“Qarabağ” dastanı və yaxud 2914 bənd bayatı - FOTOLAR

A- A A+

“Ağaclarda saraltdığın hər yarpaq bir ömür oldu - şəhid ömrü. Portretləşdi hər bir ömür qızıl-sarılı tablolarda. Maraqlıdır, çərçivəsiz tablolarda.“Çərçivəsiz tablo olar?” deyirsən? Bəli, olar. Torpaq sevgiyə çevriləndə.Vətən göz bəbəyi, yurd namus olanda onun uğrunda canından keçənlərin tablolarının  çərçivəsi əbədi bir qürur olur”.

Şanlı tariximizin ən parlaq səhifəsi sayılan 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatdığının elan edildiyi 9 noyabra yaxınlaşırıq. Əməkdar jurnalist Mətanət Məmmədovanın yeni çapdan çıxmış  “Qarabağ dastanı”  kitabı da elə məhz Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi zəfərin bir illiyinə həsr olunub. Ənənəyə uyğun olaraq müəllifin oxucuları ilə dördüncü görüşü olduğunu bildirsəm də, kitabda yer alan məqalələrin- “Qarabağ dastanı”nın şücaət, qəhrəmanlıq dolu boylarının hər biri Vətən müharibəsi günlərində “NUHÇIXAN” İnformasiya Agentliyində, “Şərq qapısı” qəzetinin səhifələrində oxucuların görüşünə gəldi, maraqla oxundu.

“Qəzet jurnalistikası”, “Naxçıvanın publisistik xəritəsi”, “Naxçıvan blokadası” kitablarında əgər Naxçıvanın ötən 30 ildə keçdiyi tarix, ana Azərbaycandan ayrı düşən Naxçıvanın gerçək tarixi publisist bir dillə, faktların, müəllifin yaşadığı və şahidi olduğu hadisələrin fonunda özünəməxsus bir üslubla oxucuya çatdırılırdısa, ”Qarabağ dastanı” kitabında isə Qarabağ, bütöv mənada Azərbaycan var. Bu dastanın boylarında tarix yaddaşımız olan “Kitabi-Dədə Qorqud”da olduğu kimi, “düşmən basıldı” xəbəri və bu xəbərdən doğan həm sevinc, həm qürur, həm də qəhrəmanlıq var... “Qarabağ dastanı”nı yazan da, yazdıran da xalqdı, 30 illik yanğının, həsrətin vüsala yetişmə anıdı, Qarabağa, onun baş tacı Şuşaya çatmaq üçün candan, qandan keçən minlərlə Vətən övladı, 2908 şəhid, 6 itkin ərdi. “Qarabağ dastanı” jurnalist qələminin, vətəndaş ürəyinin və həssas ana qəlbinin bütövlüyündən yaranıb. Bu dastanın hər bir qolu Vətənin müzəffər tarixidir. Ötən il bu günlərdə birlikdə, həmrəy yaşadıq o günləri. Azad olunmuş bir ovuc torpaq eldə-obada bayram ovqatı yaratdı. Məhz o qürur dolu günlərdə yarandı dastanın ilk qolu olan “Qarabağ dastanı”nın Suqovuşan boyu... 30 illik həsrətdən sonra bütövlüyünə qovuşan Vətən torpaqlarının hər bir bucağı jurnalistin qələmində göyərdi. Dastanın “Xudafərin” boyu, “Füzuli” boyu, “Zəngilan” boyu... Və nəhayət “Laçın” boyu. O boyların hər biri bir tarix dərsi idi. Müəllif əvvəlcə o boylarda adı çəkilən torpaqlar haqqında dolğun, ətraflı məlumat verdi, etimologiyası, mədəniyyəti, kimlərin vətəni, kimlərin əmanəti olduğunu yazdı. Oxucusuna xatırlatdı, düşmənin viran qoyduğu şəhərlərimizin, rayonlarımızın illər əvvəl mədəniyyət mərkəzləri olduğunu gənc nəslin yadına saldı. Özünəməxsus yanaşması, qəlbə yatan obrazlı cümlələri ilə dastanvari bir boy oxudu oxucusu. Həm Qarabağ tarixinin publisistik xəritəsini çəkdi, həm də cəbhədə tarix yazan Azərbaycan əsgərinin qələbəsini qələmə aldı.

Dastan ulu öndər Heydər Əliyevin heç vaxt bu işğalla barışmadığını, barışmayacağını ifadə edən Azərbaycan insanına müraciətlə dediyi “Arzu edirəm ki, sizinlə birlikdə gedəcəyik Şuşaya. Gedəcəyik, inan ki, gedəcəyik” əminliyi və ölkə başçısının “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdik! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” kimi qürur dolu sitatları ilə başlayır. Ön söz əvəzi yazılmış olan “Azərbaycan Sizinlə qürur duyur, Cənab Prezident” adlı məqalədə son 17 ilə nəzər yetirən jurnalist Ali Baş Komandanın ötən bu illər ərzində ata vəsiyyətinə sadiq qalaraq bütün dünya əhəmiyyətli tədbirlərdən, beynəlxalq kürsülərdən erməniləri işğala son qoymağa, torpaqlarımızdan rədd olub getməyə səsləyən fikirlərinə, bu sahədə görülən işlərə, necə güclü və yenilməz bir ordu qurulduğuna diqqət çəkir, Qarabağın işğalı ilə blokada taleyi yaşayan Naxçıvanın nəqliyyat damarının açıldığına sevincini ifadə edir.

Kitabda Vətən müharibəsində informasiya cəbhəsində də Komandanlıq edən ölkə başçısının Azərbaycanın haqq səsini çatdırmaq üçün dünyanın bir çox aparıcı KİV-nə verdiyi müsahibələrindən önəmli məqamları “Müharibə və müsahibə və ya “Dəmir Yumruğ”un dəmir məntiqi” başlıqlı bölmədə oxucuya təqdim edilir.

“44 günün tarixi xronikası”nda şəhid qanıyla suvarılmış vətənin necə addım-addım bütövləşdiyinin təqvimi var. Kitabda diqqət çəkən önəmli bir məqam da odur ki, müqəddəs Qarabağ uğrunda şəhadətə yüksələn bu yurdun 2908 şəhidinin və 6 itkin övladının adına yazılmış 2914 bayatı yer alır. Tarixən də belə olub, bu gün də belədi. Silahlar susanda qələm danışmağa başlayır. Üstündən bir il vaxt keçən Zəfərdən sonra ədəbiyyatımızda yeni ədəbi nümunələr yaranır. Şanlı zəfər Azərbaycan insanına ruh, ilham verdi. 2914 adlı bayatının yazılması isə Azərbaycan ədəbiyyatı üçün bir ilkdir. Kitabda hər bir şəhidin şəkli ilə yanaşı, barəsində qısa məlumat və adının keçdiyi bayatı yer alır. Bayatı şifahi söz yaddaşımızın ən qədim və yadda qalan, özündə tarixin, olub-keçənlərin acısını, ağrısını hiss etdirən bir janrdı. Yəqin elə müəllif də məhz şəhidlər üçün 2914 bənd bayatı yazmaqla onların şifahi söz yaradıcılığı nümunəsində əbədi yaşamasını təmin etmək istəyib. Hər bir bayatı nə qədər kövrək, həssas duyğularla yazılıbsa, bir o qədər də hər birində qəhrəmanlıq,  milli ruh, milli qürur var. Bunda jurnalistdən böyük yaradıcılıq tələb olunmaqla yanaşı, yuxarıda da qeyd etdiyim kimi, övladının acısından bayatı deyən ana kövrəkliyi, həssaslığı var...

Əzizim,sazım ağlar,

Sazımda sözüm ağlar.

Şəhid Anarım üçün

Qan yaşlı gözüm ağlar.

yaxud da

Əzizim, arzum ülvi,

Diləyim, arzum ülvi.

Qarabağ diləyimi

Çin etdi şəhid Ülvi.

Bayatılar min illərin ağrısını, tarixini bu günə daşıdığı kimi, bu günün də kədərini, qürurunu gələcəyə daşımağa qadirdi. Uşaq, böyük - hər kəsin dilinin əzbəri olacaq 2914 bənd dünya durduqca unudulmayacaq olan 2908 şəhidi və 6 itkinimizi söz, fikir yaddaşımıza əbədi köçürüb. Min illər keçəcək, həmin bayatılar səsləndikcə, dildən-dilə gələcək nəsillərə ötürüldükcə qəlblərdə yaşayan  igidlər minnətdarlıqla xatırlanacaq.

Bu gün Qarabağda adı dirçəliş, qayıdış olan yeni tarix yazılır. İnanırıq ki, bütövlüyə qovuşan qalib Azərbaycanın hər bir bucağı Mətanət Məmmədovanın qələmində yeni bir dastana dönəcək. Bu müqəddəs və şərəfli işdə uğurlar...

Fizzə Bağırova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: