itburnu, quşburnu, dərgil adı ilə tanınan həmərsin rayonun quru və otlu yamaclarında, çəmənlərində, meşələrində, kolluqlarında, eyni zamanda daşlı-çınqıllı yerlərində inkişaf edir və bol məhsul verir. Bu işıqsevən bitki may-iyun aylarında çiçəkləyir. Nazik aşağıya doğru əyilmiş budaqlarda ağ-çəhrayı, qırmızımtıl iri çiçəkləri axşamlar ləçəklərini bükür, səhər tezdən isə yenidən açır. Sanki, insanlarla yuxuya gedir, onlarla birlikdə yenidən oyanırlar.  Həmərsinin ləçəkləri ətri və gözəlliyi ilə bal arılarını da özünə cəlb edir, arılar ondan yaxşıca şirə və bol tozcuq toplayırlar. Payızda isə  çılpaqlaşmış həmərsin kolunu al-qırmızı meyvələr bəzəyir. Turşaşirin  dadı olan  həmərsində 20 faizə qədər  C vitamini var. Vitaminlərdən başqa, şəkər, üzvi turşu, rəngləyici və mineral maddələr də bu bitkinin tərkibində əsas yer tutur. Kök və yarpaqlarında aşı maddələri, toxumundan vanilin olur. Həmərsin çay kimi dəmlənərək istifadə edilir. Meyvələri və ondan hazırlanan dərman preparatları insan bədəninin müqavimətini artırır, gözlərə qüvvət verir, qan dövranını sürətləndirir, qanı təmizləyir, bağırsaqları yumşaldır, həzmi asanlaşdırır, orqanizmdəki tullantı maddələrinin bədəndən uzaqlaşdırılmasına kömək olur. Bağırsaq qurdlarını salan həmərsin xərçəng xəstəliyinə qarşı  da qoruyucudur və şəkər xəstələrinə  çox yaxşı təsir edir. Tərkibindəki C vitamini sayəsində ondan orqanizmin temperaturunun aşağı salınmasında, nevroz, qanazlığı, sarılıq, ateroskleroz xəstəliklərinin müalicəsində istifadə edilir. Meyvələri ilə yanaşı, bu kol bitkisinin çiçəklərinin və kökünün də dəmlənməsi faydalıdır. Belə ki, çiçəyindən dəmlənmiş çay qızdırmaya qarşı təsiredicidir, kökünün dəmlənməsi  isə orqanizmdə olan daş və duzları təmizləyir.

Kosmetikada da geniş istifadə edilən həmərsin yağı dəri hüceyrələrini yeniləyir, qırışları aradan qaldırır. Həmərsindən ayrıca cem, meyvə şirəsi, kompot, kisel, şərbət, mürəbbə hazırlanır.

Haqlı olaraq qızılgülün əcdadının həmərsin olduğunu söyləyirlər. Həqiqətən də, qızılgülün bir çox irsi əlamətləri həmərsinə bənzəyir. İnsanlar hələ çox qədimdən bu bitkini mədəniləşdirməyə başlamış və bir çox müsbət nəticələr əldə etmişlər. Onun meyvəsinin belə qiymətli olduğunu nəzərə alıb, sağlam ömür yaşamaq üçün onun toplanmasına və gündəlik qidada istifadə edilməsinə fikir vermək lazımdır. Hazırda bu bitkinin məhsul yığımı dövrüdür. Və bu il bitkinin məhsulu bolluq təşkil edir. Yurdumuzun qiymətli nemətlərindən istifadə etməklə onların qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması qayğısına da qalmalı, elin sərvətini tükənməyə qoymamalıyıq.

                                                                        Turanə Baxşəliyeva

                                                                        “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: