Zərrə boyda qumun olsam, bəsimdir, Vətən! Və ya ön xətdə gördüklərim, qələmə aldıqlarım... - FOTOLAR

A- A A+

Media nümayəndələri olaraq yenə yol üstündəyik. Bu dəfə daha geniş heyətlə və fərqli istiqamətdə yola çıxmışıq. Naxçıvan şəhərindən uzaqlaşdıqca soyuğu hiss edirik. Qışı ilk dağlar qarşılayır axı. Bəyaz örpəyini yorğan kimi dağların üstünə çəkir. Əsl rəssam fırçasını işə salacaq mənzərədir. Ucqar dağ kəndlərində artıq qaz sobaları işə düşüb. Yazı-yayı əkib-becərməklə, payızı yığmaqla məşğul olan kəndlinin qış üçün hər bir azuqəsi hazırdır, istilik də ki öz yerində. Qışın qəfil qonaq kimi gəlişinə artıq alışıb onlar. Kənd mənzərələrini geridə qoyub dolanbac dağların qoynu ilə irəliləyirik. Yer palçıq olduğundan bəzi yerlərdə avtobus sürücünün sözünə baxmır. Amma sürücü də naşı deyil, avtobusu özünə “tabe etdirməyi” bacarır. Nəhayət mənzil başına çatırıq. Avtobusdan düşən kimi soyuq və küləkli hava iliklərimizə qədər işləyir. “Çox soyuqdur”,-deyib əyninə əlavə geyim alanlar da olur. Lakin onlar elə dayanıb ki... eynən bu dağlar kimi. Duruşları da, baxışları da sərtdi, möhkəmdi. Sanki bu soyuğun heç onlara dəxli yoxdu. Gənc xanım jurnalistlərin arada pıçıltılarını da eşidirəm: “Görəsən, onlar üşümür?”

Söhbət dağların başında məskən salan, biz gecələr isti ocağımızda rahat yataq deyə keşik çəkən əsgərlərdən gedir. Oğul düşmən çəpəridir, deyib atalar. Biz də o çəpərin düz yanındayıq. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissələrindən birində. Naxçıvan Muxtar Respublikasının ictimaiyyət, mədəniyyət, Vətən müharibəsinin iştirakçıları ilə birgə şəxsi heyətin sosial-məişət şəraiti və döyüş hazırlığı ilə tanış oluruq. Azərbaycan əsgəri ön xətdə yerləşən bölmələrdə ayıq-sayıq döyüş növbətçiliyi aparır. Eləcə də hava hücumundan müdafiə bölmələrində. Müşahidələr göstərir ki, şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı yüksək səviyyədədir. Onları nə qar, nə boran, nə soyuq qorxutmur. Axı bu Vətən onlara əmanətdir. Göz bəbəyi necə qorunursa, bax, Vətən də elə qorunmalıdır. Şair Zeynal Vəfa bu yerdə yaxşı deyib:

Demirəm ki, Şahdağına çevrilim,

Zərrə boyda qumun olsam, bəsimdir, Vətən.

Zabit Naib Cəfərov bizi yaradılan şəraitlə tanış edir: “Muxtar respublikada ordu quruculuğu istiqamətində görülən işlərin nəticəsidir ki, yüksək dağ şəraitində yerləşən hissə və bölmələrimizdə də nümunəvi xidmət şəraiti yaradılıb. Dövlətin ordu quruculuğuna ayırdığı diqqət və qayğıdan ruhlanan əsgərlər ilk gündən hərbi biliklərə yiyələnir, öz xidməti vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirirlər. Onlar artıq qalib ordunun əsgərləridir. Bu hiss onları daha da qürurlandırır. Vətənin keşiyində daha əzmlə və məsuliyyətlə dayanmağa sövq edir”.

Əslən Qəbələdən olan əsgər Kənan Bilalovla həmsöhbət oluruq. 10 aydır ki, Naxçıvanda xidmətdədir. Yaradılan şəraitdən xeyli məmnundur: Yüksəkliklərdə xidmətin təşkili üçün lazımi şərait yaradılıb. 7 aydır ki, ön xətdə xidmətimi davam etdirirəm. Bundan sonra da əmr və tapşırıqların yerinə yetirilməsinə daim hazır olacaq, Vətənimizin keşiyində sədaqətlə dayanacağam”. 

Əsgər Tofiq İsmayılov ön xətdə xidmət etməyi ilə qürur duyur: “Torpaqlarımızın işğaldan azad olunması bizdə arxayınlıq yaratmır, bu, əksinə, məsuliyyətimizi birə-beş artırıb. Zəfəri qazanmaq heç də asan olmadı, nə qədər şəhidlər verdik. Şəhidlərimizin bizə əmanəti olan bu torpaqları qorumaq və gələcək nəsillərə çatdırmaq da bizim üzərimizə düşən ən ümdə vəzifədir”.       

Dağların zirvəsini fəth edən qartallar

14 il Əmir Teymur kimi dünya fatehinə baş əyməyən Əlincə qalanın bu gün başı üzərində qartallar uçur. Bu qartalları qalanı ziyarətə gələn hər kəs görə bilir. Yayda istisi, qışda qarı, çovğunu ilə əzəmətli dağların da qartalı bu oğullardır. Vətənin keşiyində ayıq-sayıq və məğrur dayanan oğullar. Bu oğulların şücaətini 44 günlük Vətən müharibəsində hər kəs gördü. Bu, uşaqkən nağıllarda oxuduğumuz, öyrəndiyimiz qəhrəmanlar deyildi. Günümüzün qəhrəmanları idi. Hələ illərlə bəhs edəcəyimiz, şəninə nəğmələr qoşacağımız, hekayələr, dastanlar yazacağımız qəhrəmanlar. Öz  canları, qanları bahasına irəli gedən, ölümün gözünə dik baxan oğullar. Döyüş meydanında “Vətən yaxşıdır” mahnısını oxuyan, döyüş ruhu nümayiş etdirən və dillərə dastan olan oğullar.

Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya bir daha nümayiş etdirdi. İrəli aparan bu güc idisə, digər tərəfdən xalqın iradəsi, əzmi idi. Xalq-ordu birliyi qələbənin təmin edilməsində mühüm rol oynadı. Ali Baş Komandanın qətiyyətli mövqeyi müharibəni daha az itki ilə və zəfərlə başa vurmağımıza əsas oldu. Bu gün biz qürur hissi ilə zəfərimizdən bəhs edir, 44 günlük müharibədə igidlərimizin şücaətindən danışır, şəhidlərimiz haqqında yazırıq. Yazırıq ki, gələcək nəsillər də bilsin ki, üzərlərində gəzdikləri torpaq heç də asanlıqla qorunmayıb. Ata-babalarının qəhrəmanlığı və şəhidlərimizin qanı ilə torpaq olub, Vətən olub, müqəddəsləşib, ülviləşib. Bu müqəddəs yolda neçə-neçə igid verdi can, 30 illik torpaq həsrətimizə, Qarabağ nisgilimizə son qoydu. Oğullar can verdi mənfur düşmənin dağıtdığı, viranə qoyduğu Qarabağa. Şəhid qanı ilə suvarılan torpaqlar qısa bir zamanda gülüstana çevriləcək.        

Zəfər yolumuz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində müsahibəsi zamanı Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərildiyini bildirərək deyib: “Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı - üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir...

Yəni Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”.

Vətən oğullarının göstərdiyi fədakarlığın nəticəsidir ki, bu gün biz zəfərimizi qeyd edirik. Naxçıvan Qarnizonu qoşunlarında keçirilən “Zəfər yolumuz” adlı silsilə tədbirlərin davamı olaraq iştirakçısı olduğumuz tədbir də yüksək səviyyədə təşkil olunmuşdu.

Müharibə iştirakçılarından bir neçəsi ilə həmsöhbət oluruq. “Bu tədbirdə iştirak etmək bizim üçün qürurvericidir. Çünki bu gün əlində silah Vətənin keşiyində duran əsgərlərlə görüşüb onlarla zəfəri birlikdə qeyd etmək başqa bir hissdir. 44 günlük Vətən müharibəsinin hər anı zəfər dolu tarixdir. Bu tarixlə bağlı xidmət edən əsgərlərlə söhbət aparmaq, o torpaqların hansı çətinliklərlə azad olunmasından bəhs etmək, düşünürəm ki, əsgərlərimiz üçün də maraqlı oldu. Qoy onlar bu tarixi məhz müharibə iştirakçılarından eşidib bir daha qürur duysunlar və bilsinlər ki, Azərbaycan Ordusunda xidmət etmək böyük bir şərəfdir”,-deyir zabit Təbriz Zeynalov. Bir gözünü Vətən yolunda qurban verən zabitimiz “Azərbaycan bayrağı” ordeni, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Dağıstan Hüseynovla söhbətimizi davam etdiririk. Əslən İmişli rayonundan olan Dağıstan Hüseynov döyüşlərin fəal iştirakçısı olub. Xocavəndin bir neçə kəndinin alınmasında və Şuşa istiqamətində gedən döyüşlərdə fəallıq göstərib. Qalib ordunun qalib əsgəri kimi xidmətinə davam etməsi ilə qürur duyur.

Kiçik çavuş Əziz Şükürov: “Alınan torpaqlar şəhidlərimizin qanı, qazilərimizin canı bahasına alındı. Mən şəhidlərimizin ruhu və onların valideynləri qarşısında baş əyirəm. Biz şəhidlərimizin qisasını almışıq. Mən bu gün üçrəngli bayrağımıza baxanda bir daha qürurlanıram ki, o bayrağı azad etdiyimiz torpaqlara sancdıq”.

Yaradılan şəraitlə tanış olduqdan sonra əsgərlərlə birlikdə yemək süfrəsi arxasında əyləşirik. Qələbə ruhlu mahnıların sədaları altında.

Yenə evim Azərbaycan olacaq!

Zəfər dolu xoşbəxt anlarımızı fotolarda əbədiləşdirib geriyə-şəhərə yol alırıq. Bəyaz örpəyə bürünmüş dağların başında dağ kimi duran igidlərimizə “Vətən sizə əmanət” deyib ayrılırıq. Ürəyimiz fərəh hissi ilə döyünür. Axı necə döyünməsin? Vətənin zərrə boyda qumu ola bilmək üçün nələr etmərik? Zərrə boyda qumu deyil, elə Naxçıvanın əzəmətli dağları kimi dağ vüqarlı oğulları var bu Vətənin. Biz Vətəni bax belə sevərik, həm qoruyarıq, həm gülüstana çevirərik. Kimsənin torpağında gözümüz olmaz. Biz haqqı sevərik. Haqq uğruna candan keçərik. Canımızı fəda edərik, torpaqdan pay vermərik. Şair nə gözəl demiş:

Tək mən olsam bu dünyanın sahibi,

Yenə evim Azərbaycan olacaq,

Azərbaycan olacaq!

Yolboyu gözümün qarşısından o mənzərə getmir: Zəngəzuru gördüm, kiçik bir parçasını. Dayandığım dağların o biri üzündəki uşaqlıq xatirələrimi yaddaşında, yaddaşımda saxladığı ana yurdum Zəngəzuru...

                                                                   Ruhiyyə Rəsulova

                                                 Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: