Ordubadda bayraq meydanına yürüş təşkil edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 8 Noyabr- Zəfər Günü və 9 Noyabr- Dövlət Bayrağı Günü münasibətilə Ordubad şəhərindəki dövlət bayrağı meydanına gənclərin yürüşü təşkil edilib.
Yürüşdə iştirak edən gənclərlə görüşdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı Gənclər Birliyinin sədri Nurlan Səfərli bayrağımızın Qarabağımızın hər nöqtəsində qürurla dalğalanmasından, Zəfər Gününü xalqımıza bəxş edən qəhrəmanlarımızın şücaətindən danışıb. Qeyd edilib ki, qəhrəmanlarımızın canı və qanı bahasına işğaldan azad etdiyi torpaqlarımızda bu gün üçrəngli bayrağımız qürurla dalğalanır.
Çıxış edənlər bildiriblər ki, ilk dəfə 103 il öncə, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilən üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında dövlət bayrağı kimi qəbul olunub. Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 17 noyabr tarixli sərəncamına əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib. Qeyd olunub ki, ölkəmizdə dövlət bayrağına xüsusi ehtiramla yanaşılır. Muxtar respublikanın bütün bölgələrində, o cümlədən Ordubadda bayraq meydanlarının yaradılması da milli kimliyimizin qürur ünvanı olan üçrəngli bayrağımıza hörmət və ehtiramın ifadəsidir.
Tədbirə məktəblilərin bayrağımıza, qələbəyə, vətənpərvərliyə həsr olunmuş şeir kompozisiyası ilə yekun vurulub.
Mədinə Rəhimli