NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti payız-qış mövsümündə sərnişinlərə fasiləsiz xidmət göstərmək üçün hazırlıq işlərinə başlayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilən tapşırıqların icrası ilə əlaqədar cəmiyyətdə tədbirlər planı hazırlanıb.
Hazırda lokomotivlərin və sərnişin vaqonlarının mövsümə hazırlığı ilə əlaqədar tələb olunan ehtiyat hissələri tədarük edilir. Ərazidəki yol dəyişdirici və suni qurğulara, keçidlərə, yol yatağına baxış keçirilir, su ötürücü kanallar, körpülər, kuvetlər təmizlənir.
Həmçinin Yük və Sərnişin Daşımaları İdarəsinin Culfa lokomotiv deposunda payız-qış mövsümündə istismar olunacaq elektrovozun və manevr-magistral teplovozun hərəkət və dartı hissələri müayinə olunaraq onlarda cari və depo təmirləri həyata keçirilir. Sahələrdə istifadə edilən və standartlara cavab verməyən bütün işçi alətləri yenilənir.
Röyal Kərimov