Ülvi bir hiss idi onun Vətən sevgisi - FOTOLAR

Vətən müharibəsinin son döyüşlərində şəhid olan kapitan Ülvi Hüseynovun xatirəsinə

A- A A+

Döyüşlərdə olan zaman “İndi bir çoxları isti evində, kimisi televizora baxır, kimisi oturub, kimisi yatır. Biz isə çöldə ağacların xəzəlləri arasında çantamızda daşıdığımız bir-iki əşya ilə qızınırıq. Yağış yağsa da, şeh düşsə də, doğma torpağımız isidir bizi. Heç kim üşümür. İnşallah, hamı sağ-salamat evinə dönər. Heç bir ana gözüyaşlı qalmaz. Allah şəhidlərimizə rəhmət etsin! Onların qisası yerdə qalmayıb, qalmayacaq” deyən kapitan Ülvi Hüseynov 44 günlük Vətən müharibəsinin 43 gününü son nəfəsinədək bir cəngavər kimi, mərd-mərdanə döyüşdü, düşməndən qisasını aldı.    

Ötən ilin bu günləri, bu anları biz isti evimizdə rahat gün keçirirdiksə, Ülvi kimi qəhrəman oğullar Qarabağda yeni bir tarix yazırdılar. Xalqımızın qəhrəmanlıq, hünər, zəfər tarixini... O tarixi günlər əsarətdə qalmış vətən torpağının nisgilinə son qoydu, bu yolda yüzlərlə, minlərlə  oğul canından keçdi. Şəhid oldu, qazi oldu - qəhrəman oldu...

Ordubad rayon mərkəzinə gedən yolun sol tərəfində bir kənd var. Sabirkənddir adı. İndi bu kəndin adı bir qədər də ucalıb. Ona bu ucalığı bəxş edən isə qoynunda böyütdüyü oğul, Vətən müharibəsinin şəhid kapitanı, “Qarabağ” ordenli qəhrəman Ülvi Möhsün oğlu Hüseynovdur.  1988-ci ilin 16 aprel tarixində, allı-güllü bir yaz günündə bu kənddə doğulmuşdu Ülvi. Onun doğulub böyüdüyü evin, həyətin üzü dağlara baxan çox gözəl bir mənzərəsi var. Anası Ülkər xanım əli ilə evinin qabaq-qənşərində dayanan dağları göstərir: “Ülvi bu kəndi dövrəyə alan  o dağların  başında  çox olmuşdu. Əzmini,  qorxmazlığını, əyilməzliyini  bəlkə də, bu dağlardan almışdı balam. Uşaqlığından cəld, çevik, hər işin öhdəsindən əzmlə gələn biri idi”.  

Ana bu həyətdən o dağların başında qoyun-quzu otaran uşaq Ülvini  çox çağırmışdı. Ana-oğul özünəməxsus bir qayda ilə səs vermişdilər bir-birilərinə. 

Uşaqlığında “Anam istərsə, ona göydən ulduz endirərəm” demişdi Ülvi anasına. Ana nə biləydi ki, Ülvinin ulduzları “Qarabağ” ordeni, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “Şücaətə görə”, III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan ordusunun 100 illik yubiley medal”ları və şəhidliyi olacaq.

Ülkər xanım həm şəhid bacısı, həm də şəhid anasıdır. 1992-ci ildə qardaşı Vüqar Həsənov şəhid olanda Ülvi 4 yaşında körpə bir uşaq idi.

Bir neçə il bundan öncə şəhid qardaşından mənə danışan ana, bəlkə də, heç bilməzdi ki, ömrü nakam solmuş qardaşının qisasını elə oğlu alacaq,  o, bu amal, Qarabağı, Şuşanı azad görmək uğrunda son nəfəsinədək vuruşacaq, lakin özü də şəhid olacaq.

İndi bu ananın evinin divarında  90-cı illərin Sədərək döyüşlərində şəhid olan qardaşı Vüqarla, oğlu Ülvinin şəkli yan-yana vurulub. Qardaş  yoxluğu, oğul itkisi çox ağrıdır ana qəlbini. Lakin qürur duyur qəhrəmanları ilə...

Ana oğlu ilə çəkdirdiyi son şəklini göstərir, son görüşünü yana-yana xatırlayır.

Ülvi heç böyüməmişdi ki onun gözündə. Ana-bala sevgisi bir başqadır axı... Ülvi döyüşlərdə olduğu 43 günü ana narahatlıq və fəxr hissləri ilə yola verdi. Başqa bir dərdi yox idi, ancaq oğul dərdi idi dərdi. Yuxusuz gecələri oldu. Hər qələbə xəbərinə sevindi, qürurlandı, gələn şəhid xəbərlərinə sarsıldı. Axı balası da o qızğın döyüşlərin önündə, odun -alovun içində idi. Bircə zəng vursa idi, bir səsini eşitsəydim deyə-deyə günləri yola verdi... Ülvidən bir zəng gələndə isə dünya-aləm onun olurdu. Ana heç xəyalına da gətirməzdi ki, balası şəhid olacaq.   Düşünürdü, Aprel döyüşlərində olduğu kimi yenə sağ–salamat qayıdacaq  Ülvisi...

Ananın simasına baxanda deyəcək söz tapa bilmirəm, sadəcə ürəyimdə  şairin bu misralarını pıçıldayıram qəhrəman anaya...          

Qoy gözünün yaşını silim,

Bir daha ağlama, şəhid anası.

Tökmə yanağına göz yaşlarını,

Qəlbimi dağlama, şəhid anası.

Ülvi döyüşlərdə olan zaman atası ilə telefon danışığında atasına zarafatla “Möhsün əmi, heç vaxt başını aşağı etməyəcəm, həmişə başını dik tut” demişdi. Oğlunun bu sözlərini hər zaman qürurla xatırlayır Möhsün Hüseynov. Ülvi onun verdiyi tərbiyədən, ailədəki vətənpərvərlikdən   mənəvi qida almışdı. Qəhrəmanlıq bu ailənin əslində-kökündə var idi.   Ülvinin babası Əli Hüseynov 1941-1945-ci illər müharibəsinin, dayısı    Vüqar Həsənov Birinci Qarabağ müharibəsinin qəhrəmanları idilər.  Ülvi də onların yolunu getdi.

Orta məktəbdə oxuyanda hərbçi olmağını istəmirdi Möhsün dayı. Amma Ülvi 9-cu sinifi bitirəndən sonra ondan xəbərsiz gedib Heydər Əliyev adına Hərbi Liseyə imtahan vermişdi. Ata bundan sonra oğlunun qərarına qarşı çıxa bilməmişdi: “Uzun  illərin dəmiryolçusu olmuşam. Ülvi həmişə mənə deyirdi ki, “ata, biz o torpaqları alacağıq. Bir gün gələcək, yenə o yolları gedəcəksən, qatarla birbaşa Naxçıvandan Bakıya gələcəksən quru yolla”.  Arzum odur ki, yenə o yolları gedim, Zəngilan-Mincivan stansiyasında düşüm, o torpaqları qarış-qarış gəzim, dolanım”.

Onlar üç qardaş olmuşdular. Ülvi evin ortancılı idi. Hamıya yanan, hamıyla mehriban, kiçik qardaşı Hünərin təhsil almasında ən böyük pay sahibi də o olmuşdu, evin kiçiyi olduğuna görə ona bir ata qayğısı göstərirdi. 1995-ci ildə kənddəki tam orta məktəbə getdi, 2003-cü ildə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseyə daxil oldu. Belə başladı onun hərbçi həyatı. 2006-cı ildə liseyi bitirib Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirdi. 2010-cu ildə o məktəbi bitirib leytenant rütbəsinə yiyələndi. Tərtərdə N saylı hərbi hissədə xidmətə başladı, 2013-cü ildə baş leytenant rütbəsinə, Aprel döyüşlərindən sonra  kapitan rütbəsinə, Qarabağ döyüşlərində isə tabor komandiri vəzifəsinə   yüksəldi. Ülvi vətənə xidmət etdiyi 10 illik zaman kəsiyində vətənin ən ucqar, çətin relyefə malik ərazilərində oldu. Bircə gün də yaşadığı çətinlikləri dilə gətirmədi. İllərlə müharibəyə hazırlaşdı və arzusuna çatdı. Təkcə onu deyə bilərəm ki, belə oğulları olan atalar xoşbəxtdirlər.

“Aprel döyüşləri həyatımızın, döyüş yolumuzun ən qürurlu səhifələrindən biri idi. Bu döyüşlərdə iştirak etdiyimiz üçün çox qürurluyuq. Vətənimiz, xalqımız üçün döyüşdük. Silahdaşlarımızdan şəhid olanlar, qazilər oldu. Ancaq qələbə çaldıq. İnşallah, Ali Baş Komandanımızın ətrafında sıx birləşərək onun etimadını doğruldacaq, işğal olunmuş torpaqlarımızı azad edəcəyik. O gün çox yaxındadır.  Mənim üçün qürurverici, şərəfli hiss olar ki, şəxsi heyətim, bölmələrimizlə bir daha döyüşlərə atılaq, üçrəngli bayrağımızı Şuşada, Qarabağımızda dalğalandıraq, bütöv Azərbaycanı görək”-Aprel döyüşlərinin dördüncü ildönümündə bunları arzulamışdı Ülvi. O, bu döyüşlərdə də böyük şücaət göstərmişdi. Əslində hər şey o zamandan  başlamışdı. 2016-cı ilin dörd günlük Aprel döyüşlərindən...

 “Mənə və mənim bölüyümə verilən tapşırığı böyük müvəffəqiyyətlə yerinə yetirdik. İnşallah, bu cür tapşırıqları Şuşada, Qarabağda yerinə yetirib, üçrəngli bayrağımızı orda dalğalandıracağıq. Azərbaycan Respublikasına xidmət etdiyim üçün qürur duyuram”.  

Necə böyük  fəxrlə, qürurla, inamla demişdi Ülvi bu sözləri. O səs ox olub düşmənin bağrını yarmışdı. O vaxtdan qəzəbi, nifrəti köksünə sığmamışdı Ülvinin, düşmənlə yarım qalan işini bitirməli idi. Bu səbəbdən sentyabrın 27-si Vətən müharibəsi başlanan gün o, öz istəyi ilə öndə getmişdi. Vətən müharibəsi başlayanda Ülvi sadəcə kapitan rütbəsi daşıyan bir hərbçi deyildi, müharibənin od-alovundan çıxan bir döyüşçü, tabor komandiri idi. 4 il əvvəl Aprel döyüşlərindəki şücaətini Ülvi  Vətən müharibəsində də göstərdi.

Döyüş yoldaşı, qazi Murad Şirinov deyir ki, döyüşlər zamanı kapitan Hüseynov Ülvi öz şücaətini, mərdliyini, qayğıkeşliyini, komandirliyini göstərirdi. Oktyabrın 5-i Füzuli istiqamətində gedən döyüşlərdə düşmən bizi üç tərəfdən mühasirəyə almaq istədi, ancaq kapitan Ülvi Hüseynovun sayəsində bunu bacara bilmədi, şəhidlərimiz, yaralılarımız oldu, o döyüşlərdə mən də yaralandım.  O an ümidimiz göydə Allah, yerdə kapitan Hüseynov idi. O, məni və bir neçə yaralını, şəhid olmuş  hərbçi yoldaşlarımızı düşməndən ələ keçirdiyi zirehli texnikanın üzərində bir neçə saata arxa tibb təminatı bölmələrinə çatdırıb geri döndü. Noyabrın əvvəllərində onunla danışdım, dedi, “qardaşım, sən sağal, artıq Şuşadayıq, düşməni məhv etmişik, bir şey qalmayıb”. Noyabrın 7-si  dedilər ki, Ülvi şəhid olub. Həyatımı ona borcluyam. Elə oğullar hər zaman qəlbimizdə yaşayacaq.

“Biz torpaqlarımızı geri almalıyıq, 30 illik ləkəni üzərimizdən götürməliyik, alnıaçıq, üzüağ yaşamalıyıq” deyən Ülvi Qarabağın hər kəndində, şəhərində qəhrəmanlığı ilə bir iz saldı. İlk dəfə Füzulidən doğmalarını salamladı. Sonra Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Şuşada döyüşdü. Şuşaya çatan döyüş yoluna qədər göstərdiyi qəhrəmanlığa görə “Şücaətə görə” medalı ilə təltif edildi. Cəbrayılın Nüzgar kəndinin işğaldan azad edilməsində böyük xidmətləri oldu. 43 gün ərzində o, düşmənin 15 hərbi maşınını, bir neçə tankını hərbi qənimət kimi ələ keçirdi, xeyli sayda canlı qüvvəsini məhv etdi. Şəhid olmamışdan bir gün qabaq Şuşa ətrafında gedən döyüşlərdə bir gecədə 43 nəfər yaralını təkbaşına döyüş mövqeyindən çıxartdı. Bu gün həmin o 43 nəfər sağdır. Ancaq Ülvi bu həyatda yoxdur.  O, elə Şuşanın işğaldan azad olunmasına bir gün qalmış noyabrın 7-si şəhidlik məqamına ucalıb. Axı Şuşaya çatmaq Ülvinin ən böyük amalı, arzusu idi. Elə Ülvinin son rəsmi də şəhid olmamışdan bir gün qabaq Şuşada çəkilib.

Noyabrın 8-i isə cənab Ali Baş Komandan fəxri xiyabanda Şuşanın azad olunması müjdəsini verdi xalqına. Həmin gün Hüseynovlar ailəsinin də sevinci yerə-göyə sığmadı. Axı qələbədə bir doğmanın da payının olması başqa bir hissdir. Ülvidən  telefon zəngi gözlədilər, ancaq həmin gün saat 4 radələrində Ülvinin bu acı xəbəri gəldi ailəsinə. Qələbə sevinci və oğul itkisinin fəryadı bir-birinə qarışdı. Ülkər ana və Möhsün ata  qəhrəman oğullarının görüşünə getdilər. O gün minlərlə insan gəldi Ülvinin əbədiyyət yolçuluğuna. 90-cı illərdəki Sədərək döyüşlərində şəhid olan dayısı Vüqarın  da, minlərlə şəhidimizin də  qisasını aldı Ülvi. Ruhu Şuşada, cismi Bakının Fəxri xiyabanında qaldı. Ülvi Hüseynov  noyabrın 14-ü Bakıdakı Fəxri xiyabanda dəfn edildi. Heydər Əliyev adına Hərbi Liseyin məzunu olan Naxçıvanın daha bir igid oğlunun qəhrəmanlıq salnaməsi belə yazıldı Qarabağda. 3 yaşlı oğlu Nihada sözü vardı Ülvinin. Müharibədən sağ-salamat yanına qayıdacaq, Nihadın ondan istədiyi velosipedi alacaqdı. Lakin o, döyüşlərdə olan zaman sanki geri dönməyəcəyini hiss edir. Döyüş yoldaşı Elvin Rzayevə “Elvin, mənə bir şey olsa, oğluma velosiped alarsan” deyir. Nihada atasından istədiyi velosipedi Ülvinin döyüş yoldaşları alır. Lakin balaca Nihadın gözləri hələ də yoldadır. Hər gecə yatmazdan öncə atası üçün dua edir-“Allah baba, atamı qoru, ona yaxşı bax, onun üçün çox darıxıram. Atam gəlsə, ona sürprizlər edəcəm”.

Ülvi bir cəngavər idi, bu cəngavərlik onun cansız şəkillərindəki  baxışlarından da hiss olunur. Qəhrəmanlıq onun üzünə, boy-buxununa biçilmişdi.

Müharibə vaxtı çəkilən videoların birində  ona verilən “Rəis (dostları onu belə çağırırdı), sən hara gedirsən?” Sualına Ülvi fəxr və sevinclə “Qarabağa gedirik, Qarabağa! Naxçıvanla Qarabağı birləşdirməyə” deyir.

Bəli, Naxçıvanla Qarabağın birləşməyinə çox az qalır. Bu yolun cığırlarını açan isə Ülvi kimi oğullar oldu. Qələbədən sonra keçirilən “Zəfər paradı”nda Ülvinin də düşməndən qənimət götürdüyü hərbi    texnikalar nümayiş olundu.

Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın Şanlı Zəfərimizin ildönümünə həsr etdiyi və bu günlərdə işıq üzü görən “Qarabağ dastanı” kitabında 2908 şəhidimizin hər birinin adına bir bayatı var. Kapitan Ülvi Hüseynovun adına isə belə yazılıb...

 Əzizim, arzum Ülvi,

 Diləyim, arzum ülvi.

 Qarabağ diləyimi

 Çin etdi şəhid Ülvi.

Ən ülvi sevgidir vətən sevgisi, bəzən adın da o sevgidən xəbər verər.  Bu gün vətən sevgisi ülvi bir hissi olan kapitan Ülvi Hüseynovun o uca məqama ucaldığı gündür. Sabah, noyabrın 8-i isə biz qələbəmizin bir ilini qeyd edəcəyik. Qələbə... nə gözəl səslənir bu söz. Onu bizə Ülvi kimi oğullar yaşatdı. Təkcə bir ilini yox, hələ biz bu qələbənin çox onilliklərini, yüzilliklərini qeyd edəcəyik. Qəhrəman oğullarımızın adı və  şücaəti isə nəsillərdən nəsillərə, əsrlərdən əsrlərə keçəcək.

 Türkanə Əmoyeva

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: