Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının növbəti iclası İstanbulda keçiriləcək
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının növbəti iclası 2023-cü ildə İstanbulda keçiriləcək. İnanırıq ki, həmkarlarımız həmin tədbirin təşkilindən məmnun qalacaqlar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Baş prokurorlarının ilk iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə Respublikası Ali Məhkəməsinin baş prokuroru Bekir Şahin deyib.
Bekir Şahin diqqətə çatdırıb ki, Beynəlxalq Prokurorlar Assosiasiyası və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurası arasında əməkdaşlıq cinayətkarlığa qarşı birgə mübarizənin daha səmərəli həyata keçirilməsi baxımından əhəmiyyətlidir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsinin üstünlüklərindən danışan Bekir Şahin deyib ki, Türkiyə bir çox ölkələrlə əməkdaşlıq edir. Bu baxımdan prokurorluqlar arasında faydalı münasibətlər qurulmalıdır. Bununla da bu sahədə müsbət nəticələr əldə etmək mümkündür.