Şuşada hər şeyin nəzarət altında olduğunu bütün varlığımla hiss etdim

Koroğlunun dəliləri – Azərbaycanın igid oğulları uzun fasilədən sonra yenə də Çənlibeldə – Şuşada toplaşıb

A- A A+

Mən cənnətlə cəhənnəm arasındakı o məşhur səddi, “Qurani-Kərim”də də adı çəkilən “Araf”ı bu dünyada – Şuşaya gedərkən gördüm. Mikroavtobusumuz Füzuli rayonunun vaxtilə işğal altında olan, ötən il oktyabrın 17-də isə Müzəffər Ordumuz tərəfindən azad edilən hissəsinə daxil olanda gördüyüm mənzərə məndə elə bir hiss yaratdı ki, sanki birdən-birə cənnətdən cəhənnəmə düşdüm. Füzulinin nəzarətimizdə olan hissəsində ümumən respublikamızda müşahidə etdiyimiz böyük inkişafı görmək çətin deyildi. Kəndlərdəki səliqə-sahman, müasir binalar, istehsal müəssisələri, geniş və rahat yollar, yaşıllıq, göz işlədikcə uzanan və bir qarışı belə boş qalmayan əkin sahələri burada həyatın olduğunu, burada insan yaşadığını göstərirdi. Ancaq bu fikirləri Füzulinin vaxtilə Ermənistanın nəzarətində olan, ötən il azad olunan hissəsi haqqında demək mümkün deyildi. Ötən 30 ildə yurdumuzun bu əziz parçası vandal ermənilər tərəfindən elə bir hala salınıb ki, bu yerlərin bərəkətli, vaxtilə ölkənin taxıla olan ehtiyacının xeyli hissəsini ödəyən Füzuli torpağı olduğuna insanın inanmağı gəlmir. Elə bil burada Göygöz Kosanın sehrli çubuğu ilə, sözün həqiqi mənasında, cəhənnəmə çevrilib. Bomboz çöllər, qurumuş ağaclar, məhv olmuş üzüm bağları, uçulmuş evlərin məhzun görkəmi insanı dəhşətə gətirir. Bu mənzərələr fonunda ermənilərin necə vəhşi, vandal bir millət olduğunu sübut etməyə belə ehtiyac qalmır. Milliyyətindən, dinindən asılı olmayaraq, burada olan hər bir kəs ermənilərə öz qiymətini verə bilər. Bu cənnət məkanı cəhənnəmə çevirən, adının millətlər, xalqlar sırasında çəkilməsi belə qəbahət olan bu varlıqların bəşəriyyətə və insanlığa bir ləkə olduğunu Füzulidə olarkən bir daha yəqinləşdirdim...

***

Yolumuza davam edirik... Bir müddət sonra təbiətin ermənilərin bu eyiblərini örtməyə çalışdığı bölgəyə – Hadruta çatırıq. Göz işlədikcə uzanan meşəliklər burada erməni vandalizminin izlərini qismən gizlədib. Burada sanki Xeyir Şəri üstələyib, daha doğrusu, ermənilər Hadrutda təbiətə güc gələ bilməyiblər. Düzdür, burada da yamyaşıl ağacların arxasında “gizlənən” xarabalıqlar var, burada da evlər uçurulub, yollar dağıdılıb. Ancaq ermənilərin təbiəti tamamilə məhv etməyə gücləri çatmayıb. Burada uca və yaşıl ağaclar bu gün də Günəşə doğru boylanır və bizi Şuşaya aparan Zəfər yoluna kölgə salır.

Zəfər yolu ilə, bu yaşıllıqlar arasından üzüyuxarı qalxdıqca düşünürəm ki, bu torpaqlar ötən dövrdə işğal altında qalmasaydı, indi burada tamamilə başqa bir mənzərəni seyr edirdik. Naxçıvanda, Qubada, Qusarda və digər bölgələrimizdə yaradılan müasir infrastrukturu burada da yaratmaq qüdrətli dövlətimizin əlində necə çətin bir iş idi ki?! Bir az əvvəl yol üstündə bizi salamlayan və öz möhtəşəmliyi ilə diqqəti cəlb edən Füzuli Beynəlxalq Hava Limanını bir neçə aya ərsəyə gətirən müstəqil dövlətimiz, işğal faktı olmasaydı, indi Hadrutu çoxdan turizm mərkəzinə çevirmişdi. Ancaq o gün də uzaqda deyil. Yəqin ki, Şuşaya növbəti səfərimiz zamanı Hadrutu da bir başqa büsatda görəcəyik.

***

Mən Şuşada nəinki olmamışdım, heç onu kənardan da görməmişdim. Düzdür, Şuşa qalası, Cıdır düzü, Vaqifin məqbərəsi, Bülbülün ev muzeyi, Natəvan bulağı, onun məscidləri, qədim küçələri haqqında çox oxumuş və bir çox sənədli filmə baxmışdım. Ancaq Şuşanı nə kənardan görmüş, nə də ki, şəklinə baxmışdım. Ancaq Qarabağ haqqında, Şuşa haqqında oxuduğum romanların, məqalələrin məndə yaratdığı təəssürat bu idi ki, Şuşa Koroğlunun Çənlibeli kimi bir yerdir – başı daim dumanlı, əzəmətli, əlçatmaz, ünyetməz bir yer... Sən demə fikirlərimdə, düşüncələrimdə heç də yanılmamışam...

Budur, mikroavtobusun pəncərəsindən, nəhayət ki, o möhtəşəmliyi görə bildik. Bu, həqiqətən də odur... Mənim uzun illər təsəvvürümdə canlandırdığım, tez-tez xəyalən səfər etdiyim Şuşamdır... Uşaqlıq illərimdə dəfələrlə oxuduğum “Koroğlu” dastanından yaddaşımda qalan Çənlibeldir ki, qarşımda durub... Görmədən, bilmədən uzun illərdir xəyalımda canlandırdığım Şuşa, həqiqətən də, oxuduğum “Koroğlu” dastanının üz qabığında da təsvir olunan Çənlibellə eyni görkəmdə, eyni əzəmətdə imiş...

***

Bu gün Koroğlunun dəliləri – Azərbaycanın igid oğulları uzun fasilədən sonra yenə də Çənlibeldə – Şuşada toplaşıb. Qəhrəman oğullarımız Şuşada möhkəm dayanıb. Daha Keçəl Həmzənin – ikiüzlü, qorxaq, satqın ermənilərin buraya yaxınlaşmasına imkan yoxdur.

Hər şey nəzarət altındadır. Mən bunu Şuşada bütün varlığımla hiss etdim. Düşmənlə üz-üzə olsaq da, heç bir qorxu hissi yaşamadım Şuşada... Avqustun son günlərini yaşasaq da, damı uçmuş evlərin həyətləri yamyaşıl idi, buludlardan nəm çəkmişdi sanki... Ağaclar da barlı idi. Biz qorxmadan, çəkinmədən o həyətlərə girib o nemətlərin dadına baxırdıq... Ən çox başına yığışdığımız isə illərdir əl dəyməyən böyürtkən kolları idi. Həyətlərdə mina təhlükəsinin olacağını belə ağlımızdan keçirmirdik. Bu güvəni, bu etibarı bizdə Müzəffər Azərbaycan Ordusu yaratmışdı...

***

Həyətlərin birinə daxil olanda bir hönkürtü səsi eşitdik. Bir qadın evin pilləkənində oturub için-için ağlayır, iki kişi isə onu sakitləşdirməyə çalışırdı. Yaxınlaşanda məlum oldu ki, ağlayan qadın ev sahibi, onu sakitləşdirməyə çalışanlar isə onun qardaşlarıdır. Qadın biz həyətə daxil olandan sonra bir az sakitləşdi:

– Bu bizim evimizdir, – dedi, – biz burada necə gözəl günlər yaşamışıq, toy-nişan eləmişik. Uçulub-dağılsa da, bu evin hər daşı, hər küncü mənə tanışdır, doğmadır. Bu evlə bağlı elə şirin xatirələrimiz var ki... Saymaqla bitməz. 30 ildir həsrət qalmışdım bu həyətə, bu evə, bu divarlara. Lənətə gəlsin erməniləri, gör nə hala qoyublar evimizi...

Sonra qalxıb bizi evə dəvət edir, yenə qəhər boğur şuşalı bacımızı:

– Bu evdə necə insanlar qonaq olub, necə məclislər qurulub. Bütün düzənimizi pozdu erməni vandalları... İndi sizin qarşınıza bu cür çıxmaq mənə əzab verir, sizi bu cür qarşılamaq mənim üçün çox çətindir. Heç olmasa, buyurun, gavalımıza qonaq olun!

Əlini atıb evin düz qarşısında olan, meyvələri budağı sındıran gavalı ağacından yetkin meyvələri tez-tez qoparıb bizə uzadır. Qəhər boğazımızı tutsa da, hörmətlə alır, dadına baxırıq. Bu, şuşalı bacımızın 30 il sonra öz doğma evində verdiyi ilk “qonaqlıq”, biz isə onun ilk qonaqları idik. Bu, bizim üçün böyük şərəf idi...

***

Bəli, vaxtilə Şuşa üçün ağlayanlar bu gün Şuşada ağlayırdılar. Bu, sevinc göz yaşları idi, həsrətin vüsala döndüyü dəqiqələrin bizə bəxş etdiyi böyük xoşbəxtlik idi... Vüsal dedim, yadıma Vüsal Nuru düşdü. Şuşadakı “Xarıbülbül” otelində 3 gün yoldaş olduğum dəyərli qələm dostumuz, “Azərbaycan” jurnalının məsul katibi...

Şuşada ilk günümüz idi. Vüsalla şəhərin əsas yerlərini qarış-qarış gəzdik. Biz Şuşada gəzməkdən doymurduq... Hər küçəni, hər məhəlləni, hər evi, hətta hər qapını belə yaddaşımıza yazmağa çalışırdıq. Mən bir az sevinc, bir az həyəcan, bir az da qürurla Şuşanın ecazkar gözəlliklərindən danışır, hər gördüyüm haqqında danışmaq, fikir yürütmək istəyirdim. Vüsal isə düşüncəli halda susurdu... Mənə elə gəlirdi ki, o, ağlamaq istəyir, ancaq məndən utanır...

Biz otağa qayıdanda artıq gecə idi. Həddindən artıq yorğun olmağımıza baxmayaraq Vüsalla bir neçə saat da eyvandan gözəl Şuşa axşamını seyr etdik. Nə qədər yatmamağa çalışsam da, yorğunluğun gətirdiyi yuxu məni üstələdi.

Gecənin bir yarısı hıçqırıq səslərinə oyandım. Vüsal hələ də eyvanda idi və için-için ağlayırdı. Mən ömrümdə ilk dəfə idi ki, monoloqu səhnədə yox, gerçək həyatda izləyirdim:

– Ata, sən doğma el-obanı – Ağdamı tərk edəndə mənim indi olduğum yaşda imişsən. Mən o vaxt uşaq olmuşam. Sənin o vaxt nələr çəkdiyini indi başa düşürəm... Hər yay bizi buralara gətirərdin. Gəzərdik. Amma bu gözəlliyin fərqinə varmazdıq. Ağlımız kəsməzdi. Sən elə bil hər şeyi o vaxt yaddaşımıza yazmaq istəyirdin. İndi görürəm ki, yazılıbmış. Hər yer doğmadı. Hər ev, hər küçə yadıma düşür. Natəvan bulağının qarşısında şəkil çəkdirmişdik. İndi sənin yaşında bura qayıtmışam. İndi başa düşürəm, Şuşa nədir...

Mən də onu yaxşı başa düşür, yaşadığı hissləri yaxşı anlayırdım... Ona görə də o gecə onun monoloqunu yarıda kəsməmək üçün susaraq yerimdəcə ona xeyli qulaq asdım. Bu gördüyüm qalib bir ölkənin sevincdən, xoşbəxtlikdən ağlayan vətəndaş obrazı, onun söylədiyi sözlər isə xalqımızın zəfər monoloqu idi...

***

Şuşada uşaq görməkdən gözəl nə ola bilər?! Sözsüz ki, heç nə... Uşaq həyat deməkdir, uşaq gələcək deməkdir. Şuşada məktəb olmadığından, ailələr buraya hələ tam yerləşə bilməyiblər. Ancaq məktəblər yay tətilində olduğundan Şuşada işləyən və xidmət göstərən insanların ailələri də buraya köçüblər. Ona görə də bəzi həyətlərdə, əsas küçələrdə ara-sıra uşaqlara da rast gəlirsən. Hamısı da həyat dolu, vətənpərvər, qorxmaz... Zarafatla:

– Ermənilərdən qorxmursunuz ki?, – deyə soruşuruq. Cavabları qətidir:

– Xeyr! Qəti! Heç vaxt!

Onların qətiyyətinə heyran qalıram... Onların cəsarətinə, onların gücünə inanıram. Qarabağı, Şuşanı bu torpaqlar işğal olunan zaman uşaq olan və ya hələ doğulmayan bugünkü gənclik xilas etdi. Onların əksəriyyəti bu torpaqları görməmişdi, burada bir gün də olsun, yaşamamışdı. Ancaq vətənpərvərlik, yurd sevgisi, torpağa bağlılıq kimi elə hisslər, elə duyğular vardır ki, həmin hisslər, həmin duyğular qanla nəsildən-nəslə ötürülür. Bu hisslər, bu duyğular hər günü bir qəhrəmanlıq salnaməsi olan Vətən müharibəsini, bu şərəfli günləri görən, bu müqəddəs torpaqlarda olmaq sədaqətini yaşayan bu uşaqlarda daha güclü olacaq. Bu gün də Azərbaycanda bu cür qeyrətli, cəsarətli, qorxmaz uşaqlar, vətənpərvər gənclik yetişirsə, deməli torpaqlarımıza bir daha düşmən ayağı dəyməyəcəkdir.

 

Qafar Qərib

“Nuh yurdu” qəzetinin redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: