Ölkəmizdə vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sisteminin müəyyən edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Dövlət qulluğu hüququ olan bütün subyektlərin əmək pensiyaları da məhz “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə təyin edilir. Dövlət qulluqçuları üçün əmək pensiyaları təyin edilərkən əmək pensiyasının növləri və tərkibi ümumi prinsiplər əsasında tətbiq edilir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək 1-ci qrup əlil olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əlavə almaq hüququna malikdirlər. Qanunun 20.11-ci maddəsinə əsasən dövlət qulluqçularının pensiyalarına qulluq stajına görə əlavə dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibindən hesablanır və dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınır. Dövlət məvacibi isə dövlət qulluqçularına pul ilə ödənilən haqdır. O, vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçularının ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.
Qanunvericiliyə əsasən 15 il dövlət qulluğu stajı olan dövlət qulluqçularına qulluq stajına görə əlavə əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla orta aylıq əməkhaqqının 50 faizi miqdarında hesablanır. Qulluq stajına görə əlavənin məbləği dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizindən çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə qanunla təyin edilən pensiyanın məbləği arasındakı fərq qədər hesablanır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış publik hüquqi şəxs nəticəsində dövlət qulluğuna xitam verilən, həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının toplanmasına ən çoxu 2 il qalan, yəni ən azı 13 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququ yaranır.
Dövlət məvacibi müəyyən edilərkən dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləği dövlət məvacibinin müəyyən edildiyi dövrdəki qulluq stajı əsasında nəzərə alınır. Məsələn, dövlət qulluqçusunun dövlət qulluğununda qulluq stajı 1 yanvar 1995-ci ildən 1 oktyabr 2021-ci il tarixədək olan dövrü əhatə edir. Dövlət məvacibi dövlət qulluqçusunun 1 yanvar 2000-ci ildən 1 yanvar 2005-ci ilədək olan dövrü əhatə edən gəliri əsasında müəyyən edilmişdir. Bu halda dövlət məvacibi hesablanarkən qulluq stajına görə əlavə haqq 10 faiz (5 ildən 10 ilədək olan dövrə müvafiq olaraq) miqdarında nəzərə alınır.
Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”na əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətlərinə görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli Fərmanı ilə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq müəyyən edilmişdir. Başqa sözlə desək, göstərilən əlavə dövlət məvacibinin tərkibinə yalnız 1 iyul 2008-ci ildən etibarən ödənilir. Buna görə də dövlət qulluqçularının dövlət məvacibinin müəyyən edildiyi dövr həmin tarixdən əvvəlki müddəti əhatə etdiyi halda hakimiyyət səlahiyyətlərinin icrasına görə verilən əlavə 1 iyul 2008-ci ildən əvvəlki müddət üçün nəzərə alınmır.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli müvafiq Sərəncamına əsasən bəzi dövlət orqanlarının rəhbər işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir. Bu Sərəncam 2004-cü il sentyabrın 1-dən qüvvədə olduğundan bu tarixdən əvvəlki dövr üçün nəzərə alınmır.
Dövlət qulluqçularının əməyinin qiymətləndirilməsində mükafatlar xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixlli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnaməyə əsasən dövlət qulluqçularının həvəsləndirilməsi məqsədilə onun işinin nəticələrinə görə mükafatlandırılmasının kollektiv və fərdi növləri vardır. Bu məqsədlə hər il dövlət büdcəsində həmin orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əməkhaqqı fondundan başqa əlavə vəsaitlər də nəzərdə tutulur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənə qədər qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında çalışan şəxslərin əməyinin qiymətləndirilməsində yuxarıda göstərilən qaydalar tətbiq olunmurdu. Buna görə də “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”na əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında faktiki ödənişlər üzrə nəzərə alınır.
Dövlət qulluqçusunun dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb olunan digər pul ödənişləri də nəzərə alınır. Yəni dövlət qulluqçularına ildə 1 dəfə ödənilən bir aylıq əməkhaqqı məbləğində müavinətlər əgər məcburi dövlət sosial sığortasına cəlb olunmuşdursa, nəzərə alınır, əks halda nəzərə alınmır. 2006-cı ildən dövlət qulluqçularının ödədikləri məcburi dövlət sosial sığorta haqları Dövlət Sosial Müdafiə Fondunun Mərkəzləşdirilmiş İnformasiya Sistemi proqramında öz əksini tapır. Ona görə də aid təşkilatın dövlət qulluqçularının aldığı mükafat və digər pul ödəmələrindən tutulan məcburi dövlət sosial sığortasının məbləğinin bu proqramda işlənməsi mütləqdir.
Həmin qaydaların 10-cu bəndinə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. Beləliklə, dövlət məvacibi müəyyən edilərkən ixtisas dərəcəsinə görə haqq dövlət qulluqçusunun sonuncu ixtisas dərəcəsi üzrə sabit məbləğdə nəzərə alınır. Ümumiyyətlə, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibinə nəzərə alınan dövr üzrə faktiki olaraq aldığı və məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər nəzərə alınır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti