NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunda quruculuq işləri sürətlə davam etdirilir. Rayon mərkəzində bir neçə aydır ki, rayon İcra Hakimiyyətinin və şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, eləcə də 24 mənzilli yaşayış binalarında iş gedir.
Rayon İcra Hakimiyyətinin yerləşəcəyi binada qapı və pəncərələrin, çardağın, daxili arakəsmələrin yenilənməsi işləri həyata keçirilir. Binanın fasadının da sıradan çıxmış suvaq örtüyü sökülərək yeni suvaq çəkilir.
Səməd Vurğun küçəsindəki Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binası da yenidən qurulur. Binanın ətrafında istinad divarları ucaldılıb, yöndəmsiz tikililər sökülüb. Yaxınlıqdakı məişət xidməti evinin ətrafı da səliqə-sahmana salınıb.
Ordubad şəhərinin “İstanbul” küçəsində “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən 24 mənzilli 5 mərtəbəli yaşayış binasında əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Binanın çardağı, pəncərə və qapıları yenilənib, fasada suvaq üzlük çəkilib. Hazırda binanın ətrafında səliqə-sahman və abadlıq işləri aparılır. Bütün bunlar rayon mərkəzinin simasına əlavə çalarlar gətirəcək.
Rayonun Dəstə kəndinə də kompleks quruculuq tədbirlərindən pay düşüb. Bir neçə aydır ki, kənddə yeni məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası üçün yeni binalar inşa edilir. Qısa müddət ərzində zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 900 şagird yerlik məktəb binasında tikinti işləri başa çatdırılıb, çardaq hissə qurulub, pəncərələr salınıb, fasad suvanıb, rabitə və elektrik xətləri çəkilib. Hazırda binadaxili ağartma işləri aparılır.
Obyektlərin yerləşdiyi böyük ərazidəki həyətyanı təsərrüfatların divarları yenidən qurulur. Kompleks quruculuq tədbirləri çərçivəsində 15 kilometrlik kəndarası yollarda yenidənqurma işləri aparılır. Torpaqbərkitmə tədbirləri görülür, suayırıcılar inşa olunur.