Babək və Culfa rayonlarında Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə və qazilərə medallar təqdim edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hər iki rayonda keçirilən mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər bildirib ki, Vətən müharibəsində Babək rayonundan olan 16 qəhrəman şəhidlik zirvəsinə ucalıb, 25 hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti alaraq qazi adını qazanıb. Torpaqlarımızın işğaldan azad olunmasında Culfa rayonunun qəhrəman övladları böyük şücaət göstəriblər. Onlardan 15 müxtəlif rütbəli hərbçimiz şəhidlik zirvəsinə ucalıb, 50-yə yaxın qəhrəmanımız aldıqları müxtəlif xəsarətlərlə qazilik adı qazanıb. Döyüşlərdə göstərdikləri yüksək rəşadətə görə rayonun igid oğullarından 2 nəfər “Vətən müharibəsi qəhrəmanı” adı, 7 orden və 300-ə yaxın medalla təltif olunublar. Döyüş tapşırıqlarını uğurla yerinə yetirən hərbi qulluqçularımıza orden və medalların təqdim olunması dövlətimizin qalib ordunun əsgərlərinə göstərdiyi diqqətin daha bir ifadəsidir.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən Babək rayonundan olan hərbi qulluqçular - şəhidlik zirvəsinə ucalan leytenant Hacıyev Şükür Bayram oğlu və leytenant Vəlizadə İbrahim Malik oğlu “Suqovuşanın azad olunmasına görə”, şəhid leytenant Əjdərov Rəhman Rasim oğlu və qazi, baş leytenant İbrahimov Roman İsbəndiyar oğlu “Laçının azad olunmasına görə” medalları ilə təltif olunublar.
Culfa rayonundan Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərən şəhid leytenant Dünyamalıyev Ceyhun Zeynal oğlu “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə”, şəhid leytenant Nəcəfov Yaqub Məhəmməd oğlu “Şuşanın azad olunmasına görə”, şəhid leytenant Quliyev Vəli Kamal oğlu “Qubadlının azad olunmasına görə” və şəhid əsgər Göydağlı Ramazan Əbülfət oğlu “Vətən uğrunda” medalları ilə, qazilərimizdən baş leytenant Nəcəfov İbrahim Məhəmməd oğlu “Ağdamın azad olunmasına görə”, leytenant Əbülfəzli Sahib Mübariz oğlu “Xocavəndin azad olunmasına görə”, baş leytenant Tağıyev Tural Məmmədrza oğlu və leytenant Dilavərli Yelmar Elnar oğlu “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Sonda medallar şəhidlərin valideynlərinə və qazilərə təqdim olunub. Şəhid leytenant Yaqub Nəcəfovun atası Məhəmməd Nəcəfov göstərilən diqqətə görə minnətdarlıq edib.
Novruz Məmmədov
Ərhan Novruzov