Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti oktyabr ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Nazirlər Kabinetinin 2021-ci il 18 oktyabr tarixli Qərarı ilə “Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi haqqında” 2021-ci il 21 avqust tarixli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi publik hüquqi şəxsin tibbi-profilaktik tədbirləri həyata keçirən işçilərinə, pasiyentlərə stasionar tibbi xidmət göstərən və bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, həmçinin Səhiyyə Nazirliyinin təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin tibb işçilərinə və koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən digər səhiyyə müəssisələrinin tibb işçilərinin əməkhaqlarına koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə ödənilən əlavənin müddəti sentyabr ayının 1-dən noyabr ayının 1-dək uzadılıb.
Nazirlər Kabinetinin eyni tarixli digər Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği” təsdiq edilib. Müvafiq xidmət haqları dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə görə yerinə yetiriləcək baytarlıq tədbirləri üçün müəyyən edilib.
Həmçinin Nazirlər Kabinetinin 2021-ci il 18 oktyabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri”ndə edilmiş dəyişikliyə görə mis və mis qırıntılarının ixracı üçün tətbiq olunan rüsum dərəcələrinin müddəti 2024-cü ilin sonunadək uzadılıb.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.