Ermənistanın Naxçıvanla sərhəd kəndlərindən videomaterial yayımlanıb - VİDEO
Ermənistanın Naxçıvanla qonşu olan sərhəd kəndlərində əhali uzun illərdir ki, acınacaqlı vəziyyətdə yaşayır. Burada məskunlaşan ermənilər indi keçmiş günlərin, SSRİ dönəmində Naxçıvanla sərhədlərin açıq olduğu zamanları nostalji hisslər və peşmançılıqla xatırlayırlar. Bu günlərdə erməni internet portallarından biri bununla bağlı geniş material hazırlayıb. Sərhəd kəndlərin hazırkı vəziyyətini olduğu kimi, heç bir bəzək-düzəksiz erməni dilində tamaşaçılara çatdıran videomaterial küləyin cəngində didik-didik olmuş nimdaş Ermənistan bayrağının görüntüsü ilə başlayır. Naxçıvanla sərhəd boyu müxtəlif istiqamətlərdən kəndləri gəzən erməni jurnalistin kamerasının obyektivində biz sanki 1990-cı illərin əvvəlini görürük. Yaşayış yerlərindəki kadrlarda köhnə evlər, asfalt üzünə həsrət qalan kələ-kötür küçələr, sovetlər dönəmində istehsal edilən avtomobillər və dağınıq infrastruktur diqqəti çəkir.
Əslində bu müasir Ermənistanın tam reallığı kimi də qəbul edilməlidir. Çünki uçuq-sökük, illərdir heç bir təmir görməyən evləri bozaran kəndləri görəndə bir fakt aydın olur - təcavüzkar Ermənistan hökuməti qazandığı 27 illik müstəqilliyi dövründə burada bir daşı belə daş üstə qoymayıb. Taleyin ümidinə buraxılan Naxçıvanla sərhəd erməni kəndlərində ancaq bir-iki ailə gözə dəyir. Ermənistan ərazisində Naxçıvanın ötən əsrin 90-cı illərində işğal edilən qədim Kərki kəndində yaşayan erməni qadın yalnız yaydan yaya bura gəldiklərini deyir və burada hər şeyin dağıldığından gileylənir. 3 uşaq anası olduğunu vurğulayan erməni qadın azərbaycanlıların burada yaşadıqları vaxt kəndin daha səliqəli və gözəl olduğunu etiraf edir. “Mən uşaqlarımı bura gətirə bilmirəm. Çünki burada yeməyə bir şey tapmırıq” -deyən qadın qonaqların qarşısına həyətdəki böyürtkəni yığıb qoyur. Bütün bu mənzərələrdən bir şey məlum olur ki, bir zamanlar azərbaycanlıların kompakt şəkildə yaşadıqları kəndlərdə onlara məxsus evlər indi tamamilə viran olub. Kəndin ən yaxşı evləri sayılan bu binalardan ancaq uçuq-sökük xarabalıqlar qalır. Çünki onların materiallarını ehtiyac ucbatından satan erməni kəndlilər yenisini də tikə bilmirlər. Ermənistanın Sisian – Qarakilsə rayonunun Comərdli kəndində olan jurnalistin rastlaşdığı yarıçılpaq erməni burada yaşadıqları vaxtlar azərbaycanlıların buranı cənnətə döndərdiyini, Naxçıvanla alış-veriş elədiyini, ailəsini dolandırdığını etiraf edir.
“Bizim İrəvana getmək üçün ən yaxın və rahat yolumuz Batabatdan aşıb Naxçıvandan keçib getmək idi. Yolda Badamlı, Vayxır suyundan məmnuniyyətlə alıb özümüzlə aparırdıq. Bu gün sərhəddəki kəndlərin bu cür acınacaqlı halı Ermənistan hökumətinin təcavüzkar siyasətidir. Bu yolların bağlanması bizə çox baha başa gəlir. İndi rəhbərlər Yerevanda oturub özlərinə şərait yaradırlar. Bu kəndlər isə Allah ümidinə buraxılıb. Əgər yol açıq olsa idi, indi biz Naxçıvana, Türkiyəyə rahatca gedir, alış-veriş edirdik. İndi nə Naxçıvana, nə də Türkiyəyə yolumuz yoxdu. Sərhədlər bağlı olduğundan bütün dünyadan təcrid olunmuş vəziyyətdə yaşayırıq. O zamanlar biz Naxçıvandan gələn adamlardan meyvə alır, əvəzində isə öz məhsullarımızı onlara satırdıq. İndi isə hər gün o dağlarda yavaş-yavaş bizə tərəf irəliləyən Azərbaycan əsgərinin postlarını qorxa-qorxa izləyirik”-bunları da sərhəd kənlərində yaşayan kasıb ermənilər deyir. Jurnalistin, “-Əgər azərbaycanlılarla əvvəlki kimi vəziyyət sabitləşsə, yenə də münasibət qurarsanızmı?” sualına bəziləri tərəddüd etmədən “Bəli”, bəziləri isə çəkinə-çəkinə: “Biz razıyıq, amma onlar necə, bu qədər müharibədən sonra razı olarlarmı?” – deyə inamsızlıqla cavab verir. Sovet dönəmində Azərbaycan qazını yandıran erməni kəndlərində indi yandırmaq üçün istifadə edilən ən dəyərli yanacaq təzəkdir. Bütün həyətlərdəki iri kərmə qalaqları erməni ailələrinin son ümid yeri kimi diqqəti çəkir. Həyətlərdə hər şey, istər məişət əşyaları, istər erməni kəndlilərin Azərbaycan əsgərinin mərhəmətinə sığınıb sərhəddə əkdiyi taxılı biçdiyi bir ədəd sınıq –salxaq, köhnə “NİVA” kombaynı, istərsə də evlərin mamır bağlamış şiferləri köhnəlik və miskinliyi ortaya qoyur.
Sədərək rayonu ilə sərhəd olan Armaş, Erasx, Şərur rayonu ilə sərhəd olan Areni və Xaçik, Şahbuz rayonu ilə sərhəd olan Balak (Bələk), Şağat, Əngələkot, Culfa rayonu ilə sərhəd olan Nijde (Soflu) kəndləri, o cümlədən Ordubadın yaxınlığında yerləşən Karçivan (Qarsevən) kəndində olan jurnalistin qarşısına çıxan zavallı erməni kəndliləri ancaq dağlardakı postlar və Azərbaycan əsgərinin yüksəklikdəki mövqelərindən məyusluqla danışırlar. Maraqlı burasıdır ki, bu kəndlərin heç birində demək olar ki, gənclər gözə dəymir. Burada yalnız az sayda qadınlar və yaşlı insanlar yaşayırlar. Arpa (Areni) kəndinin qoca sakini narahatlıqla Günnüt kəndinin ətrafındakı yeni səngərləri göstərərək artıq üzümün yığım mövsümü olmasına baxmayaraq öz bağlarından meyvə toplamaqdan çəkindiklərini deyir. Çünki o zirvələrdəki səngərlərdə indi Azərbaycan əsgəri dayanır və bütün günü kəndi nəzarətdə saxlayır. Gah qorxu, gah da ümidlə danışan ermənilər bütün çıxış yollarını bir şeydə görürlər - o da Azərbaycanla münasibətləri yenidən tənzimləməklə sərhədləri açmaq və bu lənətə gəlmiş həyatdan qurtulmaqda. Bu sərhəddə yaşayan hər bir erməninin ən böyük arzusudur. Ermənistanın işğalçı siyasəti nəticəsində dağıdılan Azərbaycana məxsus dəmir yolları bu zavallı ermənilərin sanki qırılan ümidləri, gözünün qarşısında tənəzzülə uğrayan dövlətlərinin simvoludur. Sərhədlərdəki ermənilər etiraf edirlər ki, Ermənistan hakimiyyəti bir neçə iri şəhərləri və paytaxt İrəvanı zorla saxlayır. Bu kəndlər isə ölümə tərk edilən xəstənin taleyini yaşayır. Sərhəddəki erməni kəndlərinin sakinləri onları taleyin axarına buraxan dövlətlərinə məmnuniyyətlə arxa çevirib, yaşamaq üçün irəli baxırlar. İrəlidə isə sərhəd dağlar və onların arxasında çiçəklənən, tərəqqi edən rahat həyat dolu Naxçıvan-Azərbaycan torpaqları görünür.
NUHÇIXAN əməkdaşlarımızın Ermənistanın sərhəd kəndlərinin real vəziyyətini əks etdirən həmin görüntülər əsasında hazırladığı videomaterialı təqdim edir.