Mən vətən sevgisini ilk nənəmdən öyrənmişəm...3 yaşım var idi, Səməd Vurğunun “Azərbaycan” şeirini nənəm cümlə-cümlə deyərək öyrətmişdi mənə. Vətən və Ana kəlmələrinin müqəddəsliyini, bu sevgilərin heç nə ilə əvəz olunmayacağını ilk dəfə özümü dərk edəndən nənəm aşılayırdı.
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
misralarını vətən eşqiylə dolub-daşan körpə qəlbimə yeridirdi. Mənə “mütləq oxu, savadlı qızım ol” deyirdi...
Bəli, Azərbaycanı da bu gün vətənpərvər, savadlı, ziyalı insanlar qorudu, yenidən var etdi...
Uşaqlığımdan çox şey xatırlaya bilmirəm, amma bəzi nüansları əsla unutmaram. 5 yaşında olduğum zamanlarda elektriklər iki saat fasilə ilə yanırdı. Lampa işıqlı bir axşam "Fatihə" surəsini də eyni qaydada nənəm öyrətdi mənə... "Çətinlik çəkəndə bu surəni oxu, yadında saxla, həm də peyğəmbərlərimiz, onlara yoldaş olan şəhidlərimiz üçün oxu! Arxasınca isə oxuduğun dualar bu lampa işığının qaranlıq otağı aydınlatdığı kimi bütün dünyanı aydınladacaq" deyərdi.
Ailəmdə aşılanan vətən sevgisi oxuduğum məktəbdə və təhsil aldığım universitetdə daha kamil şəklini alıb. Təhsil aldığım Dırnıs kənd tam orta məktəbində vətənpərvərlik hissləri ən yüksək səviyyədə şagirdlərə aşılanırdı. Bizə yol göstərən onlarla müəllimim oldu. Oxuduğum məktəbin 6 şagirdi Dırnıs Şəhidlər xiyabanında uyuyan, 1918-ci ildə erməni soyqırımları zamanı Azərbaycana köməyə gələn qardaş Türkiyə ordusunun komutanı Həsən Bəşir Əli oğlu ilə bir yerdə uyuyur. Onlardan 4-ü birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth ediblər. Bu kəndin neçə qəhrəman oğlu Qarabağ döyüşlərində iştirak edib qazi olub. Onlardan biri də mənim atam idi...
Qarabağ Azərbaycandır, Vətən sevgisidir, o nəsillərdən nəsillərə hədiyyə, əmanətdir. Bu müqəddəs sevgini qorumaq bizim ən ali məqsədimizdir. 27 il qəlbinə daş basıb bu sevginin, bu ərmağanın düşmən zəncirlərindən sülh yolu ilə azad olunmasını gözləyən xalqımı 10 noyabrda döyüş meydanında qanları ilə qələbə marşı çalan, şanlı bayrağımızı öz müzəffərliyi ilə Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı və Şuşada dalğalandıran Vətən oğulları sevindirdi. Onlar həm də bu zamana kimi Azərbaycan üçün can verən şəhidlərimizin ruhunu, öz sağlamlığını itirən qazilərimizin könlünü şad etdilər. Qarabağ torpağını, Cıdır düzünü, İsa bulağını, xarıbülbülü sevindirdilər. Şuşa bizim qürur mənbəyimiz, Xocalı bizim qeyrət yerimizdir. Düşməni müqəddəs yerlərimizdən Ali Baş Komandanımızın dediyi kimi "iti qovan kimi" qovdular. Şücaətləri ilə işğalçıları lərzəyə salıb ATƏT-in Minsk qrupunun 28 ildir sülh yolu ilə bacarmadığını bacarıb, BMT-nin icra olunmayan qətnamələrini icra etdilər, Kəlbəcəri, Ağdamı, Laçını sülh yolu ilə işğaldan azad etdilər. Qarabağı 44 günə canları, qanları, analarının, övladlarının, doğmalarının göz yaşları bahasına öz gerçək sahibinə qaytarıb, erməni işğalçılığına son qoydular. Minlərlə qəhrəman bu yolda öz şirin canını qurban verdi, bir çoxları isə öz sağlamlığını... Vətən üçün... Can Azərbaycan deyəndə Vətənin yaraları sızlamasın, yarımçıq qalmasın deyə öz həyatlarını yarımçıq qoymağa razı oldular, gələcək üçün olan bütün ümidlərini, arzularını yurdumuzun bütöv olmağı üçün fəda etdilər. Məncə, mənim xalqımın Vətən sevgisi genetikdir. Bizim damarlarımızda qanla bərabər bu sevgi axır, o qan ki, şəhidimiz can verəndə ulu torpağımıza düşüb onu bəsləyir, qoruyur, yaralarına məlhəm olub onu var edir...
Öz qanı ilə torpağını bəsləyən Vətənini bütöv edən əbədiyaşar igidlərimizdən, Dırnıs kəndinin Vətən müharibəsində iştirak edən 50-yə yaxın hərbi qulluqçusundan biri də Dırnıs kənd tam orta məktəbinin məzunlarından kapitan Nəcəfov Vüqar Aydın oğlu idi. Vüqar 1988-ci ildə Ordubad rayonunun Dırnıs kəndində anadan olub. Ailədə 2 bacı bir qardaş olublar. Ailəli idi. 2 övladı ondan Vətənə əmanət qaldı... 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. İkinci Qarabağ müharibəsi başladığı andan döyüş bölgəsində olub, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 2 oktyabr döyüşləri zamanı kapitan Vüqar Nəcəfov yaralı əsgərlərini düşmənin atəş nöqtələri altından çıxarmaq istəyərkən artilleriya atəşinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmişdir. Vətən sevgisi ailədən, məktəbdən, universitetdən, var olduğun cəmiyyətdən görüb götürdüyün dəyərdir. Ailəsində, oxuduğu məktəbdə, hərbi liseydə, akademiyada hər zaman vətənpərvər duyğularla əhatə olunan Vüqarın rəşadətli, vüqarlı həyat yolu Qarabağla başladı, Qarabağla bitdi... Şəhidlər ölmür, onlar hər zaman yaşayacaqlar... Vüqar da hər daim qəhrəman komandir olaraq yaddaşlarda qalacaq, övladlarının xatirəsində sızlayan acı, qürur dolu hisslərlə var olacaq...
Şəhadətindən sonra cənab Prezident tərəfindən Vətən uğrunda, Xocavənd, Füzuli, Cəbrayıl uğrunda medallarına layiq görülüb...
Bakalavr təhsilimi aldığım, hal-hazırda magistratura pilləsində təhsilimə davam etdiyim Naxçıvan Dövlət Universitetində də 6 il ərzində vətən, dövlət, xalq sevgisi duydum mən. Bunun səbəbidir ki, Vətən müharibəmiz başlayan zaman tələbələr cəbhəyə yollanmaq üçün könüllü müraciət edərək cəbhəyə getmək, düşməni məhv etməyə hazır olduqlarını deyirdilər. Universitetimizin bir çox tələbələri qazi oldu, 3 tələbəsi isə şəhidlik məqamına ucaldı...
Onlardan Yüksəl Əlizadə 1996-cı ilin iyunun 5-də İlqar Əliyevin ailəsində dünyaya göz açıb. Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi olan Yüksəl 2017-ci ildən Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis vəzifəsində çalışıbdır. 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək orduya yazılıb, sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə yollanıb. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq qəhrəmancasına şəhid olub.
Şəhid tələbələrimizdən Kərimli Orxan Akif oğlu 6 oktyabr 2001-ci ildə Göyçay rayonunda anadan olub. 2018-ci ildə Göyçay rayon 7 nömrəli tam orta məktəbini bitirib və həmin ildə 512 balla Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasının qiyabi şöbəsinə qəbul olub. 2019-cu il oktyabrın 9-da isə hərbi xidmətə yollanıb. Orxan Qarabağ uğrunda geden döyüşlərdə qəhrəmancasına şəhid olub. Universitetdə təhsil aldığı illər ərzində hər zaman nümunəvi davranışı, vətənpərvərliyi və intellekti ilə fərqlənən Orxan Göyçay rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
Naxçıvan Dövlət Universitetinin 3-cü şəhid tələbəsi isə Osmanlı Teymur Saday oğludur. Osmanlı Teymur 1995-ci il mayın 31-də İsmayıllı rayon Cülyan kəndində anadan olub. Orta təhsilini İsmayıllı rayon 1 saylı tam orta məktəbində aldıqdan sonra ali təhsilini Azərbaycan Dillər Universitetinin fransız dili-tərcüməçilik bölməsində davam etdirib. Hərbi səfərbərliyə yollanmazdan əvvəl həm çalışır, həm də Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasında ikinci təhsilini davam etdirirdi. Zəfər müharibəsinə könüllü gedən Teymur oktyabr ayının 3-də Vətən müharibəsinin Suqovuşan cəbhəsində qəhrəmancasına şəhid olub.
"Mən səngər generalı yetişdirmişəm" deyən milli qəhrəmanımız, general-mayor Polad Həşimovun anasının sözləri Vətənimizə kəm baxanların gözlərinə ox olub batdı...
Adı tariximizdə, haqq savaşımızın ilk səhifəsində öz qanı ilə həkk olunmuş general...
Bütün könüllərdə əvəz olunmayacaq sevgi sahibi...
Əsgərini övladı hesab edən bir komutan...
Qarabağa gedən yolu şəhadətinin mübarək nuru ilə aydınladan qəhrəman...
Sizi heç bir zaman tanımasam da, mənə çox doğma, çox əzizsiniz...
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov! Vətən müharibəsi iştirakçısı, xala oğlum, kapitan Mirbağır Yusifli ilə Səmayə nənənin görüşündə, Fəxri xiyabanda generalımızın ziyarətindəki hisslərimi izah etməyə cümlələr kifayət etməz. Onun haqqında nə desək, nə yazsaq, mübarizliyini, qəhrəmanlığını ifadə etməyə yetməyəcək... Əlimizdən gələn yalnız onların əziz xatirəsini uca tutmaqdır, bir ömür ona və onun əsgərlərinə minnətdarıq, borcluyuq...
Xalqımızın mübarizliyi, Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuzun rəşadəti Vətənimizi hər zaman var edəcək... Qarabağ üçün minlərlə şəhidimiz, qazimiz oldu, amma yaralarımız sızladıqca daha da gücləndik, dəmir yumruq olub düşmənin belini büküb onu kapitulyasiya aktı imzalamağa məcbur etdik. Bundan sonra da hər zaman düşməni məhv etməyə hazır olub, bu zəfəri bizə bəxş edən şəhidlərimizin əziz xatirəsini uca tutacağıq!
Vətən sevgisinin, şəhidləri xatırlamağın, onlardan danışmağın saatı, günü, yeri olmur... Onlar bizim hər zaman qəlbimizdədir. Şəhidlərimizin uca ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa, can sağlığı diləyirik. Zəfəriniz ən dəyərli əmanətimizdir!
Təbrizə Bağırova
Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə
II kurs magistr Universitet TEC sədri