Naxçıvanda zərərli bioloji aktiv əlavələrə qarşı gömrük nəzarəti gücləndirilib

A- A A+

Muxtar respublikada gömrük orqanları tərəfindən xaricdən gətirilən malların, o cümlədən ərzaq və qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunur, bu cür malların muxtar respublikaya buraxılışı gömrük laboratoriyasının rəyi əsasında həyata keçirilir. son dövrlərdə arıqlamaq üçün istifadə olunan bioloji aktiv əlavələrdən, arıqlama çaylarından istifadənin artması bu sahədə gömrük nəzarəti tədbirlərinin gücləndirilməsini aktual edir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, Səhiyyə Nazirliyinin müvafiq rəyinə əsasən arıqlamaq üçün istifadə olunan, ancaq insan sağlamlığına mənfi təsir edən bioloji aktiv əlavələrin muxtar respublikaya gətirilməsinin qarşısı alınır. Bu cür hallara qarşı mübarizə məqsədilə xarici iqtisadi fəaliyyət iştirakçıları, karqo şirkətləri və sərhədi keçən vətəndaşlar maarifləndirilir, arıqlamaq üçün istifadə olunan bioloji aktiv əlavələrin insan sağlamlığına mənfi təsirləri izah olunur.

Bu istiqamətdə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cari ildə 75 kq müxtəlif markalı bioloji aktiv əlavə, 16 kq arıqlama çayının saxlanılaraq geri qaytarılması təmin olunub. Üç adda 746 ədəd bioloji aktiv əlavə isə yandırılaraq məhv edilib.

“Vətəndaşların nəzərinə çatdırırıq ki, arıqlamaq üçün istifadə olunan bioloji aktiv əlavələrin insan sağlamlığına mənfi təsirləri nəzərə alınaraq onlardan istifadə etməkdən çəkinməli, bu cür məhsullar muxtar respublikaya gətirilməməlidir. Sağlam qidalanma, düzgün və aktiv həyat tərzi, idmanla məşğul olmaq arıqlamaq üçün ən yaxşı vasitələrdir”,-deyə məlumatda bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: