Özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim olunub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” sosial qayğıya ehtiyacı olan ailələrin, habelə əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin icrasına əlverişli zəmin yaradıb. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oktyabr ayında həyata keçirilmiş özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə 27 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. Onlardan 14 nəfərin hər birinə 2 baş iribuynuzlu, 6 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 3 nəfərə mini yerşumlayan aqreqat, 1 nəfərə unlu və qənnadı məmulatların hazırlanması üçün avadanlıq və ləvazimatlar, 1 nəfərə bərbər avadanlıqları, 1 nəfərə südsağan aqreqat və 1 nəfərə isə odunkəsən, otbiçən aparat və ehtiyat hissələri verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 17 nəfərini əlilliyi olan şəxs, 2 nəfərini şəhid ailəsi, 1 nəfərini cəzaçəkmə müəssisəsindən azad olunan şəxs, 2 nəfərini isə ailə üzvündə qazi olan şəxslər təşkil edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq dövlət proqramlarının icrası çərçivəsində özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.

Tədbirdə çıxış edən Nazirliyin Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev və Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Elmar Eyvazov ötən dövr ərzində proqramın icrası istiqamətində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər.

Sonda aktivlər verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.

Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını bildiriblər.

                                                  Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: