Azərbaycanın azad edilmiş əraziləri inkişaf etdirmək planı qonşu ölkələrin də iqtisadi tərəqqisinə təkan verəcək - FOTOLAR
Gürcüstanın Acarıstan Muxtar Respublikasının “AdjaraP.S.” qəzetinin xüsusi buraxılışında 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq, bərpa və yenidənqurma işlərinə dair məqalə dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Batumidəki Baş konsulluğunun təşəbbüsü ilə dərc edilən “Azərbaycanın işğaldan azad olunmuş rayonlarının inkişafı” sərlövhəli məqalədə Ermənistan tərəfindən 30 il ərzində işğal altında saxlanılmış ərazilərimizə böyük zərər dəydiyi vurğulanır. Bildirilir ki, BMT ekspertləri Azərbaycan iqtisadiyyatına dəyən zərəri 53,5 milyard ABŞ dolları miqdarında dəyərləndiriblər. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən isə ətraf mühitə dəyən ziyan 265 milyard ABŞ dolları təşkil edir.
Oxucuların diqqətinə çatdırılır ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövləti Böyük Qayıdış proqramına başlayıb və bir sıra ölkələr işğaldan azad olmuş ərazilərin bərpasına xüsusi maraq göstərirlər.
Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpa edildiyi, Əhmədbəyli - Füzuli - Şuşa, Toğana - Kəlbəcər istiqamətində avtomobil yollarında son tamamlama işlərinin aparıldığı, Ağdam, Füzuli-Şuşa dəmir yolunun tikintisinin də planlaşdırıldığı vurğulanır, qısa zaman ərzində Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verildiyi qeyd olunur.
Eyni zamanda, diqqətə çatdırılır ki, regionda su elektrik stansiyaları fəal şəkildə bərpa edilir, uzunluğu 400 kilometrdən çox olan qaz kəmərinin çəkilişi planlaşdırılır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında şəhər və kəndlərin salındığı da vurğulanır. Bildirilir ki, bu layihə ərazilərin potensialından səmərəli istifadəyə, sabit iqtisadi inkişafı və texnoloji innovasiyalar vasitəsilə dövlət xidmətlərini təmin etməyə imkan verəcək.
Məqalədə bir fikir xüsusi qeyd olunur ki, Azərbaycan işğaldan azad edilmiş torpaqlarını Cənubi Qafqazın ən inkişaf etmiş regionuna çevirməyə çalışır və bu, yalnız Azərbaycanın inkişafı üçün deyil, qonşu ölkələrin də iqtisadi tərəqqisinə imkanlar yaradacaq.
Yazıda, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işləri barədə videogörüntülər də təqdim edilir.