90 yaşlı qəzetdə babamın da imzası var... - FOTOLAR

A- A A+

Mən Şərur rayonunun Püsyan kəndində anadan olmuşam. Baba adı daşıyanlardan biri də mənəm. Adını daşıdığım Nəriman babamı görmək mənə nəsib olmasa da, onun peşəsini davam etdirməyə çalışmışam. Buna görə də jurnalist ixtisasını seçmişəm. Uşaqlığımda bu peşənin çətinliyini və məsuliyyətini dərk edə bilməsəm də, jurnalistika sahəsində işləyib təcrübə qazandıqca anladım ki, qələm sahibi olmaq və imzanla seçilmək qürurverici bir hissdir. Hətta hərbi jurnalistika sahəsində ixtisaslaşaraq düşmənlə informasiya döyüşü aparmaq daha şərəflidir. Hər ikimiz də Nəcəfov Nəriman Sultan oğluyuq. Bizi birləşdirən soyad, ad və ata adından əlavə, həm də sevib seçdiyimiz peşədir.

Babam Nəriman Nəcəfovun bir müddət redaktor müavini işlədiyi və redaktor vəzifəsini icra etdiyi “İşıqlı yol” qəzeti bu gün “Şərurun səsi” adı ilə keçmişdən ilhamlanaraq, bu günün nəbzini tutaraq gələcəyə işıq salır. Qəzet Şərur rayonunda bütün sahələrdəki inkişafı öz səhifələrində işıqlandırmaqla bərabər maarifçilik funksiyasını da yerinə yetirir.

Son günlər “Şərurun səsi” qəzetinin redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Elman Məmmədovun qəzetin 90 illiyi münasibətilə silsilə yazılarla qeydə aldığı təəssüratlarını oxuyan zaman mətbu orqanın keçdiyi yol həm jurnalist və həm də rayon sakini olaraq insana qürur dolu hisslər yaşadır. Rayonun tarixinə işıq tutan bir mənbə kimi qəzetin 90 ildə keçdiyi inkişaf yolunda, əlbəttə ki, çətinliklər də olub. Amma bu gün qəzet muxtar respublikamızda kütləvi informasiya vasitələrinin inkişafına və qələm sahiblərinə göstərilən dövlət qayğısından bəhrələnərək yeni-yeni uğurlara imza atır.  

90 yaşlı qəzetdə babamın imzasının olması məni qürurlandırmaqla bərabər, muxtar respublikamızda formalaşmış azad informasiya məkanında yaradıcılığımı daha da inkişaf etdirir, düşmənin dezinformasiyalarını puça çıxarmağa çalışıram. Bu gün Naxçıvan Muxtar Respublikasında yaradıcılıq potensialı olan sağlam düşüncəli gənclərə öz fikirlərini ifadə etmək üçün geniş imkanlar açılıb. Müasir avadanlıqlarla təmin olunan hər bir kütləvi informasiya vasitəsində peşəkar kadrlar yetişdirilir. Muxtar respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələri həm də “Jurnalistika” ixtisası üzrə təhsil alan tələbələrin hamisi olmaqla tələbə-gənclərin peşəkar inkişafında mühüm rol oynayır. Bütün bunların nəticəsidir ki, gənc və peşəkar jurnalistlər formalaşmaqdadır.

Artıq informasiya blokadasını darmadağın edən Naxçıvanımız hər bir sahədə tərəqqi etdikcə azad söz və informasiya məkanımız da genişlənir. Hər bir sahənin inkişafını özündə əks etdirən Naxçıvan mətbuatı keçdiyi şərəfli inkişaf yolu ilə haqlı olaraq fəxr edir. Muxtar respublikamızda formalaşmış vətənpərvər jurnalistlər ordusu müstəqil dövlət quruculuğu, dövlətçilik, vətənpərvərlik, maarifləndirmək uğrunda yorulmaz fəaliyyət göstərir. Biz gənc jurnalistlər də bizdən əvvəl yazıb yaratmış qələm sahiblərinin ənənələrini şərəflə davam etdirərək hər bir mövzuya müasir yanaşma ilə muxtar respublikamızın inkişaf salnaməsini yaddaşlara köçürməyə çalışırıq.

Bu kiçik yazımın sonunda muxtar respublikamızda kütləvi informasiya vasitələrinin inkişafına göstərilən dövlət qayğısına və gənc jurnalistlərə yaradılan hərtərəfli şəraitə görə dövlətimizə minnətdarlığımı bildirir, “Şərurun səsi” qəzetinin kollektivini və qəzetçilik ənənələri ilə fəxr edən muxtar respublika mətbuatının nümayəndələrini təbrik edir, hər bir qələm sahibinə uğurlar arzulayıram. Biz hər birimiz Naxçıvan mətbuatının nümayəndəsi olmaqdan qürur duyuruq.

Nəriman Nəcəfov

hərbi jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: